Əfsanəvi hakim "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli epizod haqda

Premyer Liqanın son turunun "Kəpəz" - "Qarabağ" oyunundakı mübahisəli penalti epizodu ilə bağlı Ukrayna futbol hakimliyinin canlı əfsanəsi Miroslav Stupar fikirlərini bildirib.
Sports.az xəbər verir ki, sabiq FİFA referisi çempionluğun taleyinə təsir edə biləcək epizodla bağlı bunları söyləyib:
- Fikrimi öyrəndiyinizə şadam. Tofiq Bəhramovla yaxşı münasibətimiz olub. O vaxt hakimlərin çoxu Bakıya getməyə qorxurdu. Çox çətin olurdu. Publika həmişə "Neftçi"nin tərəfindəydi. Amma mən paytaxtınıza həmişə sevə-sevə gedirdim.
Epizoda gəlincə, 17 nömrəli oyunçunun (Kamilo Duran) aldadıcı fəndini 88 nömrəli futbolçu (Şakir Seyidov) "oxuya bilmədi" və Duran qeyri-təbii yıxıldı. Müdafiəçinin topa oynadığını müəyyənləşdirmək çətindi, böyük ehtimalla topa oynamadı.
Hakim üçün çox ağır və incə epizoddu. Referi həmin an optimal mövqedədi və hücumçu yıxılandan sonra jestlə göstərir ki, qayda pozuntusu yoxdu. Amma VAR onu epizoda təkrar baxmağa dəvət edir və hakim bundan sonra yenə də qərarını dəyişmir.
Epizoda təkrar təkrar baxıram və 88 nömrəli futbolçunun topa müdaxilə etməsinə əmin ola bilmirəm. Həmçinin hücumçunun ayağına dəyməsini də dəqiq görmək olmur. Amma daha çox ayağa müdaxiləyə oxşayır. Duran fintdən sonra koordinasiyanı itirir və bu elə qeyri-təbiidi ki, göründüyü qədərilə qayda pozuntusuz olmayıb. Duran qeyri-təbii yıxılır. Bu, simulyasiya deyil və buna görə də hakim reaksiya verə bilməz.
Heç bir kamera dəqiq göstərmir ki, müdafiəçinin topla və ya hücumçunun ayağı ilə kontaktı var, ya yox. Elə vəziyyətdi ki, 50-nin 50-yə deyə bilərik. Penalti təyin etmək üçün fərziyyələr yox, qayda pozuntusu faktı lazımdır.
Bu epizodda da telekameralardan alınan görüntülər bizə aşkar penalti olduğunu təqdim edə bilmir.
Buna görə də hakimin səhvə yol verdiyini iddia etmək ədalətli deyil.
Açığı, çox çətin məqamdı. Düzdü, hər 2 tərəf özünə sərf edən variantı deyəcək. Amma razılaşsalar da, razılaşmasalar da hakim belə qərar verib. Qapı arxası kamera olsaydı, daha yaxşı görüntü ala bilərdik.
Sonda qeyd edək ki, VAR görüntülərinin keyfiyyəti ilə bağlı narazılıq çempionatımızda bu sistemin tətbiq olunduğu ilk gündən başlayıb.
Keçən ilin fevralında AFFA-ya baş katib gətirilən Cahangir Fərəcullayev federasiyadakı işini yüksək səviyyədə yarıtdığı üçün ona çempionatın oyunlarında hakimlərə VAR görüntülərini təqdim edən "CBC Sport"da da rəhbər post həvalə olunub...
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkənin ali futbol qurumu olaraq, futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edib. Bu mənada əsas diqqət mərkəzində daim ölkə çempionatı dayanıb" - bu cümlələr isə AFFA-nın 1 ay əvvəl verdiyi bəyanatdan götürülüb.
Sənəd üzərində hər şey gözəldi. Futbolun İnkişaf Strategiyası kimi...
Amma bu mövsüm hakimlərlə bağlı heç vaxt olmadığı qədər narazılığın əsas səbəblərindən biri də VAR görüntüləri ilə bağlı problemdi.
Ümid edək ki, bu problem mövsümün həlledici qarşılaşmaları öncəsi həllini tapacaq.
Xatırladaq ki, tanınmış türkiyəli ekspert Ahmet Çakar "Kəpəz"-"Qarabağ" matçındakı mübahisəli epizodda hakimlər briqadasının səhv etdiyini və yüzdəyüz penaltı olduğunu bildirmişdi.
































