“Sürix” çox təhlükəlidir!

Futbol matçlarından öncə hər bir komanda rəqibini analiz edir, zəif nöqtələrini araşdırır, və oyun zamanı həmin zəif nöqtələri vurmağa çalışır. Eyni zamanda rəqibinin güclü tərəflərini də araşdırır və buna qarşı da möhkəmləndirici tədbirlər görür.

Təbii ki, hər oyundan öncə “Qarabağ” rəqiblərini, eyni zamanda rəqibləri də “Qarabağ”ı bu şəkildə araşdırır, öyrənir.

Müşahidələrimə əsasən deyə bilərəm ki, “Lex”lə hər iki oyunda və “Sürix”lə son oyunda, istər “Lex”in, istərsdə də “Sürix”in məşqçiləri “Qarabağ”ın zəif nöqtəsi kimi komandamızın sol tərəfini görürdülər. Hansı əsasla bunu yazıram? Çünki hər üç oyunda davamlı olaraq bu zonadan hücumlar edirdilər.
  
Yaxşı, bəs “Qarabağ”ın sol tərəfində kimlər var?

Qanadda Elvin Cəfərquliyev, “opornı” zonanın sola meyllisi Riçard Almeyda, irəlidə isə Abdullah Zubir var. 

Zubirin topla oynamaq bacarığı yüksək olsa da müdafiə keyfiyyətləri aşağıdır; əslində bu normaldır, adətən topla yaxşı oynayan futbolçunun müdafiə keyfiyyətləri zəif olur.

Düşünürəm ki, buradakı çatışmazlıqlarından biri, bu zonaya yaxın oynayan Patrik Andradenin getməsidir və yəqin rəqiblər də bunu nəzərə alıblar. Bu mövqedə oynayan futbolçu həm yaradıcı olmalıdır, həm də müdafiə keyfiyyətləri olmalıdır, özü də yüksək səviyyədə. Mənim fikrimcə Patrikdə hər iki keyfiyyət var idi. Almeydada isə yaradıcılıq var, müdafiə keyfiyyətləri də var, amma kifayət qədər olduğunu söyləmək olmaz. Riçardın həm də yaşı çoxdur və bu səbəbdən çatdırmaq problemləri də ola bilər. 

Hər şeyi bir kənara qoyaraq bir fakta baxsaq ki, Almeyda ötən mövsüm Patrikin əvəzləyicisi olub, onda təkcə bu fakt həmin mövqenin güclənmədiyini sübut edir.

Elvinə gəlincə, düzü onun oyununu analiz etməmişəm. Çünki matçı izlərkən əksər hallarda bir analitik kimi yox, daha çox azarkeş kimi baxıram. Oyunun təkrarına baxmağa isə həvəs olmur. Bu səbəbdən çox da uzaq olmayan vaxtda zədədən qayıdan Elvini analiz etmək imkanım olmayıb. Bu səbəbdən onun zəif və güclü yönləri barədə bir söz yaza bilmərəm.  Ancaq rəqiblər nədənsə bu zonanı “mazol” edirdilər. Hər halda onlar analiz edərkən onun oyununda da müəyyən çatışmamazlıqlar görüblər.

Əvvəllər məşqçilər boyu alçaq futbolçulardan cinah oyunçusu kimi daha çox istifadə edirdilər. Bu onunla izah olunurdu ki, cinahda başla oynamağa ehtiyac yoxdur, burda sürət, dözümlülük, müdafiə keyfiyyətləri, cinahdan qapı qarşısına müxtəlif formalı ötürmələr və bu kimi cinah oyunçusuna lazım olan keyfiyyətlər vacibdir. Həqiqətətən də əvvəllər bu zonada çıxış edən xeyli kiçik boylu oyunçu var idi. Onların içində ulduz olanlardan Roberto Karlosu, Filippp Lamı göstərmək olar. Tanınmışlardan türk Sabri Sarıoğlunun da adını çəkə bilərik.

Lakin son vaxtlar cinahlarda kiçik boylu futbolçular az müşahidə edilir. Qvardiola da “Bavariya”ya gəldikdən sonra Filip Lamı “opornı” zonaya çəkdi. Böyük klublarda kiçik boylu cinah oyunçusuna dövrümüzdə rast gəlinmir. Adətən bu göstəriciyə malik oyunçular orta sahədə, meydanın mərkəzində və irəliyə meylli oynayır.

Bu sətirləri yazarkən son tendensiyaları nəzərə alaraq sözümü ona gətirmək istəyirdim ki, Elvin Cəfərquliyevin boyu bu zona üçün üçün tam ideal deyil. Amma onun boy göstəricisini öyrənmək üçün adını axtarış verərkən aldığım məlumat məni təəccübləndirdi. Bir neçə mötəbər mənbəyə baxdım. Hamısında Elvinin boyunun 1.80 yazıldığını gördüm. 

Yazının sonunda “Sürix”lə oyundan bir şəkil görürsüz. Burada ən soldakı Elvin Cəfərquliyevdir. Onun önündəki isə Filipp Ozobiçdir. Gördüyünüz kimi Filipp Elvindən hündürdür. Əgər Elvinin boyu 1.80 metrdirsə onda Ozobiçin boyu 1.85 olmalıydı.

Mən eyni mənbələrə Ozobiç üçün də axtarış verdim və hər yerdə onun boyunun 1.75 olduğunu gördüm.

Bəs saxtalaşdırmanı kim edib?

Məncə bunu izah etməyə ehtiyac yoxdu. Görünən kəndə bələdçi lazım deyil. Təbii ki, Ozobiç haqqında məlumat düzgündür və bunu araşdırıb sübut etməyə də ehtiyac yoxdur.

 *

Əvəzləmələrə gəlincə, oyunun gedişində müdafiə keyfiyyətləri yüksək olan İsmayıl İbrahimli meydana daxil olmağa hazırlaşanda açığı mən gözləyirdim ki, o, Riçardı əvəz edəcək. Lakin İsmayıl Marko Yankoviçi əvəz etdi. Yəqin ki, baş məşqçi doğrusunu bilir. Bir şeyi də nəzərə almaq lazımdır ki, Yankoviç daha çox yaradıcı futbolçudur. Bu baxımdan onun müdafiəyə meylli oyunçu ilə əvəzlənərək hesabı qorumağa yönəlik addım atılması da məntiqəuyğundur.

Ozobiçin əvəzlənməsi onun fiziki cəhətdən çatdırmaması ilə bağlı ola bilər. Oyuna girən Şeydayev Kadinin yerinə sağa, Kadi isə mərkəzə, Filippin mövqesinə yerləşdi.

Qurbanov cinahlarda oynayan Veşoviçlə Cəfərquliyevi  çox güc sərf etdiklərini və yorulduqlarını hesab edərək Abbas Hüseynov və Tural Bayramovla dəyişdi.

Vadjinin Ovusu ilə əvəzlənməsi də yəqin ki, eyni səbəbdəndir.

*

 “Qarabağ”a üstünlük gətirən səbəblərdən biri rəqibin məşqçinin yeni olmasıdır. Yeni məşqçi köhnə sistemi dağıdıb yenisini qurur və bu müəyyən vaxt aparır. Bu vaxt kəsiyində müəyyən problemlər önə çıxa bilər. “Sürix”in ölkə çempionatının ilk turunda 0-4 uduzması, buna sübutdur.

Bu keçid dövrü “Qarabağ”la oyunlara da təsadüf edir. 

Bir də, bildiyim qədəri ilə komandadan bir neçə futbolçu ayrılıb, bu da komandanı qismən zəiflədir. 

“Qarabağ” ilk oyunda qismən bu problemlərdən istifadə etdi. İkinci oyunda da istifadə edə bilər.
 
Yuxarıda sadaladıqlarım məşqçi dəyişikliyinin komandamıza gətirdiyi fürsətlərdir.

Ancaq bu dəyişikliyin xeyrimizə olmayan tərəfi də var. Sən köhnə oyunlara əsasən rəqibin taktikasını çözə bilərsən, ancaq məşqçi yeni gəldiyindən yeni taktikanı, nə təklif edəcəyini bilmirsən və yeni taktika sənə qaranlıq qalır. Səhv etmirəmsə, Qurbanov da bu barədə, narahatçılığını ifadə etmişdi. 

“Sürix” İsveçrə çempionatında bir oyun keçirib, birini də keçirəcək. “Qarabağ”la da bir oyun oynayıb. 

Yəni, Qurbanov hər halda bu üç oyuna əsasən müəyyən analiz apararaq yeni məşqçinin fəlsəfəsini çözə bilər. Hansı sistemlə, hansı taktika ilə oynadığına, hansı oyun tərzinə üstünlük verdiyinə dair müəyyən məlumat toplaya bilər. Üstəlik dayaq zonasına da yeni braziliyalı oyunçu alınıb –  Julio Romao. Bu oyunçu da “Qarabağ”ın gücünə güc qata bilər.  

Rəqib çox təhlükəlidir. 2-0 dan sonra mən gözləyirdim və istəyirdim ki, Qarabağ 3-cü qolu da vursun. Belə olardısa bu hesab turu böyük ölçüdə komandamızın xeyrinə qarantiya edərdi. Amma 3-0 olmadı, 3-2 oldu. Hər halda qələbə qazandıq və bu çox yaxşıdır. Həm reytinq xalı qazandıq, həm də səfərə üstünlüklə yollanacağıq.

“Qarabağ” səfərdə də yaxşı oynayır. Bu və bir  də səfər qolunun əhəmiyyətinin qalmaması komandazın xeyrinə olan amildir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar