“Qarabağ”ın çatmadığı səviyyə...
"Qarabağ" dərdi Qarabağ dərdi kimidir...
Qarabağda minlərlə şəhid verdik, minlər qazi oldu, minlər fiziki də olmasa ömürlük sağalmayacaq psixoloji travmalar aldı. Nəticədə Qarabağ qayıdıb, amma düşmənlər hələ də ordan tam getməyib. Hələ də, Xocalı, Xankəndi həsrəti ilə yaşayırıq.
"Qarabağ" da nə zülmlərlə, "peraşki" yeyə-yeyə, "qaçqın komanda" adlana-adlana, doğma stadionundan uzaqlarda oyunlarını keçirə-keçirə bu yerlərə gəlib.
Avropada illərdir sabit çıxış edir, avrokuboklarda qrup oynayır, başından yuxarı tullanıb Çempionlar Liqasının qrupuna da düşüb, Azərbaycan futbolunda xəyal etmədiklərimizi gerçəkləşdirib. Bunları edib və keçmişdəki nailiyyətlərə görə "Qarabağ" ən xoş sözlərə layiqdi.
Amma indi gözləntilər başqadı. Hər yeni mövsümöncəsi azarkeşlər klubdan transferlər gözləyir ki, yenə ÇL qrupuna çıxaq, bəlkə də oranı da keçib pley-offa yüksələk. Və hər dəfə bu arzular puç olur.
İndi lap pis oldu. Bu arzu ovcumuzun içində idi...
...Səbəb çox sadədi. Qurban Qurbanov sehrbaz deyil!
Hər dəfə transfer adı çəkiləndə klub rəhbərliyi "Bu məsələ Qurban hocanın tam ixtiyarındadı. Kimi istəsə, nə zaman istəsə, ala bilər" deyir. Amma ya Qurbanov ÇL səviyyəli bahalı oyunçular gətiribb bu məsuliyyətin altına girmək istəmir, ya da klub rəhbərliyi transfer söhbətlərində qeyri-səmimidi...
"Qarabağ"ın bugünkü heyətində ÇL-in qrup mərhələsində uğur qazanacaq səviyyədə oyunçu yoxdu...
Azərbaycan çempionu olub, avrokuboklarda hansısa turnirlərdən birinin qrupunda oynamaq məqsəddisə, başqa məsələ. Amma Qurbanov və komandası bunu bizə vərdiş etdirib. Artıq Avropa Liqası, Konfrans Liqası bizim üçün əlçətmaz görünmür, hətta, oralara çıxmağa üzülürük.
"Lex"lə ilk oyundan sonra yazmışdım bunları. "Qarabağ" ÇL-də daim qrup oynamalıdı. Çünki, Qurban Qurbanov o səviyyəyə çatıb. Sadəcə, bunun üçün komandanın oyunçu potensialı yoxdu.
"Qarabağ" rəhbərliyi illik büdcəni 14 milyon avro yox, ən azı 2-3 dəfə çox etsə, yəqin ki, komanda ÇL-in qrupuna düşər. Düşməsə də, digər qitə turnirlərində möhtəşəm çıxış edər.
Qurbanovun özünün də prinsipləri, düşüncələri var. Məsələn, o düşünür ki, bura kimi bu futbolçularla gəlibsə, bundan sonra da onlarla davam etməlidi. Amma bura o futbolçuların bacarığının, potensialının zirvəsidi. Hətta, başlarından yuxarı tullanıblar. Maksimumları budu.
Qurban Qurbanovun maksimumu isə bu deyil! O, ÇL-də hər il ən azı qrup oynamağa, qismət olsa, daha yüksək nəticələr verməyə qadirdi.
Qurbanovun potensialı ilə futbolçularının potensialı uyğun gəlmir. Baş məşqçi Avropa Liqası, Konfrans Liqası qrupları səviyyəsini çoxdan keçib. Onun öz potensialına uyğun nəticələr verəcək heyəti, futbolçuları isə yoxdu...
"Qarabağ"ın rəhbərliyi bunu anlamalıdı... Hamımız anlamalıyıq!
Hər dəfə uğursuzluq olanda "Qarabağ"a təşəkkür, Qurban Qurbanova minnətdarlıq, klub rəhbərliyinə alqış edəndə onlara özümüz də bilmədən yaxşılıq əvəzinə pislik etmiş oluruq...
Onlara səmimi qəlbdən pislik arzulayanlar, uğurlarını qısqananlar onsuz da az deyil...
Obyektiv yanaşmalıyıq. Şahruddin yaxşı oğlandı, Bədavi ondan da, Maksim əfsanədi, Quqeşaşvili istedadlıdı, 33 yaşlı Almeyda zədələnməsə, indi ÇL qrupundaydıq...
...Bilirəm. Allah hamısının canını sağ eləsin. Amma bu futbolçularla ÇL-ə çıxsaq belə, böyük hesablarla uduzacaqdıq. Bu futbolçular ən yaxşı halda Azərbaycan çempionatında ciddi işlər görə bilər. ÇL qrupu başqa səviyyədi...
...Qurban Qurbanov səviyyəsi. O səviyyə ki, ora baş məşqçi artıq çatıb, amma "Qarabağ" klub olaraq, düşüncə olaraq hələ də çatmayıb.
Avropa Liqasında uğurlar!