Qəhvəxana

- Rəşid, bax gör gələcəkdə futbol var?
- Kimə lazımdı futbol?
- Eh, sən azarkeş deyilsən...
"Simpsonlar" serialındakı kimi "Sehrli Xalat" filmində də gələcəklə bağlı xeyli doğru öncəgörmələr var.
Filmdəki "Gələcəyin kitabları"nı smartfonlara, planşetlərə bənzədə bilərik.
1964-cü ildə çəkilən filmdə Azərbaycan futbolu ilə bağlı da özünün doğruldan proqnozlar var. Məsələn, elə "kimə lazımdır futbol?" sualı və bu sualın cavabı.
...Son dövrlər Ağ Şəhərdəki ictimai iaşə obyektlərinin sayı xeyli artıb.
Qəhvəsevərlərin də Ağ Şəhərdə darıxmaması üçün hər cür şərait yaradılıb.
Ordakı qəhvəxanalara AFFA-nın baş katibi Cahangir Fərəcullayev də baş çəkir.
O, rəsmi və qeyri-rəsmi məsləhətçiləri ilə görüşür, qəhvə içir.
Saçı AFFA-ya gəlməzdən ağarsa da, indi də dərdli görünür. Bəlkə də, rəhbərliyin göstərdiyi etimadı doğrultmamasına görə...
Saçlarını mərc oyunları sahəsində ağartmış, hələ 2019-2020-ci illərdə "Topaz"ın baş direktoru olmuş, 2021-2025-ci illərdə "Azerlotereya"da baş direktorun müşaviri kimi çalışmış Cahangir bəyin "Topaz dövrü" haqda Sportlife saytında getmiş "AFFA baş katibinin keçmişi “qumar kralı” ilə kəsişir? - Şok İDDİA!"
yazısına diqqət edək:
- Ölkədə “qumar kralı” kimi tanınan və qanunsuz qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən "Şəkili Yusif" ləqəbli Yusif Baqiyev haqqında redaksiyamıza ilginc məlumat daxil olub.
Sportlife.az-a verilən xəbərə görə, Baqiyev uzun illər qanunsuz mərc oyunlarının yüksək əmsallarla qəbul edilməsi və təşkilinə də başçılıq edib. Verilən məlumatda ən maraqlı məqam odur ki, bütün bunların qanuni "Topaz" məntəqələrində baş verdiyi qeyd olunur. Belə ki, "Topaz" məntəqələrinə mərc etməyə gələn şəxslər öz "variantlar"ını daha yüksək əmsallarla məntəqədəki şəxslərə təqdim edir və daha yüksək qazanc əldə edirmişlər.
Böyük ehtimal ki, bu proseslərin gedişatından "Topaz" rəhbərliyinin xəbəri olub və məsələlər razılaşdırılıb.
Maraqlıdır ki, 2019-2020-ci illərdə "Topaz" ticarət nişanının aid olduğu “Caspiantech” şirkətinin baş direktoru hazırda AFFA-nın baş katibi olan Cahangir Fərəcullayev olub. Onun rəhbərlik etdiyi dövrdə “Topaz” məntəqələrində qeyri-qanuni mərc oyunlarının geniş yayıldığı, yüksək əmsallarla qeyri-rəsmi mərc qəbul edən şəxslərin sərbəst şəkildə fəaliyyət göstərdiyi və bu sxemin “Topaz” məntəqələri daxilində gizli şəkildə koordinasiya edildiyi iddia olunur.
AFFA-nın baş katibi kimi yüksək vəzifədə olan Cahangir Fərəcullayevin keçmişdə bu cür proseslərdə iştirak etməsi ehtimalı isə futbol və idman dünyasında şəffaflıq məsələsini də gündəmə gətirir. Bütün bu məqamlar ictimaiyyətin diqqətini cəlb edən ciddi məsələlərdən biridir.
Bu, Cahangir Fərəcullayevin rəhbərliyi dövründə nəzarətin zəif olması, yaxud bilərəkdən bu proseslərə göz yumulması ehtimalını artırır. Belə olan halda AFFA-nın hazırkı baş katibinin bu qanunsuz sxemin tərkib hissəsi olub-olmadığı ilə bağlı suallar yaranır.
Əlavə olaraq, Cahangir Fərəcullayevin AFFA-da rəhbərliyə gəldikdən sonra Azərbaycan futbolunun durumu da ciddi müzakirə mövzusudur.
Bax belə. Sportlife bunu Cahangir bəy təyin olunanda yazırdı. Əgər doğrudursa, Fərəcullayev "Azərlotereya"da rəhbər posta necə gəlib?
"Azərlotoreya" və "Topaz" bir kənara, tam fərqli sahədən futbol federasiyasına baş katib təyin edilməsi heç bir məntiqə sığmasa da, ona yaxın adamlar AFFA-ya təyinatından öncə şəxsən mənə "Topaz Cahangir"in futbol haqda da anlayışı olduğunu deyirdi.
Daha sonra AFFA-nın hesabat konfransında yeni baş katib özü iddialı danışdı:
- Düzgün plan uğurlu işin yarısıdır. Hazırda konkret addımlar üzərində işlər gedir. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. Müasir futbolun idarəçiliyi qarşımıza yeni hədəflər, müasir standartlar qoyur. Yeni layihə qrupu yaradılacaq. Bu qrup AFFA-nın struktur departamentləri ilə sıx işləyəcək və cavabdehlik daşıyacaq. Bir sözlə, hər şeyə sıfırdan başlamalıyıq. İnanırıq ki, qəbul edilən strategiya ilə ölkə futbolu yaxşı nailiyyətlər əldə edəcək. İnkişaf Strategiyasını fəaliyyət planına çevirməliyik. Buna güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq. Çünki AFFA-da kadr çatışmazlığı var.
Amma çox keçmədən aydın oldu ki, bu gəlişi gözəl sözlər gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş.
Cahangir bəyin mərc oyunları və lotoreya sahəsindəki təcrübəsi futbolda fayda vermədi.
Onun gəlişindən sonra Azərbaycan futbolu irəli getmək əvəzinə geriləyir. "Qarabağ"ın Çempionlat Liqsdındakı uğurlarını xatırlatsaz, təbii ki, bunun Fərəcullayevə heç bir aidiyyatı yoxdur.
Ötən il milli komandanın sabiq futbolçusu da daxil olmaqla çempionatımızın oyunlarının nəticələrinin manipulyasiya edildiyi bilindi.
Azarkeşlər Azərbaycan futbolundakı nəticələrin şəffaflığına inammadığı üçün tribunalara gəlmir.
Cahangir bəy bir ildən çoxdur özünə normal komanda formalaşdıra bilmir. AFFA-dakıların 90 faizi yenə də Elxan Məmmədovun kadrlarıdı. Federasiya daxilində qruplaşmalar var. Baş katibi öz gətirdiyi kadrlar belə xarizmatik fiqur kimi qəbul etmir.
İnfrastruktur baxımından bu müddətdə heç bir ciddi iş görülməyib. Hətta Premyer Liqa oyunları futbol adına ləkə olan stadionlarda keçirilir.
"Regionlarda futbolun inkişafı adı ilə" "İmişli", "Karvan Yevlax" kimi çiy klubları süni mayalanma yolu ilə Premyer Liqaya gətiriblər.
Uşaqların hansı şəraitdə oynadığını, məşq etdiyini (oxu; şikəst olduğunu) FİFA-dan, UEFA-dan bilsələr, bəlkə də Azərbaycanda futbolu ləğv edərlər.
Uşaq futbolunun durumu get-gedə daha da pisləşir. "Qəbələ" kimi ölkənin aparıcı uşaq futbol akademiyası bu futbol mövsümümün əvvəlindən formal fəaliyyət göstərir...
Halbuki, AFFA-nın Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması qərarını verdiyi bildirilirdi.
Siyahını çox uzatmaq olar. Amma ehtiyac yoxdu. Onsuz da bilən bilir, görən görür...
Cahangir Fərəcullayevin də Azərbaycan futboluna gəlişi kimi, gedişi də "möhtəşəm" və gözlənilməz olacaq.
Hələlik, Sent Lüsiya, Oman, Syerra-Leone, Lixteynşteyn, Litva kimi dünya futbolunun "nəhəngləri" üzərində qələbələr qazanıb gözdən pərdə asmaq, bir il, para ili yola vermək mümkündür.
Çox təəssüf ki, zaman itkisini geri qaytarmaq olmur...
"Qəhvəxanalar dövrü" də Azərbaycan futbolunun inkişafından kəsilən illərlə tarixdə qalacaq.
"2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı"nı tarixə gömən Elxan Məmmədovun dövrü kimi...






























