\"Əziz Şuşa”: İkinci mərhələnin qalibləri müəyyənləşdi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Sports.az xəbər verir ki, iyunun 8-də veloturun ikinci mərhələsi baş tutub.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilən şose velosipedinin qrup ötüşməsi növü üzrə 2.2 kateqoriyalı yarışın bu mərhələsində idmançılar Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər.

Elit yaş kateqoriyasında kişilərin mübarizə apardığı veloturun ikinci mərhələsinin qalibi Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans (04:06:52) olub. Bolqarıstan milli komandasının üzvü Nikolay Genov (04:06:52) ikinci, Çinin "China Glory Continental" klubunun velosipedçisi Julien Trarieux (04:06:52) üçüncü yerə layiq görülüblər.

Azərbaycan millisinin üzvlərindən Kamran Mirzəxanov böyük əzmkarlıq göstərərək pelotondan ayrılmağı bacarıb və finiş xəttini lider qrupun tərkibində keçib. İdmançımız 9-cu yerdə qərarlaşıb (04.06.58).

Bolqarıstan millisinin velosipedçisi Martin Papanov iki mərhələnin cəminə görə yarışın lideri, Niderlandın "Universe Cycling Team" klubunun üzvü Luk Şurmans ən yaxşı sprinteri, Qazaxıstanın "Vino Sko Team" klubunun üzvü İlkhan Dostiyev ən yaxşı dağ velosipedçisi, Türkiyənin "Sakarya BB Pro Team" klubunun üzvü Aleksandr Bereznyak isə ən yaxşı gənc idmançısı olub.

Komanda hesabında isə iki mərhələnin cəminə görə Bolqarıstan millisi birinci yerdə qərarlaşıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qalibləri medallar, lider velosipedçi sarı, ən yaxşı sprinter yaşıl, ən yaxşı dağ velosipedçisi qırmızı, ən yaxşı gənc idmançı isə ağ köynəklərlə təltif olunublar.

Qeyd edək ki, velotura ümumilikdə Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyə, Niderland, Qazaxıstan (iki komanda), Almaniya (iki komanda), Monqolustan, Misir, Filippin, Belçika, Çin və İtaliyanı təmsil edən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılıb.

İdmançılar iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar