Təşəkkürlər, \"Qarabağ\"!
"Maçamı geldiz? Çok üzüldüm. Penaltilerde yenilmişiz. Her iki takım 70-ci dakikadan sonra yorulmuş. Başqa şehirlerden de çok sayda türkiyeli arkadaşlar gelmiş. Böyle de olmalı". Oyundan sonra məni Gent vağzalına aparan əslən Afyondan olan taksi sürücüsü radiodan eşitdikləri əsasında "Gent" - "Qarabağ" qarşılaşmasının qısa özətini verir.
Sonra əlavə edir "Burda ermeniler de çok. Bizi sevmezler. Özellikle Karabağ savaşındakı zaferden sonra".
Qardaş ölkədəki zəlzələnin ardından "Gelamko Arena"nın 4 gün Türkiyə bayraqları ilə işıqlandırılmasından danışır. Deyirəm xəbərim var, bütün dünyada bənzər göstərilər vardı. Cavab verir ki, Azərbaycan qədər heç kim dəstək olmadı.
Abi məni vağzaldan yola salanda bir neçə dəfə möhkəm səslə sağollaşır.
...Bu gecə çətin yata biləm, nəsə demək, yazmaq əhvalı da yoxdur, açığı. "Qarabağ"ın "Gent"lə oyununu izləmək üçün seçdiyim Bakı-Budapeşt-Şarlerua-Brüssel-Brügge-Gent-Şarlerua-Varşava-Budapeşt-Bakı marşrutunun yarıdan çoxunu qət etsəm də, yorğunluq da hiss etmirəm. Amma qəlbin dərinliyində bir inciklik var...
Bu klubu keçə bilərdik...
O klubu ki, dünyada ən qədimlərdəndi, büdcəsi "Qarabağ"dan 5 dəfə çoxdu, çox gözəl stadionunun tikintisinə cəmi 1 illik büdcəsini xərcləyib, Kevin de Bröyne kimi dünya ulduzunu yetişdirib, Avropanın aparıcı futbol çempionatlarından birində ən güclülərdən sayılır və s. və i.
Amma Qurban Qurbanovun futbolçuları bu komandayla 210 dəqiqədən çox aslanlar kimi mübarizə apardı və çox təəssüf ki, penaltilərdə bəxt üzümüzə gülmədi.
Qurban Qurbanov kiçik büdcəylə elə böyük bir komanda yaradıb ki, artıq bəziləri "Qarabağ"ın avrokubok qazanmasının xəyallarını qurur…
"Gent"lə oyunda da sanki, havalara girmişdik, komandamızın qələbəsinə bəlkə də heç vaxt olmadığı kimi inanırdıq. Hətta, Gentdəki mücadilənin fasiləsində ilk dəfə idi "Qarabağ" rəsmilərini avrokubok qarşılaşmasının gedişində belə rahat, stressiz görürdüm. Onlar da mərhələ keçəcəyimizə böyük əminlik vardı...
Təəəsüf ki, olmadı. Oyun haqda çox danışmaq istəmirəm, onsuz da hamı baxıb. Yekun olaraq onu deyim ki, ağdamlılar tarixlərinin ən yaxşı avrokubok mövsümünü keçirdi. İstər oyun, istər nəticələr baxımından bu belədi, faktdı.
...Bir neçə gün öncə dünyanın ən güclü futbol çempionatı - İngiltərə Premyer Liqasının klublarından birininin baş məşqçisi komandasının "Çelsi" üzərində səfər qələbəsindən öncə Qurban Qurbanovu özünə ən yaxşı müəllim saydığını etiraf etmişdi. Söhbət "Sauthempton"u çalışdıran Ruben Sellesdən gedir.
...Ağdam təmsilçisinin futbolçularına və baş məşqçisinə xaricdən təkliflər gəlir, klub beş milyon avroya oyunçu satır, nəhəng futbol ölkələrinin klubları ilə başabaş mübarizə aparır, Tahir Gözəl demişkən, artıq sanballı Avropa komandasıdı. Bunda da əsas pay Qurban Qurbanova və ona güvənən rəhbərliyə düşür.
Yaxşı insanlar + yaxşı peşəkarlar = yaxşı komanda. Mənə görə "Qarabağ"ın əsas uğur düsturu budur.
...Hə, mövsümün bitimində bəlkə də, klubda, komandada, hər yerdə olduğu kimi hansısa dəyişiklər baş verə bilər. Amma futboldakı uğurları ilə heç vaxt öyünməyən Azərbaycanın bir klubunu bu yerlərə ucaldan insanlar heç vaxt unudulmayacaq!
Abdulbari Gözəl, Tahir Gözəl, Emrah Çelikel, Asif Əsgərov və əlbəttə ki, Qurban Qurbanov başda olmaqla "Qarabağ"ın qitənin tanınan komandalarından birinə çevrilməsində zərrə qədər də əməyi keçən hər kəsin Allah köməyi, yar-yardımçısı olsun!
Azərbaycan xalqına illərdir yaşatdığın sevincə görə, təşəkkürlər "Qarabağ"!
P.S. Ümid edirəm ki, növbəti mövsümdən xalqımız yalnız "Qarabağ"ın yox, həm də "Sabah"ın, "Neftçi"nin və digər klubarımızın da uğurlarına sevinəcək!
Yazı Etopaz-ın dəstəyi ilə hazırlanıb