Zəfər İli

2023-cü il tarixə əbədi qızıl hərflərlə yazıldı.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən, eyni zamanda cəsarətli siyasəti nəticəsində Azərbaycan uzun illər sonra ərazi bütövlüyünü tam bərpa etdi.

Haqq savaşımızda canını fəda etmiş şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin, qazilərimizə şəfa versin!


Şanlı zəfərin bəhrəsini idmanımızda da gördük. Xankəndi stadionunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klublarının kubok görüşü böyük bir bayrama çevrildi. Ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva oyunu fəxri tribunadan bu tarixi xalqımıza bəxş edən şəhidlərimizin övladları ilə birgə  izlədilər.

Xankəndi stadionundakı möhtəşəm nitqi zamanı ölkə prezidenti daha bir müjdə verdi: Gələn il Ağdamda "İmarət" stadionunun inşasına başlanacaq!

İnşallah, tezliklə Qarabağımızda həyat tam axarına düşər, bütün rayonların stadionlarını, komandalarını görərik. İdmana xüsusi sevgisi və qayğısı olan Prezidentimizin öndərliyində bu stadionların açılışına şahidlik etmək nə gözəl arzudu! Və artıq gerçəkləşməsi əlçatmaz görünmür.

Tarixi matçı qısa müddətdə yüksək səviyyədə təşkil etməyi bacarmış Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının fəaliyyətini xüsusi vurğulamaq lazımdı. Təşkilati məsələlər üçün Xankəndiyə gedərkən Ağdamda avtomobil qəzasına düşən dəyərli insanlara - PFL prezidenti Elxan Səmədova, vitse-prezident Aslan Şahgəldiyevə, texniki idman direktoru Elgiz Abbasova, qurumun media və marketinq direktoru Sənan Abdullayevə Allahdan şəfa diləyirik!

İlin ikinci böyük idman hadisəsi mənə görə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qazandığı dünyanın ən nüfuzlu "Fair Play" mükafatı idi.

Qurbanov idmançılara və idman adamlarına karyerası ərzində "Ədalətli oyun" prinsiplərinə daim sadiq qaldıqlarına görə verilən "Jan Borotra World Fair Play Career" mükafatına sahib çıxan ilk azərbaycanlı kimi adını tarixə yazdırdı. "Qarabağ"ın baş məşqçisndən başqa bu il dünyada cəmi 3 nəfər Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (İnternational Fair Play Committee) tərəfindən bu şərəfə layiq görüldü.

Həm Qurban Qurbanovun qazandığı bu mükafata namizədliyi, həm də türk dünyasının liderlərindən Heydər Əliyevin 100 illiyi şərəfinə İstanbulda - Florya Metin Oktay təsislərində, "Qalatasaray"ın UEFA kubokunu qazanmasının ildönümündə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının və "Qalatasaray" veteranlarının arasında keçirilmiş qardaşlıq matçının mənim təşəbbüsümlə olması da şəxsən ayrıca qürur verir. 

Ötən il yaranan Sports.az saytının may ayında paytaxtımızın ən sanballı oteli "Four Seasons"da keçirdiyi "Sports.az Awards" mükafatlandırma mərasimini də qeyd etməliyəm. Futbol tariximizdə ilk dəfə mövsümün yekunlarına görə ən yaxşılar mükafatlandırıldı. Canlı əfsanə Qurban Qurbanov, "Qarabağ"ın uğurlarında əsas pay sahiblərindən Emrah Çelikel, bölgə və uşaq futbolunun inkişafı üçün təqdirəlayiq işlər görən Ehtiram Quliyev, yeni mövsümdə də gözəl oyunu və nəticələri ilə hamını təəccübləndirən "Araz Naxçıvan" FK və digər layiq olanlar bu tədbirdə yaddan çıxmamışdı. Ölkəmizin son illərdə yetişdirdiyi bəlkə də ən yaxşı və istedadlı futbolçu Musa Qurbanlının mükafatını "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdan alan əmisi Musa Qurbanovun həmin anda duyğulanması unudulmaz an idi.

Fürsətdən istifadə edib həm bu möhtəşəm tədbirin təşkili, həm də ümumiyyətlə saytımızın fəaliyyətində daim dəstəyini əsirgəməyən ETOPAZ-a və şəxsən "Bal Line" şirkətinin rəhbəri Altay Əliyevə təşəkkürümü bildirirəm.

İlin daha bir önəmli idman hadisəsi "Qarabağ"ın baş meneceri Asif Əsgərovun Berlində Avropa Klublar Birliyinin (European Club Association) İcraiyyə Komitəsinə üzv seçilməsi idi. Bununla da, Əsgərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı kimi tarixə düşdü.

Əsgərovun uğurlu fəaliyyəti möhtərəm cənab Prezident İlham Əliyevin də diqqətindən kənarda qalmadı. "Qarabağ"ın baş meneceri "Tərəqqi" medalı ilə təltif olundu və Xankəndidəki tairixi matçda şəxsən ölkə başçısından bu medalı almaq şərəfinə lagiq görüldü.

Bu il bütövlükdə ölkəmiz üçün Zəfər İli idi. Yay Olimpiya Oyunlarına təsadüf edən 2024-cü ilin isə özəlliklə idmanımız üçün Zəfər İli olacağına ümidliyik!

 

Çətin sınaqda idmançılarımıza və bu sahədə əməyi keçən hər kəsə uğurlar arzulayaq!

Qoy Yeni İldə Azərbaycanımız ölkə olaraq daha da inkişaf etsin, hər sahədə uğurlarımız davamlı və daha böyük olsun!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar