Futbolsuz Gədəbəydən Antalyaya uzanan yol
Premyer Liqada çıxış edən 10 futbol klubumuzun hamısı hazırda Antalyadadır.
Etopaz-ın təşkilatçılığı ilə bir qrup idman jurnalisti də komandalarımızın hazırlığını yerindən işıqlandırmaq üçün yanvarın 11-də qardaş Türkiyənin turizm cənnətinə yola düşdü.
Bakı-Antalya reysində futbolumuzun bir çox ünlü simaları vardı. "Sabah"ın prezidenti Maqsud Adığözəlov, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, Olimpiya çempionu İqor Ponomaryov, gənclər arasında dünya və Avropa çempionu Arif Əsədov, milli komandamızın keçmiş baş məşqçisi Əsgər Abdullayev, "Neftçi"nin keçmiş idman direktoru Ceyhun Sultanov, veteran futbolçular İlqar Qurbanov və Şakir Qəribov, "İnter" və "Qəbələ"dəki uğurlu fəaliyyəti ilə tanınan Səbuhi Səfiyarlı, menecer Vaqif Heydərli və daha kimlər.
Amma futbolsuz əyalətlərimizdən Gədəbəydə dünyaya gəlmiş və çoxlarının nəzərindən qaçan bir nəfər də vardı ki, onu bu təyyarədə görmək tanıyanlar üçün sürpriz idi. Söhbət məndən yox, Rusiyanın gənclər yığmasında, "Ximki", "SKA Xabarovsk" və Tula "Arsenal"ında çıxış etmiş Kamran Əliyevdən gedir. Kamranın "Sumqayıt"a keçmək ehtimalı var. "Gənclik şəhəri"nin təmsilçisi bu transferi reallaşdıra bilsə, istedadlı futbolçu tezliklə Azərbaycan millisində də oynayacaq potensialdadı.
Antalya bizi yağışlı və dumanlı hava ilə qarşıladı.
İdman jurnalistikamıza hər zaman xüsusi diqqəti ilə seçilən Etopaz həmişəki kimi bu dəfə də səfərimizin yüksək səviyyədə keçməsi üçün hər cür şərait yaradıb. Həmkarlarımızla Antalya bölgəsinin elit kurortu Belekin ən yaxşı 5 ulduzlu otellərindən biri “Granada Luxury Hotels”dəyik və bura komandalarımızın oyunlarını keçirdiyi stadionlara çox yaxın məsafədidi. Məsələn, "Qarabağ" - "Rakuv" gorüşünə sahiblik edən "Gloria Sports Arena"ya qaldığımız oteldən qısa müddətə piyada getmək olar.
Amma Etopaz-ın təşkilatçılığı varsa, təbii ki, hər bir detal xırdalığınacan düşünülüb və biz burda şirkətin qayğısını daim hiss edirik. O cümlədən, oyunlara da bizi şirkətin hazırda yanımızda olan nümayəndəsi şəxsən özü avtomobillə aparıb-gətirir.
Antalya səfərində ilk izlədiyimiz qarşılaşma "Qəbələ" ilə Rumıniya yüksək liqasında 6-cı yerdə gedən "Sepsi" arasında idi. Bölgə təmsilçimizin oyununu sözün əsl mənasında çox bəyəndim. Yoxlama görüşlərinə xas olmayan yüksək tempdə keçən mücadilə 2:2 hesabı ilə bitsə də, "Qəbələ" qələbəni haqq edirdi. Amma belə matçlarda nəticə önəmli deyil. Elmar Baxşıyevin yetirmələri çox yaxşı təsir bağışladı, komanda oyunu haqda da yalnız xoş sözlər deyə bilərəm.
Ağır hava şəraitində keçən bu mücadilədə əziyyət çəkən həmkarlarımızın da rolunu vurğulamaya bilmərəm. Xüsusən, fasiləsiz şiddətli yağışda CBC Sportdan gələn həmkarlarımızın işi lap çətin idi.
"Sabah" - "Varta" matçında da ilk növbədə videoçəkiliş edən operatorların və bu oyunu canlı yayımlayan PFL-in media departamentinin işçilərinin üzərinə ağır yük düşdü. Müxtəlif virusların yenidən baş qaldırdığı çətin dönəmdə futbolumuz üçün fədakarlıq edən həmkarlarımın hamısına böyük təşəkkür düşür.
"Sabah"ın Polşa təmsilçisi ilə görüşü futbolçularının ağır fiziki yükləmə fonunda keçirdiyini hiss etmək olardı.
Eyni sözləri, yuxarıda qeyd etdiyim Polşa çempionatının lideri "Rakuv"la qarşılaşmanı uduzan "Qarabağ" haqda da demək olar.
Kaş, "Qarabağ" bütün yoxlama oyunlarını uduzsun, amma fevralın 23-ü "Gent"i məğlub etsin.
Düşünürəm ki, Konfrans Liqasının pley-offundakı rəqibi izləmək üçün Belçikaya yollanan Qurban Qurbanov da bu arzuma şərik olar.
Üç gün davam edən şiddətli yağış nəhayət ki, bu gün yerini günəşə verdi.
Türkiyəli şair Mustafa Ali Akbaş bir şeirində
"Güneşin hiç eksik olmaz
Denizlerin hiç soğuk olmaz
Eşin benzerin hiç bulunmaz
Antalya gibi yerdeyim
Ocak ayında terlemekteyim" yazıb.
Ümid edək ki, bundan sonra hava komandalarımızın hazırlığına mane olmayacaq və indi Antalyadakı kimi, bir gün bizim futbolumuzun da günəşini görəcəyik.