Premyer Liqa rekordunu yenilədi

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqası rekordunu yeniləyib.
Sports.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bunu XVI turda "Aston Villa" ilə matçın 22-ci dəqiqəsində meydana daxil olmaqla reallaşdırıb.
Premyer Liqada 653-cü oyununa çıxan Milner çempionat tarixində ən çox matç keçirən Qaret Perrinin rekorduna şərik olub.
Təcrübəli oyunçu karyerası ərzində "Lids" (48 oyun), "Nyukasl" (94 oyun), "Aston Villa" (100 oyun), "Mançester Siti" (147 oyun) və "Liverpul" (230 oyun) kimi klubların şərəfini qoruyub. 2023-cü ilin yayında "Brayton"a qoşulan Milner bu komandanın heyətində indiyədək 34 matçda iştirak edib. Premyer Liqada ümumilikdə 56 qol vuran yarımmüdafiəçi həmçinin 90 məhsuldar ötürmə ilə turnir tarixinin ən yaxşı 10 assistentindən biridir.
Milner fevralın 21-də "Brentford"a qarşı keçiriləcək görüşdə meydana çıxacağı təqdirdə Qaret Perrinin rekordunu qıraraq siyahıda liderliyə yüksələcək. Hazırda çıxışını davam etdirən oyunçular arasında onun ən yaxın izləyicisi "Brentford"un üzvü Cordan Hendersondur (454 oyun).
Qeyd edək ki, C.Milner Premyer Liqa tarixində 40 yaşından sonra meydana çıxan 5-ci meydan oyunçusudur. Turnir tarixinin ən yaşlı meydan oyunçusu rekordu isə hələlik 40 yaş 272 günlüyündə son matçına çıxan Teddi Şerinqemə məxsusdur.




























