“Qarabağ”a ümidimiz böyükdür” – Aftandil Hacıyev

Yay fasiləsində “Səbail”lə yeni müqavilə bağlamasına baxmayaraq, mövsüm start götürməmiş komandadan ayrılan Aftandil Hacıyev hazırda işsizdir. Futbolçu karyerasında “Qarabağ”da da çıxış etmiş 41 yaşlı mütəxəssis Sports.az saytına müsahibəsində sabiq klubunun Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Həmkarı Qurban Qurbanovun transfer məsələlərində üzləşdiyi problemin başadüşülən olduğunu bildirən Aftandil Hacıyev “Qarabağ”dan bu gün “Frayburq”la səfər matçından gözləntilərini bölüşüb.

- “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. “Frayburq” səfərindən nə gözləmək olar?

- Bu qrupda yalnız “Olimpiakos” bizə tanış rəqibdir, ötən il “Neftçi” ilə qarşılaşmışdı. “Frayburq” və “Nant” yenidir. Amma “Qarabağ” Almaniya və Fransa klubları ilə qarşılaşıb, həmin ölkələrdə stadionların atmosferini, oyun tempini bilir, kifayət qədər təcrübəsi var. Hamı kimi, “Qarabağ”ın da şansı var. Çünki təmsilçimiz avrokubokların qrup mərhələsində oynayıb və bu komandalarla mübarizə aparacaq gücdədir. Ancaq rəqiblərin heyət və büdcə baxımından güclü olduqlarını da unutmamalıyıq.

- “Frayburq” Almaniya Bundesliqasında ilk 5 turdan sonra turnir cədvəlinə başçılıq edir...

- Bu, rəqibin ciddi komanda olmasından xəbər verir. Mövsümün hələ əvvəlidir, “Frayburq”un sona kimi bu pillədə qalacağına inanmıram. Mövsümə yaxşı başlasa da, Almaniyanın ortabab komandasıdır. “Qarabağ” bu gün Almaniyada “Bavariya”ya, “Borussiya”ya qarşı mübarizə apara biləcək komanda ilə qarşılaşacaq. Komandamız Almaniya klublarına qarşı oynayıb, həm futbolçuların, həm də Qurban Qurbanovun zəngin avrokubok təcrübəsi var. Hər iki komandanın ifasında ağıllı oyun izləyəcəyik.

- “Qarabağ” bu gün daha çox nəyə diqqət yetirməlidir?

- “Frayburq” xüsusi komanda deyil. Yalnız nəticələrini və statistikalarını texnologiya vasitəsilə əldə edə bilirik. Rəqibin şansı olduğu kimi, bizim də “Qarabağ”a ümidimiz böyükdür. Qrupda ilk iki pillədən birini tutmaq üçün belə səfər matçlarında məğlub olmamaq önəmlidir. “Qarabağ” üçün 1 xal da yaxşı nəticə sayılacaq.

- Qrupda ilk iki yeri tutmağa inam nə dərəcədədir?

- Əlbəttə ki, asan olmayacaq. Ancaq “Qarabağ”ın sərgilədiyi oyun, əldə etdiyi nəticələr bizi ümidləndirir. Bu mövsüm təsnifat mərhələsindəki görüşlər də komandanın inkişafından xəbər verir. İnanıram ki, “Qarabağ” mübarizədə geri qalmayacaq. Amma rəqiblər daha güclüdür və geniş heyətə malikdir. Təkcə Marselonun “Olimpiakos”a keçməsi çox şeyi deyir. Bu cür müqayisələr aparmaq istəməzdim. Yenə də komanda oyununda “Qarabağ”ın rəqiblərdən geri qalmayacağını düşünürəm.

- “Qarabağ” və “Olimpiakos”un avrokubok təcrübəsi daha böyükdürsə, “Nant” və “Frayburq” da “Top-5” liqaların təmsilçiləridir. Hansı amil daha vacibdir?

- Hansı ölkəni təmsil etmələri də çox önəmlidir. Diqqət yetirək, onlar hər həftə hansı rəqiblərlə qarşılaşırlar. “Qarabağ”la “Olimpiakos”un avrokubok təcrübəsi böyük olsa da, “Frayburq” və “Nant” ilboyu belə yüksək səviyyəli oyunlara daha çox çıxır. Təsnifat və qrup mərhələlərinə nəzərə alsaq, “Qarabağ” və “Olimpiakos” mövsümdə 12 belə matç keçirir. Amma Yunanıstan və Azərbaycan çempionatını Almaniya ilə Fransa liqası ilə müqayisə etmək olmaz. Oyun sürəti, mübarizəsi, dinamikası, stadionu, azarkeşi, ab-havası hansısa kluba düzgün qiymət vermək baxımından vacib məqamdır. Bu mənada müqayisə aparsaq, “Frayburq”la “Nant”ı bir pillə öndə göstərmək olar.

- “Qarabağ” yay fasiləsində Marko Yankoviç və Julio Romaonu transfer etdi, əvəzində Patrik Andrade ilə İbrahima Vadjini yola saldı. İndiki heyət avrokuboklarda iştirak üçün yetərlidir?

- Hər bir məşqçi heyətin genişlənməsini istəyər. Qurban Qurbanov da ilboyu bu haqda düşünür. Açıqlamalarından da hiss olunur ki, axtarışdadırlar, danışıq aparırlar. Bizim çempionata istədiyin futbolçunu gətirmək də çətindir. Bu cür məqamlar transferlərin tezləşməsinə əngəl yaradır. “Frayburq”, “Nant”, “Olimpiakos” daha tez transferlər edə bilər, nəinki “Qarabağ”. Çünki ölkə çempionatı amili böyük rol oynayır. Dəvət etdiyin futbolçular qərar verəndə bunu nəzərə alır. Transfer olmasa belə, Qurban Qurbanovun çıxış yolu axtardığını bilirəm. Əlində olan futbolçulardan düzgün istifadə edib, qarşıdakı matçlarda lazımi nəticəni əldə etməyə çalışacaq. Hər futbolçunu dəvət etmək istəmirlər. İstədikləri oyunçuları gətirməkdə də çətinliklər yaşayırlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar