“Komandamızda psixoloji problemlər var” – Sxadadze

“Qəbələ” bu gün Misli Premyer Liqasının 24-cü turunda “Neftçi”ni qəbul edib.
Sports.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı tamamilə bərabər oyun keçdiyini bildirib:
“Tamamilə bərabər oyun keçdi. Yaxşı başladıq, qol vurduq. Amma təəssüf ki, mənasız qollar buraxdıq. Top oyunçumuzun çiyninə dəydi, rəqib fərqləndi. Daha sonra cərimə meydançamızda əllə oyundan sonra penaltidən qol buraxdıq. “Neftçi” kimi komandaya qarşı belə səhvlər buraxmaq olmaz. Böyükhesablı məğlubiyyətdən sonra (“Sabah”la matçda – 1:7) yenidən uduzduq. Düşünürəm ki, komandamızda psixoloji problemlər var. Bunların üzərində işləməliyik. Oyunçular özlərinə inanmalıdır”.
Sxadadze, 23-cü turda “Sabah”a məğlubiyyətdən sonra (1:7) onun istefasını tələb edən azarkeşlər haqda da danışıb:
“Mən artıq neçə müddətdir ki, burada işləyirəm. Bundan əvvəl başqa komandalarda da olmuşam. Bundan da pis nəticələr olub. Heç bir yerdə azarkeşlər “istefa” şüarları səsləndirmirlər. Onlar bilməlidir ki, belə hallar oyunçulara, texniki heyətə mənfi təsir göstərir. Avropada ümumiyyətlə, belə halla rastlaşmamışam. Orada əksinə, azarkeşlər sona kimi komandanın yanında olur, dəstəkləyir. Mən baxdım, həmin şüarları səsləndirənlərin əksəriyyəti 13-14 yaşında uşaqlar idi”.





























