"Bu dəfə daha çox azarkeş dəstəyinə, köməyinə ehtiyacımız var" - Emrah Çelikel 

"Qarabağ"ın direktoru Emrah Çelikel Çempionlar Liqasında "Rakuv"la çətin oyundan əvvəl Sports.az saytına müsahibə verib.
O, bu qarşılaşmada çempionumuzun daha çox azarkeş dəstəyinə ehtiyacı olduğunu bildirib: 

 

- İlk növbədə sabahkı oyunda uğurlar! 
Polşada əla oyun sərgilədiniz. Amma şanssız qollar buraxıldı. Bu futbolçuların psixoloji durumuna mənfi təsir etməyib ki? Komandada vəziyyət necədi? 

- Təşəkkür edirəm! Bəli, çox maraqlı oyun oldu. Komandamız 90 dəqiqə savaşdı. Əlbəttə, istərdik ki, heç olmasa bərabərliklə ayrılaq. Hamı çox üzgündü, bəlkə də, qələbəylə qayıda bilərdik. Amma rəqib də kiçildiləsi deyil. Biz zəif komandaya uduzmamışıq. Uda biləcəyimiz bir rəqib olsa da, çox intizamlı idilər. 
Buna baxmayaraq, abu-hava yaxşıdı, hamılıqla burdakı matçı gözləyirik. Daha maraqlı bir oyuna şahidlik edəcəyimizə inanıram. Qalib gəlmək istəyirik. Xeyirlisi, inşallah. İnanıram ki, azarkeşlərimizin də dəstəyilə burda istədiyimiz nəticəni əldə edə biləcəyik. 

- Polşadakı oyundan sonra azarkeşlər kütləvi şəkildə Şahruddini günahlandırır, komandadan göndərilməsini tələb edir. Hətta, ona göstərilən etimada görə Qurban Qurbanovu da istefaya səsləyirlər. 
Yəqin ki, hazırda onun psixoloji durumu ideal deyil. Ümumiyyətlə, Şahruddinin artıq ənənəvi səhvlərini nəzərə alsaq, yeni qapıçı axtarırsınızmı? Təxmini hesablamalara görə bu səhvlər "Qarabağ" klubuna təxminən 30 milyon manat zərər vurub... 

- Şahruddinlə bağlı onu deyə bilərəm ki, mən ona inanıram. Hər bir qapıçının, oyunçunun, insanın səhvi ola bilər. O da səhvlər buraxır və futbol cəhətdən yəqin ki, Qurban müəllim ona lazımi tapşırıqlarını verir, tələblərini deyir. Azarkeşlərimizi də anlayıram, ancaq adicə bir məqamı vurğulayım ki, indiyə kimi tribunalar ən çox Şahruddinin adını səsləyib, onun oyununu bəyənib. Əminliklə deyə bilərəm ki, azarkeşlərimizin Şahruddindən çox səsləndirdiyi ad yoxdu. Onun mübarizliyini, qorxmazlığını, bir qapıçı kimi də, insan kimi də bəyənildiyini, sevildiyini düşünürəm. 
Əlbəttə, fikirlər müxtəlif ola bilər. Onlara da hörmət edirəm. Qurban müəllim komanda və ya oyunçularla bağlı hansı qərarı versə, biz ona tam dəstəyik. Şahruddin başda olmaqla bütün oyunçularımıza çox inanıram və güvənirəm. Əllərindən gələni edəcəklər. Komandamıza dəstək vermək, stadiona gəlib tribunalarda  qələbəyə səsləmək lazımdı. Hər zamankı kimi bir olmalıyıq və inanıram ki, sabah stadionda biz bu birliyi görəcəyik. 

- Ümumiyyətlə, yeni transferlər gözlənilirmi? 

- Transfer məsələləri Qurban müəllimin nəzarətində və məsuliyyətindədi. O istədiyi an, istədiyi oyunçunu almaq üçün əlimizdən gələni edirik. Həmişəki kimi indi də oyunçuları araşdırırıq, izləyirik. Qərar verilsə, əlbəttə, transfer ediləcək. Amma hazırda hər hansı bir futbolçu ilə danışıq aparmırıq. 

- Bilet satışı necə gedir? BOS-un tutumu Tofiq Bəhramov adına Respublika stadionundan xeyli çoxdu və bu stadionda da anşlaq olacağı o qədər də inandırıcı görünmür... 

- "Rakuv"la qarşılaşmaya "Linkoln"la müqayisədə daha böyük maraq var. Ancaq tribunaların tam dolacağına mən də çox inanmıram. "Tofiq Bəhramov" bizim doğma stadionumuzdu. İndi orda əsaslı təmir işləri gedir. Ot örtüyü dəyişdi. İnşallah, orda oynayanda özünüz də görəcəksiniz ki, demək olar stadion tam yenilənib. Bu birbaşa Gənclər və İdman naziri cənab Fərid Qayıbovun göstərişi və şəxsi nəzarəti ilə həyata keçirilir. İnşallah, növbəti mərhələdən şərait imkan versə, ora qayıtmaq istəyirik. 

- "Qarabağ"ın avrokuboklarda və ölkədaxili yarışlarda hədəfi nədir? "Neftçi" və "Sabah"ın da artıq çempionluq iddiaları var, gərgin bir mövsüm gözlənilir. 

- Bizim bütün yarışlarda yeganə hədəfimiz bacardığımızın ən yaxşısını edib, ən yüksək pillədə olmaqdı. Bu mövsüm də dəyişən bir şey yoxdu. Komandaların güclənməsi Azərbaycan futbolu adına çox sevindiricidi. Bu rəqabəti artıracaq, mübarizə daha gərgin olacaq və çempionatın səviyyəsi artacaq. Buna yalnız sevinmək olar. İnşallah, daha çox komandalarımız güclənsin, həm daxili, həm də beynəlxalq yarışlarda nəticələrimiz daha yaxşı olsun. 

- "Rakuv"la bu il keçirilən hər iki oyunda "Qarabağ" uduzub və hər iki oyunda da 3 qol buraxıb. Bakıdakı qarşılaşma sözsüz, çox ağır olacaq. Belə bir mücadilədə "Qarabağ"ın köməyinə azarkeş dəstəyi də çata bilər... 

- Azərkeşlərimizə inamımız sonsuzdu, bizi heç vaxt tək qoymayıblar. "Rakuv"la qarşılaşmada da komandamıza böyük dəstəyin olacağına əminəm. Hər oyundakı kimi, bəlkə də bu dəfə daha çox azarkeş dəstəyinə, köməyinə ehtiyacımız var. Futbolçularımızın meydanda, azarkeşlərimizin isə tribunada qələbə üçün əlindən gələni edəcəyinə inanıram, inşallah. 

- Zaman-zaman klubun transfer siyasəti birmənalı qarşılanmır. Məsələn, Polşadakı oyunun antiqəhrəmanlarındanbiri Elvin Cəfərquliyev, Leandro Andrade və bəzi digər futbolçularınıza milyonluq təkliflərin olması haqda mediada məlumatlar çıxırdı. Yazılan məbləğləri verirdilərsə, onları satıb yerlərinə daha yaxşılarını almaq, güclənmək olmazdımı? 

- Mediada çıxan xəbərlərin doğruluğunu klubdan dəqiqləşdirmək lazımdı. Adını çəkdikləriniz bir azarkeş kimi istedalarını çox bəyəndiyim futbolçulardı. Bizim transfer siyasəti göz önündədi. İstər yerli, istər əcnəbi transferlərimiz əsasən ümidləri doğruldurlar. Əlbəttə, hamını məmnun etmək mümkün deyil. Amma heç vaxt transfer xatirinə transfer etməmişik. Böyük əksəriyyətindən qarşılığı alınıb. Xaricə yollanan futbolçularımızı da bilirsiniz. Biz əsasən oyunçu özünü "Qarabağ"da görmədikdə onun satışını müzakirə edirik. 

- Klubun akademiyası da tez-tez tənqid olunur. Deyəsən indi bu yöndə irəliləyiş gözlənilir? Yeni akademiyanın və bazanın tikintisi haqda məlumatlar var... 

- Bəli, akademiyamız haqda inşallah, gözəl xəbərlər eşidəcəksiniz. Bir az tələsməyək. Hər şey tam dəqiqləşəndən sonra klub tərəfindən ətraflı məlumat veriləcək. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar