Fərəcullayevə futbolun inkişafı lazımdır? - Bir "zəfərin" gözləntisində

Futbol üzrə milli komandamız 2 həftə sonra 2026-cı ildə ilk oyununu keçiricək.
Rəqib sarıdan bəxtimiz gətirib.
Sent Lüsiya son 7 oyunda 6 dəfə yarıhəvəskar komandalara uduzub və demək olar ki, bütün matçlarda böyük hesabla:
Sen-Martinə 0:4, Qranadaya 0:4, Kürasaoya 4:1 və 4:0, Kubaya 3:0, Sent Vinsent və Qrenadalara 3:1.
Təkcə bu nəticələr millimizin tarixində ən böyük qələbə qazanmaq ehtimalından xəbər verir. İndiyəcən ən fərqli qalibiyyətləri Lixteynşteyn 4:0 və San Marino 5:1 ilə qarşılaşmalarda əldə etmişik.
Ən böyük məğlubiyyətimizi isə Fransadan almışıq - 0:10... İndi qarşımızda Fransaya uduzduğumuzdan daha böyük fərqlə uda biləcəyimiz bir rəqib olacaq.
Sent Lüsiyanın ərazisi Gədəbəy rayonunun ərazisindən 2 dəfə kiçik - 616 kvadrat kilometrdir.
Dünyanın ən kiçik 18-ci ölkəsinin əhalisi (162.000 nəfər) Masallı, Cəlilabad, Şəmkir, Sabirabad, Tovuz, Xaçmaz və başqa rayonlarımızdan azdır.
AFFA-nın Cahangir Fərəcullayevdən əvvəlki "patronu" Elxan Məmmədovun statistikasına görə hələ illər öncə Azərbaycanda futbolla məşğul olanların sayı Sent Lüsiyanın əhalisindən daha çox idi.
Ayxan Abbasov üçün adını futbol tariximizə yazdırmaq üçün yaxşı imkandı. Ən pis halda Fərəcullayev AFFA-ya baş katib təyin olunandan sonra nəhayət milli komandamızın ilk qələbəsinə sevinəcək.
Amma inkişafı düşünsək, martın 27-si Sumqayıtda tam fərqli bir heyət də meydana buraxıla bilər.
Hansı xidmətlərinə görə bu cür önəmli posta gətirildiyi bilinməyən baş katibin başı kağız üzərində kif bağlayan inkişaf strategiyasına qarışsaydı, bu cür mənasız yoldaşlıq görüşündə nəticəyə zərrə qədər önəm verilməzdi, gələn il həm də Azərbaycanda keçiriləcək U20 dünya çempionatında oynayacaq gəncləri meydanda görərdik.
Ümumiyyətlə, millidə gəncləşməyə ehtiyac var. Ölkənin ən istedadlı gənclərinin təcrübə qazanması üçün bir də Sent Lüsiya, son 13 oyunu uduzan Lixteynşteyn, 2 ildir qələbəyə həsrət qalan Litva kimi rəqibləri nə vaxt tapacağıq?!
Strategiyanı düşünən rəhbər əlbəttə bu matçlarda gənclərə şans verər, gələcəyin heyətini qurar.
Amma təbii ki, Ayxan Abbasovdan bu əhəmiyyətsiz görüşlərdə nə yaxşı oyun, nə gələcəyin heyətinin formalaşdırılması, nə də perspektivə hesablanan hər hansı ağlabatan addımlar atılması istənməyəcək. Tam əksinə, maksimal nəticə tələb olunacaq və yaşına-başına baxmadan hazırda ən güclü saydığı futbolçuları dəvət etməsi tapşırılacaq...
O zaman sual yaranacaq ki, Cahangir Fərəcullayevə futbolun inkişafı lazımdır, yoxsa, AFFA-dakı "uğurlu fəaliyyətini"nin ömrünü uzatmaq?!
"Sportlife" "Fərəcullayevin 1 ili: Sıfırdan mənfiyə" məraləsində yazır:
- Bu gün Cahangir Fərəcullayevin AFFA-da 1 ili tamam olur. Arxada qalan 12 ay ərzində müşahidə etdik ki, Fərəcullayev də ciddi bir işlə məşğul olmadı. Ciddi işlər görməsə də, ciddi məbləğdə əmək haqqı aldı. Baş katibin illik qazancı 100 min manatdan yuxarıdır. Əmək sərf ediləndə alınan haqq halal olur. Əksi qalıb hərənin öz insafına...
Yazılanlar subyektiv fikir deyil, faktlardır. 1 il ərzində nə iş görüb Fərəcullayev? Hansı dəyişikliklərə imza atıb? Görəsən, özü bu haqda nə düşünür? Ümumiyyətlə düşünürmü?
365 gün nəyisə dəyişə bilmək üçün kifayət qədər uzun müddətdir. Bu zaman kəsiyində heç bir pozitiv tendensiya görünmürsə, deməli problem başdadır. Katibliyin başında!
Fərəcullayev hər şeyə sıfırdan başlamaq vədi ilə bəzilərini inandırmışdı. Nəticə? Sıfırdan mənfiyə...
Həmkarımız Mirələm Həsənlinin yazısından anlaşılır ki, federasiyadakı fəaliyyəti dövründə faydalı iş əmsalı sıfırın altında olan baş katibin AFFA-da illik rəsmi qazancı 100 min manatdan artıqdır.
O zaman bu suala özünüz cavab verin: Cahangir Fərəcullayevə Azərbaycan futbolunun gələcəyi, inkişafı lazımdır, yoxsa, bu cür qazanclı işdə mümkün qədər çox davam gətirməsi, gözdən pərdə asmaq üçün Sent Lüsiya kimi həvəskarlar üzərində sonra böyük zəfər kimi təqdim ediləcək lazımsız qələbələr?!





























