“Hesabın belə olacağını gözləmirdim”

Sent Lüsiya millisi bu gün FİFA Series-2026 çərçivəsində Azərbaycan yığması ilə qarşılaşıb.
Sports.az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən matçdan sonra Sent Lüsiya yığmasının baş məşqçisi Stern Conun mətbuat konfransı olub. Trinidadlı mütəxəssis 1:6 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Hesabın belə olacağını gözləmirdim. Rəqibin həm fiziki və taktiki cəhətdən bizə təzyiq göstərəcəyini gözləyirdik. Çoxlu səhvlər buraxdıq. Belə olan halda da rəqib fərqlənməlidir.
Bura gəlib yalnız bir oyun oynamaq təbii ki, məyusedicidir. Düzdür, Avropa komandasına qarşı çıxış etdik. Bundan sonra Afrika təmsilçisi ilə qarşılaşacağıq.
Azərbaycan millisi yaxşı təşkil olunmuş komandadır. Oyunçulara da bununla bağlı danışığımız olmuşdu. Rəqibə ciddi yanaşmışdıq. Fransa kimi komandalarla qarşılaşmış Avropa təmsilçisidir. Amma hesabın belə olması məyusedicidir.
Oyundan əvvəl təhlil etmişdik. Rəqibin fiziki cəhətdən bizdən üstün olduğunu bilirdik. Açığı, belə bir oyunun baş tutacağını bildiyimizə görə yaxşı hazırlıq keçmişdik, ona görə təhlillər aparmışdıq. Oyuna görə yox, amma hesaba görə məyus olduq”.





























