“Yaxşı nəticə qazandıq” - Ayxan Abbasov

Azərbaycan millisi bu gün FİFA Series-2026 çərçivəsində Sent Lüsiya yığması ilə üz-üzə gəlib.
Sports.az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən oyunda 6:1 hesabı ilə qalib gələn Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasovun matçdan sonra mətbuat konfransı olub. Abbasov oyunla bağlı bunları deyib:
“Bu gün bu yağışlı havada bizi tək qoymayan azarkeşlərimizə təşəkkür etmək istəyirəm.
Oyuna gəldikdə isə, belə havada meydançanın durumu ağır olur. Hər iki komandanın çətinlik çəkdiyini görürdük. Yaxşı nəticə qazandıq, sevinirik. Bundan sonrakı oyunun çətin olacağını bilirik. Rəqib güclüdür. Vaxtımız az olsa da, hazırlaşacağıq. Qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirk.
Bu gün millinin oyunlarında nəticə önəmlidir.
Konsentrasiyam oyunlaradır. Tənqidləri normal qarşılayıram. Bura milli komandadır, hər kəsin fikri açıqdır. Amma bir şeyə əminəm ki, alnım açıqdır.
Sumqayıt mənim üçün doğmadır. Dörd ilə yaxın burada işləmişəm. Mən də istəyərdim ki, millinin oyunları burada keçirilsin.
Bu gün oyundan əvvəl də fikirləşirdik ki, ilk hissədən sonra çoxlu dəyişiklik edək. Olmaya da bilərdi, bu, futboldur. Hesab bizə imkan verdi ki, çoxlu dəyişikliklər edək. Şansdır, istəyirik ki, yoxlama oyunlarda belə rotasiyalar edək. Millətlər Liqasındakı oyunları da fikirləşirik”.





























