"Deməzdim ki, avrokuboklarda biz daha çox müdafiə olunuruq"



“Qarabağ” ötən həftəiçi Azərbaycan futbolunda yeni tarix yazaraq dramatik matçda “Braqa”nı mübarizədən kənarlaşdırdı və Avropa Liqasında 1/8 finala yüksəldi.

Ağdamlıların bu uğurunda rusiyalı qapıçı Andrey Lunyovun rolu heç də az deyil. Bədavi Hüseynovun “Həken”lə qarşılaşmadakı avtoqolunu nəzərə almasaq, 32 yaşlı qapıçı bu mövsüm AL-də “Qarabağ”ın “çərçivə”sinə gedən 47 zərbədən 36-nı, yəni 72 faizini dəf edib. Bu isə ÇL və KL də daxil olmaqla cari avrokubok mövsümündə iştirak edən bütün qapıçılar arasında ən yaxşı göstəricidi! Növbəti mərhələdə “Qarabağ”ı tanış rəqib – “Bayer-04” gözləyir. Yeri gəlmişkən, Leverkuzen təmsilçisi həm də Lunyovun sabiq klubudu. Rusiyalı həmkarlarımız da onu və “Qarabağ”ı diqqət mərkəzində saxlamağa davam edirlər. “Qarabağ” MDB məkanından yoluna davam edən yeganə klubdusa, Lunyov AL-in bu mərhələsində meydana çıxan yeganə rusiyalı futbolçu oldu! Lunyovun bugünlərdə Rusiyanın “championat.com” saytına verdiyi geniş müsahibəni sizə təqdim edirik.

“Həmin gənc oyunçu bu dəfə bizi növbəti mərhələyə yüksəltdi”

- Daha öncə praktikanızda “Braqa” ilə cavab oyunundakı kimi “triller” olmuşdumu?

- Xeyr, olmamışdı. Daha öncə 2 dəfə AL-də əlavə vaxta qədər uzanan matçın iştirakçısı olmuşdum. Amma hər ikisi təsnifat mərhələsinə təsadüf etmişdi. Buna qədər karyeramda konkret belə ssenariyə malik bir oyun olmamışdı.

- Qırmızı vərəq haqlı idi?

- Düzünü desəm, ilk “sarı”nı görmədim və onun nə üçün verildiyini xatırlamıram. Amma ikinci “sarı” təmiz idi.

- Stadionda atmosfer möhtəşəm idi?

- Bəli, əla idi. Stadion dolmuşdu və fanatlar bizə mükəmməl dəstək verdilər. Bəlkə də əlavə vaxtda bizə iki qol vurmağa güc verən əsas amil məhz bu idi. Onlara minnətdaram.

- 120+2-ci dəqiqəyə təsadüf edən həlledici qol necə vuruldu?

- Hər şey fantastik alındı! Cərimə zərbəsi qazandıq və kapitanımız, təcrübəli müdafiəçimiz topu cəld şəkildə oyuna daxil etdi. O, cinahda açılan gənc oyunçumuzu gördü. İlk oyunda buna bənzər yüzfaizlik fürsəti əldən verən həmin gənc oyunçu bu dəfə bizi növbəti mərhələyə yüksəltdi.

- Hətta azlıqda qalandan sonra da 0:2-də və 1:3-də uğurlu sonluğa inanırdız?

- Əlbəttə! Azlıqda qalmaq və sonra da iki qol buraxmaq heç də xoş olmadı. Amma mən yenə də inamımı itirmirdim. İki oyunun axarına baxsaq, biz həm oyun planında, həm də təhlükəli vəziyyətlərin sayı baxımından üstün idik. “Qarabağ” mərhələni adlamağa daha çox layiq idi.

“Azarkeşlər buna layiq idi”

- Oyundan sonra paltardəyişmə otağında nələr baş verdi?

- Müsbət emosiyalar, sevinc və qələbəlik. Ora bir çox müxtəlif insan daxil oldu. Amma şəxsən mən sanki fiziki və emosional bir boşluğa düşmüşdüm. Çünki hədsiz dərəcədə yorulmuşdum. Ona görə də başqalarıyla müqayisədə emosiyalarım daha az idi.

- Belə oyunlardan sonra ikiqat mükafat da tələb etmək olar?

- Burda vəziyyət bir qədər fərqlidi. Xüsusilə də ikiqat mükafatlarla bağlı. Hələ ki ortada heç nə yoxdu (gülür).

- Oyundan sonra Bakı qələbəni qeyd edirdi?

- Fikrimcə, edirdi. Küçəyə çıxmadığım üçün orda başverənləri gözümlə görə bilmədim. Dərhal evə yollandım. Çünki artıq gec idi. Amma metronun girişində, stadionun ağzında yaşananlarla bağlı bəzi videolar qabağıma çıxdı. Azarkeşlər ürəkdən sevinirdi. Onlar buna layiq idi.

- Siz məhz belə hisslər yaşamaq üçün “Qarabağ”a yollanmışdız. Elə deyilmi?

- Bəli, ilk növbədə buna görə. Bu, başlıca səbəb idi.

- AL-in bu mərhələsində oynayan yeganə rusiyalı futbolçuya diqqət böyük idi?

- Məgər mən yeganə idim?

- Bu mərhələdə, bəli. Çünki Mirançukun şərəfini qoruduğu “Atalanta” mübarizəyə 1/8 finaldan qoşulacaq.

- Onunla bir mərhələdə oynamaq istəyirdim. Aydın məsələdi ki, oyundan sonra mesajlar çox oldu. Amma oyundan öncə özümə qarşı xüsusi maraq hiss etmədim. Mən belə şeylərə sakit yanaşıram.

“Braqa”ya qarşı komandanı xilas edə biləcəyim bir epizod olmadı”

- Statistikaya görə siz bu mövsüm avrokuboklarda ən çox seyv edən qapıçısız. Hər oyunda sizə bu qədər çox iş düşür?

- Deməzdim ki, lap çox iş düşür. Bəzi oyunlarda işim çox olur, bəzilərində isə az. Məsələn, “Braqa” ilə oyunda komandanı xilas edə biləcəyim bir epizod olmadı. Yalnız qol buraxdığım epizodlarda xilas edə bilərdim ki, onda da alınmadı. Bu cür statistik faktları görmək xoşdu. Amma belə şeylərə çox da diqqət yetirməməyə çalışıram. Sadəcə, öz işimi görürəm. Komandanın nəticələri hər şeydən önəmlidi.

- Bəlkə də heç “Ufa”da oynadığınız dönəmdən bəri sizə bu mövsümdəki qədər iş düşməmişdi.

- Nə üçün? Hətta “Zenit”lə avrokuboklarda oynayanda da işim olurdu. Amma bu qədər çox işim bəlkə də “Ufa”dan bu yana olmamışdı.

- Daxili çempionatdan sonra avrokubok oyunlarına köklənmək çətindi?

- Əksinə, asandı. Çünki bu oyunları səbirsizliklə gözləyirsən. Stadiondakı ab-hava, fanatların yaratdığı atmosfer, futbolun səviyyəsi tam fərqli olur. Bütün bunları yaşamaq üçün səbirsizliklə gözləyirsən.

- Axı Azərbaycan çempionatında “Qarabağ” bütün oyunlarda meydanda dominantlıq etdiyi halda, avrokuboklarda əsasən müdafiə olunmaq məcburiyyətində qalır.

- Deməzdim ki, avrokuboklarda biz daha çox müdafiə olunuruq. “Braqa” ilə cavab oyununda, sadəcə, hadisələrin axarı belə alındı. Çünki azlıqda qaldıq. Həmin ana qədər isə kifayət qədər qol epizodlarımız var idi. Aydın məsələdi ki, daxili çempionatla müqayisədə Avropada rəqiblərin səviyyəsi fərqlidi. Üstəlik azarkeşlər də maraq göstərdiyindən müəyyən təzyiq yaşayırsan. Bu da istər-istəməz oyuna təsir göstərir. Amma ümumi götürəndə oyunumuz elə də çox fərqlənmir. İstər çempionatda, istərsə də avrokuboklarda öz futbolumuzu oynamağa çalışırıq.

“Bu mərhələdə nisbətən asan rəqiblə qarşılaşmaq istərdim”

- Püşkün nəticəsinə reaksiyanız necə oldu? “Bayer-04” sizi sanki qarabaqara izləyir.

- Bir tərəfdən onlarla qarşılaşmaq çox xoş olacaq. Digər tərəfdən onlara qarşı sonrakı mərhələlərdə oynamaq, bu mərhələdə isə nisbətən asan rəqiblə qarşılaşmaq istərdim. Müsbət məqam odu ki, “Bayer-04” ilə artıq iki dəfə qarşılaşmışıq və bizə tanış komandadı. Onların necə oynadığını, güclü və zəif cəhətlərini bilirik. Mənfi cəhətlər də var. Bu futboldu. Hər rəqibə qarşı oynamaq olar və oynamaq lazımdı.

- “Bayer-04”ə qarşı noyabrdakı qarşılaşma sizin üçün üzücü alındı. 85-ci dəqiqədə əvəzləndiz, üstəlik “Qarabağ” heç-heçəni son saniyələrdə əldən verdi.

- Bəli. Zədə aldığım epizodda onların cinah ötürməsinin qarşısını kəsmək istəyirdim. Onların hücumçusu müdafiəçimizlə mübarizədə sürətlə mənə toxundu. Sümüyümdən zədə aldım. Şükürlər olsun ki, o qədər də ciddi zədə olmadı. Artıq növbəti avrokubok matçında meydandaydım. Həm də bəxtim gətirdi ki, araya yığma fasiləsi girdi. Sağalmaq üçün vaxtım oldu.

- “Bayer-04”dəki sabiq komanda yoldaşlarınızdan kiminləsə əlaqəniz varmı?

- İlk növbədə qapıçılarla əlaqəm var. Amma indi çox gec-gec ünsiyyət qururuq. Orda mənə uyğunlaşma ilə bağlı kömək edən klub işçiləri olmuşdu. Onlarla ünsiyyətim davam edir.

- Püşkdən sonra bu qədər tez-tez qarşılaşdığınıza görə onlarla aranızda zarafatlaşdız?

- Orda qapıçılar üzrə məşqçi var. Onunla telefonda danışdım. Yeri gəlmişkən, bizim məşqçilər korpusu da təxminən bir ay öncə praktika üçün Leverkuzenə yollanmışdı. Onları cəsus da adlandırmaq olar (gülür).

“Alonsonun etdikləri məni təəccübləndirmir”

- “Bayer-04” bundesliqada layiqli şəkildə liderlik edir?

- Onların bu mövsüm bir çox oyununa baxmışam və deyə bilərəm ki, bu dəqiqə Almaniyada hər kəsdən bir baş üstündülər. Hətta “Bavariya”nı da sırf oyun baxımından üstələyirlər. Onların çempionluğuna yalnız möcüzə mane ola bilər.

- “Bayer-04” siz ayrılandan sonra çox dəyişib?

- Komandanın oyununu və səviyyəsini gücləndirən iki-üç yeni futbolçu cəlb olunub. Oyun tərzi dəyişməyib və bu futbol nəticə verir. Komanda 30-dan çox oyundu uduzmur. Bu baxımdan onlara böyük alqış düşür.

- Xabi Alonsonun belə sürətli inkişafı sizi təəccübləndirir? Axı buna qədər o, yüksək səviyyədə heç yerdə işləməmişdi.

- Orası elədi. Amma Alonso çox yüksək səviyyəli futbolçu idi və karyerası ərzində bir çox önəmli titul qazanıb. Bu cəhətdən onun etdikləri məni təəccübləndirmir. Onun tələbləri sadədi. Heç bir qeyri-adi ideyaları yoxdu. Amma istədiklərini reallaşdıra bilir və futbolçulardan tələb etdikləri komandaya nəticə qazandırır. Komandanın seleksiyaçıları ilə birlikdə çox gözəl işlər görür. Mən təəccüblənmirəm. Praktika göstərir ki, yaxşı futbolçular həm də yaxşı məşqçiyə çevrilir. Məsələn, Zidan “Real”la ardıcıl üç ÇL qazandı. Bu, onun səviyyəsini göstərir. Dahi futbolçu tarixə həm də dahi məşqçi kimi düşdü. Eyni sözlər Alonsoya da aiddi.

“Şükürlər olsun ki, hər şey məhz bu cür alındı”

- Bakıdakı karyeranızdan razısız?

- Şikayət etmək günah olar.

- Yeni mühitə alışmısız?

- Bəli, az-çox. Uşağım baxçaya gedir. Həyat yoldaşımın da hər şeyi var. Evimiz var, yeməyimiz də var. Hər şey qaydasındadı.

- “Brilyant əl” filminin məşhur səhnəsinin çəkildiyi küçədə olmusuz?

- Bəli, İçərişəhərdə olmuşuq. Təəssüf ki, biz bura avqustda gəldik. Hava dəyişkən idi. Gah isti olurdu, gah da soyuq. İndi isə qışdı. Gəzmək vaxtı deyil. Havalar isinəndə yenidən ora gedəcəyik.

- “Qarabağ”ı Azərbaycanın “Zenit”i” adlandırmaq olar?

- Müəyyən mənada adlandırmaq olar. Hərçənd müqayisə etdikdə üst-üstə düşməyən çox məqam var.

- “Bayer-04”ə transferiniz yanlış addım idi?

- Heç vaxt bunu səhv kimi qəbul etməmişəm. Sadəcə, Leverkuzendəki karyeram ambisiyalarımın və hədəflərimin həyata keçməsi baxımından heç də uğurlu mərhələyə təsadüf etmədi. Amma buna “səhv” deməzdim.

- Leverkuzendə qalmaq ehtimalınız var idi?

- Noyabr-dekabrda belə söz-söhbət var idi. Onlar məni saxlamaq istəyirdilər. Amma bilirdim ki, vəziyyət ciddi dərəcədə dəyişməyəcək. Bu azmış kimi, zədələndim və gələcək perspektivim lap dumanlı oldu. Ona görə də qalmaq istəmədim.

- Bəs Rusiyaya qayıtmaq variantları var idi?

- Müəyyən dönəmə qədər yox idi. Amma zədəmi sağaltdıqdan sonra bəzi Rusiya klublarının mənə maraq göstərdiyini eşitdim. Hətta bir ara geri dönmək barəsində ciddi düşünməyə başladım. Amma şükürlər olsun ki, hər şey məhz bu cür alındı.

- Rusiyada iddialı klublardan təkliflər var idi?

- Xeyr.

- Bu yaxınlarda “Zenit”in qapıçısı Mixail Kejrakovdan da geniş müsahibə götürdük. O, bu yay karyerasını bitirə biləcəyini istisna etmədi. Sizin ağlınıza belə fikirlər gəlir?

- Həmin müsahibəni oxumuşdum. Xeyr, qətiyyən karyeramı bitirmək barədə düşünmürəm. Mixail məndən 4 yaş böyükdü.

- Bəs bundan sonra hələ nə qədər oynamağı planlaşdırırsız?

- Əsas odu ki, oynamaq istəyim və sağlamlığım qaydasındadı. Qalanını isə Allah bilir...

“Bu cür səviyyəli məşqçidən belə sözlər eşitmək xoşdu”

- “Zenit”dəki sabiq komanda yoldaşlarınızdan kiminlə əlaqəni davam etdirirsiz?

- Əsasən klub işçiləri, tibbi personal və məşqçilər korpusu ilə əlaqəm var. Uşaqların çoxu dəyişib. Ən son Sutormin ilə Çistyakov da ayrıldı. Köhnə rus qvardiyasından yalnız Kerjakov, Vasyutin və Yeroxin qalıb. Onlardan başqa söhbət etməyə heç kim qalmayıb. “Zenit” “Neftçi” ilə oyun üçün bura gələndə bəzi köhnə dostlarla görüşüb söhbət etmək çox xoş oldu.

- Yığmada son oyununuzu 5,5 il öncə keçirmisiz. Bu cür uğurlu performansdan sonra zəng gözləyirsiz?

- Zəng edənlər olub. Amma dəvət hələ ki yoxdu (Rusiya yığmasının dünən açıqlanan 38 nəfərlik geniş heyətində Lunyovun da adı var – red.). Ötən dəfə “Bayer-04” ilə oyundakı zədə üzündən yığmanın düşərgəsinə yollana bilmədim. Amma ora elə-belə yollanmaq yox, həm də oynamaq istərdim. Təbii ki, dəvət gözləyirəm. Yığmaya çağrılmaq futbolçu üçün gördüyü zəhmətin qarşılığını almağa bərabərdi.

- Belə çıxır, yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov sizə zəng vurmuşdu? Onun “hazırda xaricdə oynayan ən güclü rusiyalı qapıçı Lunyovdu” ifadəsini necə qarşıladız?

- Bəli, “Braqa” ilə oyundan sonra zəng vuraraq təbrik etmişdi. Bu cür səviyyəli və təcrübəli məşqçidən belə sözlər eşitmək xoşdu. Mənim yerimdə olan istənilən şəxsə bunu eşitmək xoş olardı.

- Karpinlə hələ danışmamısız?

- Xeyr, söhbətimiz olmayıb.

- Sizdə belə hiss varmı ki, yığmada soz sözünüzü söyləməmisiz? Sanki lazımi qədər şans qazanmamısız.

- Bəli, razıyam. İstərdim ki, bunu kompensasiya edim.

- İndi Bakıdan Moskvaya necə gəlmək olur?

- Çox asan. Birbaşa reyslər var.

- Sonuncu dəfə nə vaxt Rusiyada olmusuz?

- Yayda dostumun toyu üçün Moskvaya gəlmişdim. Amma belə daha çox Sankt-Peterburqda oluram.

- Eviniz artıq ordadı?

- Evimin harda olduğunu demək çətindi. Piterdə evim var. Uşağım orda doğulub. Orda çoxlu dostlarım var. Amma Moskvada ailəm yaşayır. Həyat yoldaşım, ümumiyyətlə, Ufadandı. Ona görə də üç şəhər arasında bölünməli oluram. Amma daha çox vaxtımı Piterdə keçirirəm. Orda mənə daha rahatdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar