"Bakıya gəlməyə pulum yoxdu" - Reynaldo 

“Qarabağ”lı azarkeşlərin ürəyində Reynaldonun yeri tam başqadır. 

Vaxtilə komandanın aparıcı simalarından olan, sərgilədiyi oyun və vurduğu önəmli qollarla adını klub tarixinə ən bacarıqlı legioner kimi yazdıran braziliyalı futbolçunun adı hələ də yaddaşlardan silinməyib. 

İndinin özündə də söhbət yaxın keçmişdəki uğurlardan düşəndə, gözlər önündə Reynaldo canlanır. 

Həyatında ilk dəfə yarım saatlıq müsahibə verən səbəbkar, futbolçu olduğu dönəmdə jurnalistlərlə söhbətdən qaçdığını etiraf etdi, lakin indi ünsiyyətə maraqlı olduğunu gizlətmədi. 

Səmimi söhbət zamanı braziliyalının tez-tez “inşallah” kəlməsini dilə gətirməsi isə müsahibəyə bir ayrı gözəllik verdi. 

(Əvvəli ötən yazıda) 

- Nə qədər idi? 

- Çox yaxşı idi. 

- Nə qədər? 

- Aylıq 50 min dollar. Qol vuranda, qalib gələndə, titul qazananda əlavə bonuslar da verilirdi. “Qarabağ”da heç vaxt pulla bağlı problemim olmayıb. 

- “Qarabağ”lı futbolçularla əlaqən var? Qurban Qurbanovla Rəşad Sadıqovla danışırsan? 

- Vaxtilə eyni komandada oynadığım oyunçularla əlaqəm var. Riçard Almeyda, Maksim Medvedev, Qara Qarayevlə, tərcüməçi Elvar Quliyevlə ara-sıra danışıram. Elvarın vasitəsi ilə bəzən Qurban Qurbanovla Rəşad Sadıqova salamlarımı çatdırıram. “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev də dostumdur. 

- “Neftçi”dən təklif almışdın? 

- Bəli. 

- Nə vaxt? 

- “İrtış”da oynayanda, “Qarabağ”a qayıdışımdan bir qədər əvvəl. 

- Nə cavab vermişdin? 

- “Neftçi”dən əlaqə saxlamışdılar. Dedilər, nə qədər pul istəyirsən veririk, nə istəyirsən həll edirik, gəl oyna. Açığı, razılıq vermişdim. Çox keçmədən “Qarabağ”dan da təklif almışdım. Çətin vəziyyətdə qalmışdım, seçim etməliydim. Ürəyim “Qarabağ” dedi, “Neftçi” rəhbərliyindən üzr istəyib, alınmayacağını bildirmişdim. 

- “Neftçi” rəhbərliyini pis vəziyyətdə qoymuşdun demək... 

- Tanıyanlar bilir ki, verdiyim sözün üstündə duran adamam. Aldatmaqla, yalan danışmaqla aram yoxdur. Həyatımda bəlkə də ilk dəfə idi ki, verdiyim sözə əməl etmədim. Bunu da “Qarabağ”a görə etdim. 

- “Qarabağ” adı sənin üçün hansı mənaları daşıyır? 

- Həyatıma və karyerama gözəllik qatan, məni Reynaldo edən, titullar qazandıran, insanlara sevdirən, karyeramda ən uğurlu, orada olmaqdan qürur duyduğum klub. Bir sözlə, “Qarabağ” mənim üçün hər şeydir. “Qarabağ”da qazandığım kubok və medalların hamısı evimdədir. Bəzən həvəslə onlara baxır, keçmişi yada salıram. “Yutub”da vurduğum qolları izləyirəm, bəzən “İnstagram”da paylaşıram. Gözəl illər, günlər idi. Bakıya gələcəm, mütləq gələcəm. 

- Maddi durumun necədir? 

- Pis deyil, yaxşıdır. 

- Braziliyadan Bakıya səfər etmək kifayət qədər maliyyə tələb edir. İmkanın var? 

- Bu dəqiqə imkanım yoxdur, açığı. Çünki pullarımı biznesə ayırmışam. Amma 1 il ərzində pullar artıqlaması ilə hesabıma qayıdacaq. Ona görə də deyirəm ki, gələn il Bakıya səfər edəcəyik. 

- İndi “Qarabağ”ın yeni ulduzu var – Kadi Borges. 

- (gülür) Bilirəm, xəbərim var. Bacarıqlı futbolçudur, bəyənirəm. “25 nömrə” də xoşuma gəlir (İbrahima Vadji). 

- Bəs, Abdullah Zubir? 

- Zubir mənə görə “Qarabağ” tarixinin ən yaxşısıdır. 

- Kadi Reynaldodan üstündür? 

- Bu suala mənim cavab verməyim doğru olmaz. Bunu azarkeşlərdən, jurnalistlərdən, mütəxəssislərdən, futbolçulardan soruşsanız, doğru olar. 

- Zubir, yoxsa Reynaldo? 

- O-o-o, əlbəttə ki, Zubir. Dediyim kimi mənə görə o “Qarabağ” tarixinin ən yaxşısıdır. Zubirin texnikası məndə olsaydı, rahatlıqla ən böyük klublarda oynayardım. Topla möhtəşəm davranır. Heyf birlikdə oynamağımız alınmadı. İkinci qayıdışımda az müddət oynadıq, amma həmin dönəmdə Reynaldo deyildim. Yaxşı vaxtlarımda Zubirlə eyni komandada oynasaydıq, rəqiblər “Qarabağ”dan nə çəkərdi, Allah bilir. 

- Sol cinahda Zubir, sağda Kadi, hücumda sən. Yarımmüdafiədə Miçellə Riçard. 

- (gülür) Təsəvvür edə bilirsən? Bu komandanı saxlamaq olmazdı. 

- “Qarabağ”ın avrokuboklarda ən məhsuldar futbolçususan. Xəbərin var? 

- Doğrudan? Neçə qol vurmuşam? 

- 11... Amma Zubirlə Kadi 9 qolla arxanca gəlir. 

- Hələ ki, mən yüksəkdəyəm, gözləyirəm, gəlsinlər. Mənim üçün fərdi uğur önəmli deyil, əsas olan “Qarabağ”ın uğur qazanmasıdır. Ona görə də rəqəmlərə, rekordlara ciddi önəm vermirəm. 

- Bu gedişlə Kadi bütün rekordları qıracaq. Klubla yeni – 5 illik müqavilə bağladı. 

- Olsun, lap yaxşı. Mənim zədələrim olmasaydı, “Adanaspor”a getməsəydim, avrokuboklarda 11 yox, bəlkə də 20-25 qol vurardım. 

- Azarkeşlər indiki “Qarabağ”ı son illərin ən güclü “Qarabağ”ı hesab edir. Razısan? 

- Azarkeşlər belə fikirləşirsə, mənim nəsə deməyim doğru olmaz. Mənə görə hər dövrün özünə görə gözəlliyi var. Bizim dönəmdə də yaxşı komandamız var idi. Ardıcıl neçə il pley-offda oynayandan sonra qrup mərhələsinə yüksəldik, vacib qələbələrimiz oldu. İndiki “Qarabağ” da kifayət qədər inamlı görünür. Amma müqayisə etmək istəmirəm. İnsanlar, mütəxəssislər, azarkeşlər doğrusunu bilər. 

- Suallarım bitdi. Demək istədiyin nəsə var? 

- Həyatımda ilk dəfə belə geniş müsahibə verdim. Fikrimcə, suallarını istədiyin kimi cavablandırdım. Diqqət göstərdiyiniz üçün təşəkkür edirəm, saytınıza uğurlar arzulayıram. 

Fürsətdən istifadə edib Azərbaycandakı dostlarıma salam göndərmək istəyirəm. Daim bizi stadionda dəstəkləyən, adımı çağırmaqdan bezməyən azarkeşlərə minnətdarlıq edirəm. Neçə ildir Azərbaycanı tərk etmişəm, amma məni unutmurlar. Sosial şəbəkələrdə tez-tez dəstək mesajları alıram, sevgilərini bildirirlər. Bu cür diqqət görmək məni qürurlandırır. “Qarabağ”da oynadığım müddətdə klubumuz və Azərbaycan üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. İynə gücünə oynamışam, təki “Qarabağ” udsun, Azərbaycan xalqı sevinsin. İnşallah, gələn il mütləq Bakıya gələcəm və azarkeşlərlə görüşmək imkanım olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar