“Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq”
"Abşeron"un baş məşqçisi Erhan Toker "Naxçıvan"a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 4-cü turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Sports.az xəbər verir ki, türkiyəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
"Oyun üslubumuzu inkişaf etdirmişik. İlk dövrələrdə bunu sübut etdik. Yaxşı oyun sərgilədik. Rəqib komanda sərt oynamağa başlayanda biz öz oyun üslubumuzu itirdik. Çünki görüşün baş hakimi qayda pozuntuları zamanı matçı saxlamırdı. Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi. Qalib gələ biləcəyimiz qarşılaşmanı uduzduq. Bəzi legioner oyunçularımızın yetəri qədər təcrübəsi yoxdur. Bu isə biz məşqçilərin işidir. Onları inkişaf etdirmək və lazımı səviyyəyə çatdırmalıyıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
"Abşeron" - "Naxçıvan" qarşılaşması ikincilərin 72:68 hesablı qələbəsi ilə yekunlaşıb.