“Hələ də Vyanadakı məğlubiyyətin şokundayam”

“Aris” və “Rapid”lə “Bakcell Arena”dakı oyunlardan sonra “Neftçi”nin yeni transferləri üçün az qala heykəl ucaldılacaqdı. 

Kenni Sayefin 2, Qodsvey Donyo ilə Ataa Caberin hərəyə 1 dəfə fərqlənməsi ilə azarkeşlər ümidlənmişdi. Lakin yenilərin “Rapid”lə Vyanadakı qarşılaşmada imkanlarından aşağı səviyyədə çıxış etməsi “ağ-qaralar”ı pley-offdan etdi. 

Həmin görüşdə ən çox qınağa tuş gələn isim Sayef idi. Buna qədər 2 baxmlı qolla tribunaları coşduran “5 nömrə” Avstriyada 2 real qol şansını boşa verməklə fanatların qəzəbinə tuş gəldi. 

Kenni Sports.az-a müsahibəsində təkcə həmin qarşılaşma ilə bağlı yox, digər məqamlarla da bağlı sualları cavablandırdı. 

- Kenni, yoxsa Kennet? 
- Pasportda Kennet yazılıb, amma dostlarım, yaxınlarım Kenni deyə müraciət edir. 

- “Kəpəz”lə oyunda əldə etdiyiniz 5:2-dən sonra nisbətən özünüzə gəlmisiz? 
- Düzünü desəm, yox. Hələ də Vyanadakı məğlubiyyətin şokundayam. Neçə gündür özümə yer tapa bilmirəm. 

- Komanda yoldaşlarından fərqli, “Kəpəz”in qapısına vurduğun qolun xüsusi sevinclə qeyd etmədin. “Rapid”ə yenilgiyə görəydi?
- Bəli. 

- Nədir sənə şokdan ayılmağa qoymayan? Komandanın mərhələ adlaya bilməməsi, yoxsa özünün real imkanları boşa verməyin? 
- Həmin anlarda qol vurmağı bəlkə də hamıdan çox mən istəyirdim və buna çalışırdım. Komanda olaraq pis oynamadıq. Görsəydim ki, rəqib bizdən aşkar üstün idi, bəlkə də bu qədər təsir etməzdi. Bakıda onları udmuşduq, Avstriyada da qələbə qazana bilərdik. Çox böyük şanssızlıq yaşadıq. Ümumi komandamız adına üzgünəm. Pley-offda oynaya bilərdik. 

- Öncəki oyunlarda vurduğun mükəmməl qollarla azarkeşlərin rəğbətini qazanmışdın. “Rapid”lə səfər matçında sanki həyəcanlıydın deyə, imkanları boşa verdin. 
- Həyəcandan söhbət gedə bilməz. Konfrans Liqasından öncə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynamışam, hər iki turnirdə qrupdan növbəti mərhələyə yüksəlmək sevinci yaşamışam, milli komandalarda çıxış etmişəm, “Valensiya”, “Tottenhem”, “Lion”, “Volfburq”, “Sportinq” kimi komandalara qarşı mübarizə aparmışam. “Rapid”ə qol vura bilməməyin həyəcanla əlaqəsi ola bilməz. Sadəcə hər futbolçu üçün uğurlu və uğursuz gün var. Həmin gün mənim günüm deyildi. 

- “Neftçi”nin azarkeşləri səndə necə təəssürat yaratdı? 
- Çox möhtəşəm idilər. Sözün düzü, pley-offu, ardınca qrup mərhələsini həm də onlar üçün istəyirdik. O cür dəstəyin qarşılığında daha çox sevinməyi haqq edirdilər. Heyf üzlərini güldürə bilmədik. Qarşıda bizi gərgin və maraqlı mövsüm gözləyir. İnanıram ki, azarkeşlərimizlə birgə gülən günlərimiz çox olacaq. 

- Azərbaycan çempionatının səviyyəsi necədir? Daha öncə oynadığın Belçika və İsrail liqalarından geri qalır, bu, anlaşılandır. 
- Düz qeyd edirsiz. Arada böyük fərq var. Amma burda da futbolun inkişafı üçün böyük işlər görülür. Hələ cəmi 1 oyunda meydana çıxmışam. Ona görə də ümumi səviyyə haqda söz deməkdə çətinlik çəkirəm. Sualınıza 5-6 turdan sonra daha dəqiq cavab verə bilərəm. 

- Bakı necə, xoşuna gəlir? 
- Bakını qısa müddətdə çox sevdim. Bura əla şəhərdir. Gözəlliyi, işıqlı və təmiz olması, insanların hər imkanda bizə kömək etməyə çalışması. Bakı hazırkı məqamda Avropanın aparıcı şəhərlərindən heç də geri qalmır. Əsas odur, burda özümü rahat hiss edirəm. 

- İlk baxışda Azərbaycanda səni təəccübləndirən nə oldu? 
- Elə bir şey olmadı. Hər şey öncədən eşitdiyim və bildiyimi kimidir. Həm də sıx qrafikdə oynayırıq deyə, şəhəri və ölkəni elə də çox gəzmək imkanımız olmayıb. Əsasən mərkəzi küçələrdə gəzmişik, ordakı butiklərə, kafe-restoranlara baş çəkmişik. 

- Yerli mətbəxə öyrəşə bilirsən? 
- Mətbəxiniz aşağı-yuxarı Türkiyənin yeməkləri ilə eynidir. Türkiyənin təamları isə İsrailinkilərə bənzəyir. Belə deyim, bu üç ölkənin mətbəxi arasında ciddi fərq yoxdur. Çox az fərq var. Ona görə də hansısa mənada problem yaşadığımı düşünmürəm. 

- Universal futbolçusan və indiyə qədərki komandalarında müxtəlif mövqelərdə çıxış etmisən. Sənə harda oynamaq daha rahatdır? 
- Mənim üçün heç bir fərqi yoxdur. Meydanda oynamadığım mövqe qalmayıb (gülür). Sağ və sol cinah müdafiəçisi, hər iki cinahda yarımmüdafiəçi, dayaq yarımmüdafiəçisi, ikinci hücumçu – bir sözlə, hər yerdə sınanmışam. Mövqe fərq etmir, əsas odur topla hərəkət edim, komandama fayda verim.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar