“Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir” - “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın əslən xorvat olan yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya seçməsinin DÇ-2022-nin 1/4 finalında Braziliyanı penaltilər seriyasında üstələyərək, yarımfinala yüksəlməsindən sonra "Match TV"yə müsahibə verib.

Sports.az xəbər verir ki, Azərbaycan yığmasının da formasını geyinən yarımmüdafiəçi belə danışıb:

“Matçdan öncə hamı Braziliyanın favorit olduğunu düşünürdü. Amma xorvatlar xarakter nümayiş etdirdilər və yarımfinala vəsiqə qazandılar. Onlara görə çox sevinirəm. Penaltilər seriyası Xorvatiyanın dövlət sirridir. Yığma heç vaxt 11 metrlik cərimə zərbələrində məğlub olmayıb. Fikrimcə, bu yolla finala da çıxmaq mümkün olacaq".

Ozobiçin həmyerliləri yarımfinalda Argentina ilə qarşılaşacaqlar. Ağdamlıların futbolçusu "Messini dayandırmaq mümkün olacaqmı" sualını da cavablandırıb: "Onu sevirəm və uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi bu dəfə də dünya çempionu ola bilməyəcək. Cənubi amerikalıların Niderlandla oyununu izlədim. Görüş çox çətin keçdi. Argentinalılar temperamentlidirlər. Hesab edirəm ki, Xorvatiya daha yaxşı oynayacaq və onlara qalib gələcək".

Təcrübəli oyunçu Xorvatiya millisinin ən yaxşı futbolçusunun adını da açıqlayıb: "Məncə, Luka Modriç həmişə bir nömrədir. Bu səbəbdən məhz onu seçərdim. Modriç "Qızıl top" mükafatını qazanan yeganə xorvatiyalıdır. Eyni zamanda, Dominik Livakoviç də yaxşı qapıçıdır, cari mundialda bir neçə penalti qaytarıb. Komandamız üçün çox vacib oyunçudur".

Filip xorvatları baxımsız futbol sərgiləməkdə ittiham edənləri haqlı saymır: "Bəziləri çox şey deyə bilər, amma biz millini yarımfinalda görürük. Bunu söyləyənlər artıq evə gedib, biz isə hələ də buradayıq. Dünya çempionu ola bilərikmi? Görəcəyik. Yığmada bunun üçün bütün lazımi keyfiyyətlər var".

Xatırladaq ki, Argentina və Xorvatiya yığmaları arasında yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar