“Neftçi”də yaşananlardan danışsam, azarkeşlər iyrənər” - Samir Abasov
“Qarabağ”ın ardıcıl 7 illik çempionluq seriyasına son qoyan Samir Abasov 2020/21 mövsümündə “Neftçi”yə qızıl medallar qazandırdı, həm də ölkənin ən yaxşı baş məşçilərindən biri olduğunu sübut etdi. Ancaq geridə qalan mövsüm komanda Premyer Liqada ikinci yeri tutduğu üçün klub rəhbərliyi onunla yolları ayıraraq baş məşqçi postuna rumıniyalı Laurentsiu Regekampfı gətirdi.
Hazırda gözdən-qulaqdan uzaq olan Abasov Sports.az saytına geniş müsahibəsində bir çox məqamlara toxundu.
44 yaşlı mütəxəssis klublarımızın avrokuboklardakı çıxışı və ölkə çempionatının startını dəyərləndirməklə yanaşı, “Neftçi”dəki günlərini yada saldı.
Abasovla müsahibənin ikinci hissəsini təqdim edirik.
- İndi “Neftçi” çoxmu güclənib?
- Çempion olandan sonrakı mövsümdə də avrokuboklardan kənarda qalmadıq, autsayderlər sırasında yer almadıq, ikinci yeri tutduq. Və bunu hansı heyətlə etdiyimiz də göz önündə idi. Komandanın nə qədər güclənib-güclənmədiyini mövsümün sonunda nəticələr göstərəcək. İkinci yeri tutmasalar, ondan sonra suallar yaranacaq. Yeni oyunçular güclənmə məqsədi ilə gətirilib, oyun sistemi dəyişilib. Dörd tura əsasən qiymət vermək çox çətindir.
- Samir Abasov da avrokuboklarda bir mərhələ keçə bilirdi. Baş məşqçi dəyişikliyi nə üçün edilmişdi?
- Bəli, avrokuboklarda daha uğurlu çıxış üçün bu dəyişiklik olmuşdu. Bunu mən və siz yox özləri deyirdilər. Gürcüstanda çempionat gedə-gedə Samir Abasovun komandası Tbilisi “Dinamo”sunu keçdi. Ora hansı əziyyətlərlə getdiyimizi hamı bilirdi. “Olimpiakos”la oyundan sonra bütün stadion yaxşı oyuna görə bizi alqışladı. İndi bəzi insanlar bu cür danışırlar, guya Samirin qayğısına qalırlar. Bunları həmin vaxt demək lazım idi. Ötən il Samirə uğursuz deyənlərin indi adımı çəkməsinə ehtiyac yoxdur. Lap deyə bilərəm ki, mən “Rapid”i də keçərdim. Amma bunu mən deməklə olmur. Axı heç kim bilməz. Bəziləri var ki, guya Samirə görə “yanırlar”. Bunlar artıq keçmir.
Çempionlar Liqasında bir mərhələ keçmişik. Ancaq “Neftçi” kimi klub üçün bu heç nədir. Qarşıya qrupa düşmək hədəfi qoyulursa, baş məşqçinin kimliyindən asılı olmayaraq, buna uyğun iş görülməlidir. “Samir “Neftçi”ni qrupa daşıyardı” demək də indi düzgün deyil. Çünki Samir orada deyil. Gələn ilin mayında hər kəs qiymətini verəcək. Mən bu barədə danışmaq istəmirəm. Çünki mən danışsam, aləm bir-birinə dəyər. Biz özümüz də “Neftçi”ni çox sevirik, bu kluba dəyər veririk. “Flaqman” haqda neqativ söhbətlər olmasını istəmirəm. Bayaq soruşdunuz ki, yaddan çıxmısanmı? İndi yaddan çıxmaq mənə sərf edir. İstəmirəm ki, “Neftçi”nin bu mövsüm avrokuboklardakı uğursuzluğunu mənim yoxluğumla əlaqələndirsinlər. Avropada daha uğurlu olmaq üçün xaricdən yeni baş məşqçi gəlib. Bu mövsüm olmadı, gələn il olar. Allah Kərimdir, bəlkə nə vaxtsa Samir Abasovla uğurlu olacaq. Sabah nə olacağını Allahdan başqa heç kim bilmir. “Neftçi”də indi yeni qurulan kollektiv var. Baş məşqçi dəyişdirilib, yeni futbolçular var. İndidən oyunlarına qiymət vermək tezdir.
- “Neftçi”dən sanki inciklik var...
- Hər şeyi bir kənara qoyaq, insani cəhətdən düşünək. Komandanı neçə illərdən sonra çempion eləmisən, növbəti il şərtlər həddən artıq çox məhdudlaşıb, akademiyadan neçə gənc uşaq əsas heyətə cəlb olunub. Yerli futbolçularla bağlı problem var idi. Bunları oturub danışsaq, aləm qarışar. Bu problemlərlə də mövsümü keçirmişik. Açığı, sərgilənən oyun mənim də xoşuma gəlmirdi. Çünki əlimizdəki heyətə uyğun olaraq sırf nəticəyə oynadıq və ikinci yeri tutduq. Ondan sonra da dedilər ki, Samir bizə lazım deyil. Vəssalam!
Futbolda bunlar olan hadisələrdir. İncisəm nə olacaq, inciməsəm nə?! İncisəm, oradakılar çıxıb gedəcəklər? Xeyr. Bunları işsiz qalanda da dərd eləməmişəm, indi də eləmirəm.
- Maraqlıdır, rəhbərlik yeni müqavilə bağlamayanda səbəb kimi uğursuz çıxışı göstərdi?
- Ümumiyyətlə, məni heç çağırmadılar, oturub söhbət də eləmədik. Bircə dəfə zəng vurub klubun yeni müqavilə bağlamamaq qərarına gəldiyini bildirdilər, vəssalam. Mən də dedim ki, hər şeyə görə sağ olun. Nə klubdan, nə də Müşahidə Şurasından çağırıb söhbət edən olmadı. Əlbəttə, görüş olsaydı, mənim də deyəcək sözlərim var idi. Amma orada olmağımı istəmədilər. Adicə özünüzlə götürün. Sizə yaxşı material versələr və onu işləməsəz, irad bildirərlər. Mənə də ötən mövsümün əvvəlində hansı məqsəd qoyulmuşdusa, onu da bacardım. Demişdilər ki, hədəf çempionatda 2-3-cü yerlərdən birini tutaq, avrokuboklarda iştirak edək. Mən də bunu etdim. Sonradan eşidirəm ki, ölkə kubokundakı çıxışı səbəb göstərirlər. Halbuki kubokla bağlı söhbətimiz olmamışdı. Nə olur-olsun “ağ-qaralar”a ürəyimdə sevgi var. Məncə, indi Samirin dönəmindəki “Neftçi”də olanlara qayıtmaq düzgün deyil. Nələr yaşandığını hamı bilir. Keçdi getdi. Bunların hamısı boş söhbətlərdi. Əsas başqa şeylər idi. Başdan ayağa danışsam aləm dəyəcək bir-birinə. Amma “Neftçi”ni sevənlər çoxdur. Nələrsə danışıb o insanları sevimli klublarından iyrəndirmək istəmirəm. Nə qədər insan sırf mənə görə klubdan incidi. “Ağ-qaralar"ın “Forza-Neftçi” kimi fan-klubu var. Mənim dediklərimdən sonra istəmirəm ki, söyüb-batırsınlar. “Neftçi”yə necə sevgi ilə bağlıdılarsa, o cür də davam eləsinlər. Çünki burada Samirdən və ya hansısa şəxsdən yox, klubdan söhbət gedir. Bu sevgi də hər şeyi ikinci plana atmalıdır.
- Dediyiniz kimi, çempion olduqdan sonra heyətiniz güclənmək əvəzinə zəiflədi. Ümumiyyətlə, Azərbaycan klublarında transferlər zamanı baş məşqçiyə hansı səlahiyyət verilir?
- Transfer məsələsi böyük söhbətdir, ucu-bucağı yoxdur. Məsələn, hücumçu almağa 5000 pul ayrılır, baş məşqçi də o məbləğə uyğun oyunçu seçməlidir. Yəni səlahiyyətdən çox baş məşqçiyə yaradılan imkan rol oynayır. Biz çempion olduqdan sonra həmin heyətdən cəmi 5-6 əsas oyunçu qaldı. Sabir Buqrin, Mamadu Kane, Namik Ələskərov, Keysuke Honda, Stiven Jozef-Monroz kimi aparıcı simalar getdi. Onların da yerini doldura bilmədik. Niyə doldura bilmədik, nələr baş verdi, indi bunu müzakirə eləmək istəmirəm. Mənim danışmağımla heç nə dəyişməyəcək.
- Sizin üçün olmasa da, sizdən sonrakı mütəxəssislər üçün bəlkə nəsə dəyişəcək?
- Məndən əvvəlkinin vaxtında nə oldu ki, sonrakının dönəmində də nə olsun? Əsas odur ki, komandalar başlarını girələyib oynasınlar. Mənim sözlərim “Neftçi”yə, orada oturanlara antipatiya, nifrət oyada bilər. Buna görə də danışmaq istəmirəm. Azarkeşlərin “Neftçi”yə olan sevgiləri göz önündədir. Uzağa getməyək, “Rapid”ə uduzsalar da, növbəti çempionat matçında bütün fanatlar gəlib komandanı dəstəklədi. Heç olmasa bu sevgini onların əllərindən almayaq.
- İşlədiyiniz zaman açıqsözlü mütəxəssislərdən sayılırdız. Bəlkə bunun da ayrılığınızda rolu oldu?
- İnanın ki, əksinə, “Neftçi”də hələ heç nə danışmadım. Çünki bilirdim ki, oxlar yenə fırlanıb mənə tərəf istiqamətlənəcək. Deyəcəkdilər ki, bəhanə axtarır. Buna görə də sakit qaldım və o şərtlərlə işlədim. Kim deyirsə ki, uğursuz oldum, mövsümün sonunu gözləyək, onda bunu hamı görəcək. İlyarımda çempionluq qazanmaq, ardından ikinci yeri tutmaq, üstəlik, rəqiblər tərəfindən daha ciddi hörmətə layiq görülmək böyük uğurun başlanğıcı idi. Təəssüf ki, elə orda da bitdi...