“9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 24-cü turu çərçivəsində doğma meydanda "Şamaxı"ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Fikrimcə, oyunçular sona qədər mübarizə apardılar. Bu gün digər məğlub olduğumuz matçlara baxanda daha yaxşı oynadıq. 9 oyundur qələbə qazana bilməməyimizin səbəbini bilmirəm. Avrokuboklar şansımız azaldığına görə bundan sonrakı oyunlarda akademiyamızın gənc oyunçularına da şans verəcəyik.
Strategiyanın klub rəhbərliyi tərəfindən verilməsi normal bir haldır. Nəticə olmadıqda, gənclərə şans verilməsinin tərəfdarıyam. Çempionata yaxşı başlamışdıq. Ancaq daha əvvəldən bilirdik ki, bizə bir müddət sonra yeni futbolçular lazım olacaq. Qış transferindən sonra da transfer məsələsi istədiyimiz kimi olmadı və nəticədə də belə məğlubiyyətlər almağa başladıq”.





























