İdimsiz futbolumuz

Yadıma gəlir, uşaq vaxtı anam mənim üstümdə çox əsirdi. Tez-tez paltarlar alır, hər gün çimizdirir, yeməyimi-içməyimi vaxtında verir, məktəbə yola salırdı. Ancaq sinif yoldaşlarımın içində ən pis mən görünürdüm. 

Niyə, bilmirəm. 

Yazıq anam yanıb-tökülürdü. Hər dəfə əsəbiləşirdi ki, heç kim öz uşağına mənim qədər diqqət göstərmir, bəs mənim balam niyə belə idimsizdir? Nə qədər alıram, nə qədər geyindirirəm, üstündə əsim-əsim əsirəm, xeyri yoxdur. Başqalarının uşağı gümüş kimi par-par parıldayır, mənimki qaraçıya oxşayır. 

Bu idimsiz sözünün nə demək olduğu məni çox maraqlandırmışdı. Heç kim bu sözə düz-əməlli izah verə bilmirdi. Heç anam da dediyi sözün mənasını anlamırdı. Yəqin, o da hardansa eşitmişdi. Nəhayət, həyat, müşahidələrim, təcrübəm mənə bu sözün mənasını özü başa saldı və qənaətə gəldim ki, idim peşə şəxsiyyəti deməkdir. 

Müsəlmanın o günü jurnalist məndən soruşmuşdu ki, niyə bizim yazıçılar Biləcəridən o tərəfə çıxa bilmir? Dedim, bizim nəyimiz Biləcəridən o tərəfə çıxır ki? Dünyada ən tez populyarlıq qazanan sahələrdən biri porno aktrisalıqdır. Azərbaycanda bu peşənin sahibinə fahişə deyirlər. Bizim heç fahişəmiz də Biləcəridən o tərəfə çıxa bilmir. Ən uğurlusu hardansa özünə bir hacı tapır. Hacısı onu saxlayır, ev, maşın alır, günlərin birində isə Biləcəridən o tərəfə çıxa bilməyən mediamızda hacısı ilə birlikdə şəkilləri yayılır. 

Adama deyərlər, belə uğurlu fahişəsənsə, Cristiano Ronaldo ilə şəkillərin yayılsın da... Özün də Kim Kardaşyanı bəyənmirsən. 

Siz Allah, bizim geyimizə baxın da, Bayram Nurlu! İntellekt yox, savad yox, istedad yox, qanacaq yox... Bütün günü efirlərdə bar-bar bağırır, bilmirsən nə danışır. Belə gey olar? Görün nə qədər bədbəxt xalqıq ki, düz-əməlli bir geyimiz də yoxdur. Get Elton Con kimi gey ol da... 

Yaxud, futbolumuz dünyaya çıxa bilirmi? Özü də bildiyimə görə futbol dövlətin ən çox diqqət ayırdığı sahələrdən biridir. Ancaq xeyri yoxdur, Azərbaycan futbolu irəli gedə bilmir. Yaxud, bir addım irəli, iki addım geri gedir. 

Düzdür, futbolun Azərbaycanda dərin kökləri yoxdur. İngilis bizim kimi saz çala bilmədiyi kimi, bizim də onlar kimi futbol oynamağımız indiki halda mümkün görünmür. Amma ingilis qarşısına məqsəd qoysa ki, mən azərbaycanlılardan yaxşı saz çalmalıyam, bunu bacaracaqlarına zərrə qədər də şübhəm yoxdur. 

Azərbaycan futbolunun problemlərinə dərindən bələd olmasam da, münasibətim azarkeş münasibətindən o tərəfə keçməsə də, sadəcə, ölkəmi yaxşı tanıdığım üçün buradakı problemlərlə bağlı ümumi təsəvvürlərim və təxminlərim var. Eynilə ədəbiyyatda olduğu kimi çox yəqin ki, futbolumuzda da, yaxşılardan iraq, kasıb eşidir ki, futbolçuya yaxşı pul verirlər, bu sahəyə maraq göstərir. Varlı da eşidir ki, futbolçunun yaxşı şöhrəti olur, deyir, kimdən əskik oğlanam? Nəticədə heç kim öz peşəsi qarşısında məsuliyyəti dərk eləmədən, peşəsinə öz taleyi kimi baxmadan oynamağa başlayır. 

Bilmirəm, başqalarında necədir, mən Azərbaycan futbolunu yüz kilometrlərdən tanıyıram. Nə qədər yaraşıqlı meydanlar tikirsən tik, meydana nə qədər gur işıqlar salırsan sal, yerdəki otlar, keçələr nə qədər yamyaşıl olursa olsun, o meydançalarda, o işıqların içində, o yaşıl otların arasında bir futbolçu taleyi görə bilmirsən. O yaşıl otlar, o işıqlar, o geniş meydanlar futbolçularımızın beyni, düşüncəsi ilə tutuşmur. Topa vurulan zərbələr elə bil adamın başına dəyir. O həssaslığı duya bilmirsən, hiss eləyə bilmirsən. 

Niyə? 

Çünki idimimiz yoxdur. 

İdim nədir? 

Peşə şəxsiyyəti...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar