Elxan Məmmədovun monqolları

Azərbaycan futbolunda böyük bir epoxa sona çatır. Bundan sonra AFFA-ya Rövnəq Abdullayev kimi əliaçıq rəhbərin gələcəyinə inanmıram. Abdullayev yaxşı insandı. Bunu hamı təsdiqləyir. Amma AFFA-dakı komandası yumşaq desək, yaxşı olmayıb. Nəticədə ayrılan pullar futbolun inkişafına xərclənməyib, heç bir inkişafa nail olunmayıb, illər itirilib, Rövnəq müəllim hədəfə gətirilib. Azərbaycan futbolunun son 15-20 ilinin qısa xülasəsi belədi.

Abdullayevin futbol məsələlərində ən çox etibar etdiyi adam - "FİFA Elxan" ləqəbli Elxan Məmmədovun son işi test məqsədilə keçirilən "FİFA series - Edition 2024" adlanan mənasız turniri bu basabasda Bakıya gətirməsidi. Turnir eksperiment xarakteri daşıyır və heç bir perspektivi görünmür. FİFA-nın 210 üzvündən cəmi 20-si bu yarışda iştiraka razı olub. 

Kimlər? FİFA reytinqində 204-cü yerdə gedən Şri Lanka ("Ordan bir dənə çay gətir, çay"), 194-cü yerdə gedən Bruney, 190-cı olan Monqolustan, 184-cü Butan, 179-cu Kamboca, 171-ci Bermud adaları, 170-ci Vanuatu, 165-ci Papua və Yeni Qvineya, 164-cü Andorra, 157-ci Qayana və s.

Səudiyyə Ərəbistanı turniri qəbul etməyə razılıq versə də, bu qeyri-ciddi yarışda milli komandalarının iştirakını məqbul saymayıb.

UEFA üzvlərindən cəmi 4 ölkə eksperimentin iştirakçısı olmağa razılıq verib. Bunlar Azərbaycan, Andorra, Bolqarıstan və Xorvatiyadı.

Bolqarıstan kimi komanda ilə qarşılaşma sözsüz ki, millimiz üçün faydalıdı. 

Bəs monqollarla oyun bizə nə verəcək?! Ritorik sualdı. Rəqibin heyətinə, keçmiş nəticələrinə, FİFA reytinqindəki yerinə göz gəzdirmək kifayət edir ki, cavab aydın olsun. 

Monqolustanın heyətində cəmi 2 legioner var. Onlardan biri - Batbayar Tsotqbayar Avstriyanın həvəskar liqasında "SU Rebenland Leutschach" komandasında top qovur, digəri isə Çexiyanın üçüncü dəstəsində çıxış edən "SK Dynamo Ceske Budejovice B" klubunun şərəfini qoruyur. Monqolların qalan bütün futbolçuları yerli çempionatda oynayır, həvəskardılar. 

"Bu oyun bizə nə verəcək?" sualının tək nikbin cavabı "Futbol tariximizdə ən böyükhesablı qələbə" ola bilər. Fransaya 0:10 hesablı məğlubiyyət ömürlük travmadı. İndiyəcən qazandığımız ən böyükhesablı qələbələr isə Lixteynşteyn (4:0) və San-Marino (5:1) üzərində olub və "Oser faciəsi"ni unutdurmayıb. 

Monqolustana Fransadan buraxdığımızdan daha çox qol vurmaq mümkündü. 2 il öncə Yaponiya bunu edib, monqolları 14:0 hesabı ilə udub. Arif Əsədov düzgün heyət və taktika seçsə, bizim futbolçular da tarixi qələbə qazana bilər.

Tək təəssüfüm yanvarda Afrika Millətlər Kubokununun final mərhələsində çıxış etmiş Tanzaniya ilə oynamayacağımızdı. Əlbəttə, turnirin anormallaqlardan biri də budu. Afrikadan bura gələsən və meydan sahibi ilə qüvvəni sınaya bilməyəsən. FİFA istəsə bütün rəqiblər bir-biri ilə qarşılaşa bilərdi. Heyətlər genişdi, rotasiya etmək olardı ki, futbolçular çox yorulmasın. Tanzaniya ilə təxminən bərabər səviyyəli komandalarıq. Bu oyun hər iki yığmaya fayda verərdi...

...Bu gün Elxan Məmmədovun Bakıya gətirdiyi Monqolustanla görüşdən müqayisəedilməz dərəcədə önəmli qarşılaşma var. "Azərsun Arena"da U21 millimiz İngiltərəni qəbul edir. Samir Əliyevin yetirmələrinin şansı çox az olsa da, futbolçularımıza ürəkdən uğurlar arzulayıram. Gənclərimiz bu cür rəqiblərlə üz-üzə gələ-gələ, belə oyunlar keçirə-keçirə böyüyəcək.
İş-gücü sosial şəbəkələrdə futbolçuları söyməkdən ibarət olan azarkeşləri saat 16.00-da başlayacaq qarşılaşmada "Azersun Arena"nın tribunalarını doldurmağa, gənclərimizə dəstək verməyə çağırıram!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar