“Məşqçilərin tez-tez dəyişməyi çarə deyil” - Ayxan Abbasov

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:
"Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Sərt bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Milli fasiləsinə qədər 1 oyunumuz qaldı. Yorulmuşuq. Amma istəməzdim fasilə olsun.
Bir klubun inkişafı pillə-pillə artmalıdır. Ötən mövsüm əsas oyunçularımızın çoxusunu itirdik. Yeni futbolçular gəldi. Onları da komandada saxlamaq çətin olacaq. Bu gün 90 faiz klub rəhbərləri yerli məşqçinin arxasında dayanmır. Biz nə vaxta kimi özümüzə qiymət verməyəcəyik, gördüyümüz işlər də nəticəsiz qalacaq. Təbii ki, xarici məşqçilər də lazımdır. Ümumiyyətlə, bir çox klub rəhbərləri komandadan getməlidir. Məşqçilərin tez-tez dəyişməyi çarə deyil. Bu gün yerli məşqçilər bir-birinə dəstək verməlidir”.





























