"Düşmənin arxasında dayanan ilk ölkə Fransadır"
Öz dövrünün ən yaxşı futbolçularından olan, Azərbaycanı Ukraynada layiqincə təmsil edən Kamal Quliyevin məşqçilik karyerası o qədər də parlaq alınmadı. “Neftçi”də köməkçi-məşqçi kimi fəaliyyətə başlasa da, ən böyük uğurunu “Neftçala” ilə birinci divizionunda qazandı.
46 yaşlı mütəxəssis bir müddət “Neftçi” və “Keşlə”də (indiki “Şamaxı”) müxtəlif vəzifələrdə çalışdı. Hazırda işsizdir. Kamal Quliyev Sports.az saytına müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi, keçmiş komandalarında üzləşdiyi haqsızlıqlardan bəhs etdi.
- Hazırda nə işlə məşğulsunuz?
- Heç bir işlə məşğul deyiləm, Sumqayıtdayam. Bu yay yaxşı istirahət elədim. Futbol oynayanda illərlə öz yaxınlarımızla, əzizlərimizlə bir yerdə dincəlməyin həsrətində olurduq. Bir az başım açılıb, beynim təmizlənib. Buna baxmayaraq, futbolsuz yaşaya bilmərəm, bu mənim həyatımdır.
- Bir müddət “Neftçi” və “Şamaxı”da çalışdınız. Bu klublarda niyə çox qala bilmədiniz?
- “Neftçi”dən məni mədəni şəkildə uzaqlaşdırdılar. Bu kluba SOCAR tərəfindən idman direktoru təyin olunmuşdum. Veteran futbolçumuz Səmədağa Şıxlarov rəhmətə getdikdən sonra seleksiya xidmətinin rəhbəri işini mənə verdilər. “Neftçi”nin prezidenti Kamran Quliyev dedi ki, sənin yaşın azdır, idman direktoru təcrübən yoxdur. Ona bildirdim ki, sənin yaşın məndən də azdır, amma “Neftçi” kimi böyük klubun prezidentisən. Müqaviləm bitdi, rəhbər şəxslərdən biri çağırıb dedi ki, seleksiya xidmətini ləğv edirik. “Neftçi” kimi klubda bu addımı atmaq gülüncdür. Əslində özüm də bilirdim ki, məni oradan uzaqlaşdırmaq üçün belə edirlər. Dedilər ki, 12-13 yaşlı uşaqlarla işləmək istəyərdin? Bildirdim ki, siz sağ, mən salamat. Düz adamla əyri adam yol gedə bilməz.
- Niyə qalmaq istəmədiniz?
- Hələ Sadıq Sadıqovun rəhbərliyi altında çalışarkən mətbuatdan zəng vuranda suallarını cavablandırırdım. Mənə bununla bağlı heç bir qadağa qoyulmamışdı. Çünki futbolçu vaxtımdan mediayla ünsiyyətə açıq olmuşam. Özüm pis oynayanda mətbuat yazıb, nəticə çıxarmışam. Yaxşı olanda yaza bilərlər, pis olanda yox? Sonuncu dəfə “Neftçi”də də gələn zənglərə cavab verir, komanda ilə bağlı sualları cavablandırırdım. Elə əcnəbi futbolçular alıb gətirirdilər ki, hətta əvəzedici heyət də onları qəbul etmirdi. İkinci komanda onları oynatmayanda mən olurdum pis adam. Çünki onların əyri, saxta işlərinə uyğun gəlmirdim. Düzdür, mənim əsas komandaya qarışacağım yox idi. Amma içim yanırdı, 200-300 minə gətirdikləri heç əvəzedici heyətə yaramırdı. Bu əməllərini aşkara çıxarırdım. Onlara danışmayan adam lazım idi. Amma insan gərək yediyi qaba tüpürməsin.
- “Şamaxı” macəranız necə oldu?
- Tərlan Əhmədov məni “Keşlə”yə (indiki “Şamaxı”) köməkçi-məşqçi dəvət etdi. O getdikdən sonra da bir neçə məşqçi ilə birgə çalışdım. “Keşlə”nin də necə klub olduğunu hər kəs bilir. Peşəkarlıq yox idi. İnsan çalışdığı yerdə işini gərək elə sevsin ki, onunla yaşasın. Klubun keçmiş rəhbəri Zaur Axundovu da qınamıram. Çünki Zaur müəllim futbola, futbolçuya dəyər verən insandı. Amma əhatə, “daydayı"lar, tanış-tunuşlar, zənglər onu da rahat qoymurdu. Belə işləmək mümkün deyil.
- Deyirsiniz ki, işsizsiniz. Əlavə gəlir yeriniz var?
- Üç mikroavtobusum işləyir. Hərəsi gündə 10-15 manat versə, dolanmağa bəsimdir.
- Futboldan uzaq düşmək çətin deyil?
- Çətin deyil də sözdür? Azərbaycanda tanınan böyük şirkət rəhbəri məni bir komandaya baş məşqçi dəvət elədi. Açığı, işlər artıq yekunlaşmışdı. Sonda yenə tapşırıqlı məşqçilərimiz öz işlərini gördülər. Həmin iş adamı ilə görüşəndə də demişdim ki, heç kimim yoxdur, “daydayım” da özüməm. Bu sözü o vaxt “Neftçala” rəhbərliyinə də demişdim.
- Övladlarınızdan yolunuzu davam etdirən var?
- Bəli, kiçik oğlum futbola gedir.
- Oğlunuzu siz futbola yönləndirmisiniz, yoxsa özü oynamaq arzusundadır?
- İnanın ki, mən futbola getməsini istəmirdim. Böyük oğlum da futbola gedirdi, dayandırdım. Bacarığı, ağlı var idi. Oğlanlarımın heç birinin futbolçu olmasını istəməzdim. Təhsildə irəli getmələrinə çalışırdım. Çünki Azərbaycanda futbolu elə iyrənc vəziyyətə gətiriblər ki, uşaqlarımın bu sahədən uzaq olmasını istəyirəm. Amma balaca oğlumdakı istedadı gördükdən sonra öz-özümə dedim ki, uşağa niyə mane olum? Fikirləşdim ki, bəlkə oyunu ilə atasına düşmənçilik edənlərin cavabını verər.
- Düşünmürsünüz ki, burada futbolu öyrənməklə o da sıradan bir oyunçuya çevriləcək?
- Xeyr, burada saxlamaq fikrim yoxdur. Onu gələcəkdə xaricə göndərmək planımdadı. 2014-cü ildə dünyaya gəlib, hələ çox var.
- Çempionat oyunlarını izləyirsiniz?
- Bəli, matçlara baxıram.
- Bu mövsümdən elitada klub sayı 10-a yüksəldildi. Bunun bir xeyir verəcəyinə inanırsınız?
- Say olaraq 10 ola bilər. Klubların acığına getməsin, 3-4 komanda oynayır. Belə deyim ki, “Qarabağ” və digərləri var. Çempionatda hansı səviyyədən danışa bilərik? Heç bir səviyyə yoxdur. Məsələn, “Sabah”da məşqçi işi görünür. Murad Musayev ötən il “Sabah”ı qəbul edəndə deyirdim ki, bu komanda növbəti mövsüm yaxşı nəticələr göstərəcək. Elədiyi transferlər, seçdiyi futbolçular tam yerində idi. Bu klub konkret iş görür.
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Nant”ı qəbul edəcək. Bu matçdan gözləntiləriniz nələrdir?
- Əminəm ki, “Qarabağ” “Nant”a layiqli müqavimət göstərəcək. İnsan uşaqlıq dövründə əvvəlcə iməkləyir, ardınca addımlayır, sonra qaçır. “Qarabağ” Avropada o dönəmləri keçib, artıq böyük təcrübəyə malikdir. “Frayburq”la Almaniyadakı matç da göstərdi ki, çəkinmədən, qorxmadan hər bir rəqibə qarşı oynamaq olar. İdmanı heç vaxt siyasətə qatmırlar, amma idman özü böyük bir siyasətdir. "Nant"la qarşılaşma bu mənada da bizim üçün vacibdir.
- Ölkəmiz üçün çox həssas dövrdü. Bu amil qarşılaşmanın önəmini nə dərəcədə artırır?
- Çox böyük önəm daşıyır. İnanıram ki, Qurban Qurbanov bunu futbolçuların nəzərinə çatdıracaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ağır itkilərlə üzləşdik. Mənfur düşmənimizin arxasında dayanan ilk ölkə Fransadır. Biz də onlara qarşı oynayırıq. Torpaqlar uğrunda gedən müharibədə necə qalib çıxdıqsa, öz meydanımızda elə qələbə qazanmalıyıq. Mənə elə gəlir ki, futbolçularımıza ikiqat motivasiya olacaq. Onlara əlavə nəsə deməyə ehtiyac da yoxdur. Çıxıb meydanda döyüşəcəklər.