“Futbolçularım bu vacib oyuna tam hazırdır, onlara inanıram, güvənirəm” - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Gentdə keçirilən mətbuat konfransında bunları söyləyib:
“Ümumi durum pis deyil. İlk matçda rəqibi daha yaxından tanıdıq. Futbolçularım hazırdırlar, onlara inanıram, güvənirəm. Sabah yaxşı oyun göstərmək istəyirik. Bakıdakından daha çox güc sərf etməli olacağıq. Bu vacib oyuna tam hazırıq.
Marko Yankoviç çox yaxşı formadaydı. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir performansı yaxşılaşanda belə zədə alır. Amma bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Yankoviçin özünə görə daha çox üzülürəm.
Uzaq məsafə sərf etdiyimiz üçün oyuna 2 gün əvvəl gəlirik. Dünən də yola 9 saat vaxt sərf etdik.
Hələlik komandamda istədiyim dinamikanı görmürəm. Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burda deyə bilməyəcəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Niyə deyirəm ki, futbolçularıma güvənirəm, inanıram? Çünki, mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən bəlkə texniki cəhətdən nəsə alınmır. Amma ümumən onların məsuliyyətli yanaşması məni da belə oyunlardan əvvəl rahatlaşdırır.
Konfrans Liqasının finalında oynamağı kim istəməz ki?! Amma real baxmaq lazımdır. Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Şükürlər olsun, futbolçularım illərdir nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir.
Bizim üçün Avropada hər oyun faydalıdır. Amma rəqibimizin ilboyu hər oyunu bu sürətdə, dinamikada keçir. Və bu da futbolçunun sabit formada qalması üçün çox vacibdir. Futbol çox yüksək sürətlə inkişaf edir. Bizim bilmədiyimiz, ağlımıza gətirmədiyimiz o qədər məqamlar var. İndi desək ki, "Gent" və ya başqa rəqibi mütləq keçməliyik və ya keçəcəyik, doğru olmaz”.