Azad Rəhimovun oğlu məhkəməyə çağırıldı: “Gəlsin, hakim qarşısında cavab versin”
Formula 1-ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.
Sports.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.
Onlardan birincisi isə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Rəhimov cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib. (Qafqazinfo)
Müttəhim hesab edir ki, Arif Rəhimovun onun gördüyü işlərin hamısından xəbəri var. Xaricdə yerləşən şirkətlərin ona aid olub-olmamasından məlumatlıdır. Onun vəkili bu məsələ ilə bağlı əsaslar sadalayaraq vəsatət qaldırıb.
“Arif Rəhimov şirkətin rəhbəri olub. Formula 1 elə-belə yarış deyil. Yarışın təşkili üçün 150 milyon pul ayrılır. Belə olan halda rəhbər kimi dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi. Gəlsin, hakim qarşısında cavab versin”, – Çingiz Mehdiyevin vəkili Araz Hüseynli deyib.
Prokuror Orxan Səmədov vəsatətin təmin edilməsinə etiraz etməyib:
“Hesab edirəm ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı nə isə qanunsuzluq olsaydı, istintaq vaxtı buna qiymət verilərdi. Amma sırf münasibətlərin aydınlaşdırılması üçün Arif Rəhimovun əlavə şahid kimi dindirilməsinə narazı deyilik”.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər vəsatəti hələ ki, baxılmamış saxlayıb. Qarşıdakı iclaslarda bununla bağlı qərar veriləcək.