Pley-off oyunlarına hazırlıq məqsədilə xüsusi görüş

Yüksək Liqa yarışlarının pley-off və final mərhələsinə hazırlıq çərçivəsində hakimlərlə xüsusi görüş keçirilib.
Sports.az xəbər verir ki, martın 25-də GİN-in Voleybol Mərkəzində baş tutan görüşə AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev rəhbərlik ediblər.
İclasda qarşıdakı oyunlarda hakimliyin daha peşəkar və obyektiv şəkildə həyata keçirilməsi ilə bağlı mühüm məqamlar müzakirə olunub. Eyni zamanda, beynəlxalq voleybol qaydalarındakı yeniliklər diqqətə çatdırılıb və onların tətbiqi ilə bağlı hakimlərə ətraflı izah verilib.
Görüşün əsas məqsədi pley-off və final mərhələsində ədalətli oyun mühitinin təmin edilməsi, qaydaların düzgün tətbiqi, eləcə də oyunlar zamanı operativ və dəqiq qərarların qəbul olunmasına nail olmaq olub.
Sonda hakimlərə qarşıdakı oyunlarda uğurlar arzu edilib.





























