“Prezident İlham Əliyevin verdiyi dəyər çox böyük şərəfdir”

“Qarabağ”ın "böyük beşlik" ölkələrindən Fransanı təmsil edən "Nant" üzərində zəfəri geniş rezonans doğurdu. Azərbaycan üçün həssas dönəmdə qazanılmış parlaq qələbənin əhəmiyyətindən danışmaq artıqdı. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva da ağdamlıların fransızları darmadağın etməsinə biganə qalmadı, sosial şəbəkə hesablarında komandamızın bu möhtəşəm oyununa reaksiya verdilər.

Ordumuz, igidlərimiz səngərlərdə torpaqlarımızı düşmən işğalından azad etmək üçün qəhrəmanlıq dastanı yazdığı dövrdə, "Qarabağ" da futbol meydanlarında Azərbaycanın şərəfini layiqincə qoruyur, döyüşür, savaşır, xarakter göstərir.

"Qarabağ"ı müzəffər Azərbaycan ordusuna bənzətsək, Emrah bəyi də bu ordunun rəhbərlərindən biri kimi, əsl türk paşaları ilə müqayisə edə bilərik.

Çempionumuzun fransızlar üzərində şanlı qələbəsi futbolla çox da maraqlanmayanlara adi görünə bilər. Amma bu səviyyəyə çatmaq uzun illərin əziyyətinin, fədakarlığının, məqsədyönlü düzgün iş və strategiyanın nəticəsidi. 

"Qarabağ"ın uğurlarının əsas memarlarından biri klubun direktoru Emrah Çelikeldir. 

Emrah bəy alicənab, əfəndi adamdı. Mediada o qədər də çox görünmür. Bəlkə də özü kölgədə qalmağı xoşlayır. 

Tək futbolumuz deyil, ölkəmiz adına qazanılmış möhtəşəm qələbədən sonra Emrah Çelikeldən Sports.az saytı üçün geniş müsahibə almağa qərar verdik.

“Qarabağ"ın "Nant"la oyunu güləş üzrə dünya çempionatının bürünc medal uğrunda qarşılaşmasında Taleh Məmmədovun erməni güləşçiyə işlətdiyi həlledici fəndə bənzədi. Ağdamlılar "böyük beşlik" təmsilçisini elə rahatlıqla darmadağın etdi ki, sanki final fitindən sonra futbolçularda hələ bir 90 dəqiqə də qaçıb daha 3 qol vuracaq potensial qalmışdı. Bu, həm də futbol tariximizdə bir ilk idi. İndiyə qədər TOP-5 ölkələrdən hansısa klubu böyük hesabla udmamışdıq.

“Qarabağ” bu yerlərə gəlmək üçün uzun yol qət edib. Bu yolda 20 ilə yaxındı klubun direktoru Emrah Çelikel də gəlir. Emrah bəy çox səmimi, istiqanlı, mədəni, diqqətcil şəxsiyyətdir. Eyni sözləri Qurban Qurbanov və klubun baş meneceri Asif Əsgərov haqda da demək olar. Əminəm, "Qarabağ"ın uğurunun təməlində də mütləq bu səmimiyyət durur.

"Nant" üzərində qələbənin ertəsi görüşdüyümüz Emrah bəylə müsahibəmizin nə dərəcədə səmimi alınmasını isə oxuyanlar biləcək. 

- Əhvalınız necədi? 
- Deməzdim ki, superdi. Allah şəhidlərimizə rəhmət eləsin! Ancaq dünənki oyunda uduzmadığımız üçün qürurluyuq.

- Tək dünənki oyun yox, ümumiyyətlə, "Qarabağ"ın illərdir qazandığı uğurların memarlarından birisiniz. Amma mediada çox görünmürsüz. İstərdim ki, sizi oxuculara daha yaxından tanıdaq. 
- Mən 20 ilə yaxındır "Qarabağ" ailəsinin üzvüyəm və bununla fəxr edirəm ki, klubun bir hissəsiyəm, burda işləyirəm, çörəyimi burdan qazanıram.

Ankaranın Polatlı rayonunda (Emrah bəyin hərdən bəzi Azərbaycan sözlərindən istifadə etməsi danışığına şirinlik qatır - red.) doğulmuşam, atam bank işçisi olub. Buna görə Türkiyədə çox şəhərlərdə yaşamışıq.

Kayseri Erciyes Universitetinin İdman Akademiyasını bitirmişəm. Uşaq vaxtlarımdan universiteti bitirənə qədər basketbolla məşğul olmuşam. İdmançı olduğum üçün dərslərim də qənaətbəxş deyildi. Ona görə də elə basketbol üzrə təhsil almaq istədim. 

- Basketbol sizin kimi funksioneri itirdi, futbol isə qazandı... 
- Heç ağlıma gəlməzdi. Amma ümumi götürəndə hər ikisinin rəhbərlik səviyyəsində təşkilati işlər baxımından oxşar cəhətləri çoxdu. 

- Azərbaycana gəlişiniz necə oldu? 
- Atam burada idi, "Azərsun Holdinq"də çalışırdı. Onun təkidi ilə mən də gəldim "Azərsun"da işə başladım. Ardından bir il Qazaxıstanda yaşadım. Qayıdandan sonra Tahir Gözəlin istəyi ilə "Qarabağ" klubuna keçdim. Tahir bəy idman akademiyasını bitirdiyimi bilirdi. Onun etimad göstərməsi, hansısa iş tapşırması mənim üçün hər zaman böyük şərəfdi. Çünki, Tahir bəy heç vaxt inanmadığı insanla bir iş görmək istəməz. Bu, mənim üçün böyük stimul idi və 2003-cü ildən "Qarabağ"dayam.

- Həmin dövrdə "Qarabağ" yarıhəvəskar klub idi... 
- Əslində, "Qarabağ"ı götürdüyümüz ilk gündən Tahir bəyin fikrində peşəkar klub formalaşdırmaq vardı. Ona qədər də "Qarabağ" əlində olan imkanla, o şərtlərlə ən yaxşılardan olub. Amma təbii ki, o dövrdə indiki şərait yox idi. "Azərsun Holdinq"in binasında 1 otağımız vardı, klub ordan idarə olunurdu. Sonra bir müddət "Qara Qarayev"də "Ruslan 93"ü bizim üçün icarəyə götürdülər. Nəhayət, bu gün mən deyərdim ki, dünya standartlarına cavab verən bir təsisimiz var. Bu, həm də gəldiyimiz yolun bir göstəricisidir. 

- "Qarabağ"ın uğurunun sirri nədədir? Yoxsa demək istəmirsiniz ki, rəqibləriniz bilməsin?
- Yox, burda çox böyük bir sirr yoxdu. Bizim hansısa bir xüsusi formulumuz yoxdur ki, onu işə salaq, nəticələr gəlsin. Bəsit deməyə çalışsam, inamdan irəli gəlir. İnam və birlik. Rəhbərlik bizə və baş məşqçimizə inanır, baş məşqçi futbolçularına inanır və geriyə doğru baxdıqda futbolçular baş məşqçiyə inanır, baş məşqçi bizlərə və rəhbərliyə inanır. Arada böyük bir səmimiyyət, ailə havası var. Burda müdir yoxdur. Təbii ki, ali rəhbərliyimizin, klub prezidentimizin yeri başqadı. Amma onlar bizə burda elə bir şərait yaradıblar ki, bir ailə birliyi içərisindəyik. Evimizdən çox burda oluruq. Axşam 8-9-dan tez evinə gedən çox az adam olur. O qədər bir-birimizə öyrmişik, doğmalaşmışıq. Bu mühit sözsüz ki, futbolçulara da təsir edir. Fikir vermisinizsə, bizə gələn legionerlər 2-3 məşqə rahatlıqla komandaya uyğunlaşırlar, sanki illərdir burda oynayıblar. "Qarabağ"ın ən böyük özəlliyi budu. Hamımızı ən çox motivasiya edən faktor bizə olan inamdı. 

- Transfer gözləyən azarkeşlərin ümidləri yenə doğrulmadı... 
- Bizdə belə bir qayda var ki, heç vaxt baş məşqçinin işinə, verdiyi qərarlara qarışmırıq. Qurban Qurbanov çox məsuliyyətli bir insandı. Mən bilirəm ki, o, transfer məsələlərində necə çətinliklə seçim edir. Transferlərə görə bizi çox tənqid edən olur ki, niyə oyunçu almırsınız. Bunu başa düşürük. Amma eyni zamanda bilirik ki, Qurban müəllim necə seçici bir insandı. Onun 1 futbolçu seçib gətirməyi bizim üçün də çox böyük hadisə olur. Dəfələrlə klub prezidentimiz Qurban müəllimə transfer üçün lazım olandan qat-qat böyük büdcə ayırıb. Amma baş məşqçimiz transfer etməyib. Ehtiyacı olmamasına görə deyil, istədiyi oyunçunu tapmadığı üçün. Bir futbolçunun transfer edilmə nöqtəsinə gəlib çatması bizdə ayyarımlıq prosesdi. Qurban müəllim o futbolçu ilə maraqlanır, izləyir, soruşdurur. Onun bir futbolçunu bəyənməsi çox çətindi. "Qarabağ"ın uğurlarında bu amil xüsusi yer tutur.

- Tənqiddən danışdınız. Klubunuzu tənqidə dözümlü hesab edirsiniz? 
- Biz hər şeyi düz edə bilmərik. Bilmədiyimiz çox şeylər ola bilər. Bu mənada kənardan necə göründüyümüzü təhlil etmək üçün indi sosial media yaxşıdı. Tənqid çox önəmlidi, ancaq bunun da bir həddi var. Təhqirə çevrilməməlidi, haqsız tənqid olmamalıdı. Azərbaycanın gücü birlikdədir. Regionda öz sözümüzü deməyimizin əsas səbəblərindən biri xalqın bir yumruq - dəmir yumruq olmasıdır. "Qarabağ"la bağlı tənqid olanda çalışıram ən xırda detalın da üstündən keçməyim ki, əskiklərimizi aradan qaldıraq. 

- "Qarabağ" artıq bir futbol klubu çərçivəsindən çıxıb, illərdir Azərbaycanı Avropa meydanlarında layiqli təmsil edir. Çempionlar Liqasının qrup, Konfrans Liqasının pley-off mərhələsinə qədər yüksəlmisiniz. Bundan sonra hədəf nədir?
- Zirvəyə qalxmaq orda qalmaqdan asandı. Cənab Prezident İlham Əliyevin verdiyi dəyər bizim üçün çox böyük şərəfdir. Bu, sözsüz ki, məsuliyyətimizi daha da artırır. Biz daha çox işləməliyik. Hərəmiz öz üzərimizdə daha çox işləməliyik ki, onun etimadını doğruldaq.
Ancaq futbol elə bir şeydir...

...Şahruddini götürək. Hər kəs səhv edə bilər. Amma onu yerdən-yerə vururdular. Dünən isə mənə görə meydanda ən yaxşı oyunçu Şahruddin idi. Futbol belədi, təəssüf ki. Bu gün harda olmağından daha çox, sabah harda olacağın önəmlidi. 

- Yenə tənqid məqamına qayıdırıq. Təbii ki, uğur qazananda tərif yağdığı kimi, səhvdə də tənqid ola bilər. Şahruddin də komandanı Çempionlar Liqasının qrupundan edən səhvlər buraxdı. İstər-istəməz tənqid gözlənilən idi...
- Sözsüz. Tənqidləri qəbul edərək, biz yenə də Şahruddinə inanırıq, güvənirik. Ən çox özü istəməzdi ki, o səhvlər olsun, qollar buraxılsın. Amma biz onu itirə bilərdik. Şükürlər olsun, bugünkü birliyimiz, bərabərliyimiz, bir-birimizə olan inamımız dünənki Şahruddini çıxardı qarşımıza.

- “Qarabağ”ın ən çox tənqid olunduğu məsələrdən biri də uşaq futboludu. Kadilər, zubirlər, veşoviçlər bir qırağa, indi heç maksimlər, qaralar, əfranlar, rauflar da yetişmir... 
- Əslində o qədər də deyil. Əlimizdəki imkanlarla mümkün olanın ən yaxşısını edirik. Biz bazanı tikəndə stadionun ərazisini tam götürmək istəyirdik ki, akademiyamız da burda olsun. Bu gün bəzi yaş qruplarımız "Gənclik"də, bəziləri "Sərhədçi" idman kompleksində süni örtüklü meydançalarda məşq edirlər. Doğrudan da, istəmədiyimiz şəraitdi…

Sahib olduğumuz imkanlara baxdıqda, nəticələrimiz pis deyil. Nəticə deyəndə biz çempionluq tələb etmirik. Deyirik ki, hansı kollektiv özündən üst yaş qrupundakı komandaya daha çox futbolçu versə, o ən yaxşıdı. Akademiyamızda bu dəyərləndirmə var. Ümumiyyətlə, siz deyən problem tək "Qarabağ"a yox, bütün Azərbaycana aiddir. Qeyd etdiyiniz kimi, Maksim, Qara, Əfran, Rauf çıxıb. Amma o vaxt "Şəfa"da məşq edirdik. Oranın yeni süni örtüyü təbii otdan fərqlənmirdi. Təəsüf ki, indi əvvəlki maraq yoxdu. Amma yenə də akademiyamız üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

- Maksim, Qara, Rauf, Əfran eyni nəsildi və artıq karyeralarının qürub çağlarını yaşayırlar. Onlardan sonra nə belə bir nəsil çıxdı, nə də "Qarabağ"ın əsas heyətinin daimi üzvünə çevrilən normal futbolçular...
- İndi "Qarabağ"ın heyətinə düşmək çox çətindi. İddialı komandayıq. On ildir avrokuboklarda qruplarda oynayırıq. Bütün iştirak etdiyimiz turnirlərdə qarşımıza yüksək hədəflər qoyuruq və ilboyu demək olar ki, fasiləsiz oynayırıq. Bu klubda çalışan biri kimi yox, kənardan azarkeş kimi deyə bilərəm ki, gənc, təcrübəsiz futbolçuların "Qarabağ"ın əsas heyətinə düşməsi çətindi. Biz bir çox futbolçumuzu oyun praktikası qazanmaları üçün başqa klublara icarəyə göndəririk. Bilmirəm, ölkədə Qurban müəllim qədər gənclərə önəm, şans verən başqa bir məşqçi varmı. Gənclərə ən çox inanan elə yenə "Qarabağ"dı. 

- Çempionlar Liqasının qrupuna yüksələndən sonra azarkeşlərin "Qarabağ"dan davamlı gözləntisi bu uğurun təkrarlanmasıdı. Klub rəhbərliyi buna yetəcək qədər büdcə ayıra bilərmi? 
- Ayırıb ki, bu yerlərə gəlmişik. İndi də "Viktoriya"dan üstün idik. Amma təbii, tarixdə nəticə qalır. Biz bu və daha üstün hədəflər üçün hər il əlimizdən gələni edirik, edəcəyik. 

- "Qarabağ" ÇL-in pley-offunda ən az büdcəsi olan klub idi. Bəzilərindən 10-20 dəfə az idi. Sizcə, büdcə artırılsa, bunun nəticəyə təsiri olarmı? 
- Heç kim deyə bilməz ki, filan qədər büdcə olsa, biz hər il ÇL qrupunda oynayacağıq. Öncədən bilinsə, hamı həmin büdcəni ayırar. Meyarlar fərqlidi. Puldan çox çempionatın səviyyəsinə bağlıdı. Harda oynayırsan, hansı şəraitdə oynayırsan? Seyrci…

..."Qarabağ"ın azarkeşləri ilə fəxr edirəm. Söhbət təkcə "İmarət" və "Qarabağ Ordu"dan getmir. Dünən tribunaları dolduran 30 mini, indiyədək bizi tək qoymayan bütün azarkeşlərimizi nəzərdə tuturam. Bu il avrokuboklarda biletlərin bitmədiyi ev oyunumuz olmayıb. Bu "Qarabağ"a olan dəstəyin göstəricisidi. Amma çempionatın səviyyəsi, hakimlik, komandaların sayı, bir çox başqa məsələlər var ki, puldan daha önəmlidi. Bu, Azərbaycan çempionu olacaq komandanı ÇL qrupuna daha çox hazırlayır. 8 komanda idi, 10 oldu, inşallah, gələcəkdə 12 olacağından danışırlar. 10 ildir dayanmadan işləyirik. Oyunçular gəlir-gedir, ancaq bir "onurğa sütunu" var ki, Qurban müəllim komandanı onların ətrafında inkişaf etdirir. Bu "onurğa sütunu"na daxil olan oyunçular 10 ildir tətil görmürlər. Məşqlər, təlim-məşq toplanışları, millilərə dəvətlər, "Qarabağ"dakı oyunlarda keçib bu 10 illəri. Çox böyük fədakarlıqdı etdikləri.

- Ötən il Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının versiyasına görə "İlin futbol xadimi" seçildiniz. "Qarabağ" illərdir ölkəmiz adına tarixi uğurlar qazanır və bu klubun direktorusunuz. Amma təəccüblüdür ki, indiyədək heç vaxt oxşar mükafat almamışdınız... 
- Olsun. Mənə ən böyük mükafat komandamızın hər il hədəflərinə çatmasıdı. Bu, mənim üçün yetərlidi. Əlbəttə, AİJA kimi Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının və Avropa İdman Mətbuatının üzvü olan bir təşkilatdan mükafat almaq mənim üçün böyük fəxrdi. Aldığım ən böyük fərdi ödüldü.

- İndiyədək mükafat almamağınızın bir səbəbi də bəlkə mediadan uzaq, kölgədə qalmağı xoşlamağınızdı.
- Əslində, kölgədə qalmalıyam deyə bir qərar, tapşırıq yoxdu. Deyiləcək əsas sözləri komanda sahədə deyir. Biz görməli olduğumuz iş isə bunun üçün şərait yaratmaqdı. Şükürlər olsun ki, nəticəni sahədə görürük. Bizim əsas işimiz bundan ibarətdi.

- Futbolda ən böyük sevinciniz və üzüntünüz...
- "İnter"lə son dəqiqədə tərtəmiz qolumuz sayılmadı, buna görə qrupdan çıxa bilmədik. Sevinc anları şükürlər olsun, çoxdu. İndi ən sevincli an "Nant"la oyundu. Tarixlərə diqqət yetirsəz, biz "Rusenborq"la qarşılaşanda Ağdamın işğal günü, "Legiya" ilə oyunda isə Vətən müharibəsinin başladığı günlər idi. Bunlar bizə kəlmələrlə başa salmaq mümkün olmayacaq qədər böyük təzyiqdi. Düzdü, heç kim bizdən heç nə tələb etmir. Heç kim demir ki, udmalısan və ya nəsə. Amma belə məqamlarda Qurban müəllim həm öz heyətini, həm bizi, həm futbolçuları elə gözəl hazırlayır, rəhbərliyimiz bizə elə gözəl motivasiya verir ki, hər dəfə bu cür prinsipial qarşılamalarda qalib gəlirik. "Qarabağ" adı ilə uğur qazana biliriksə, nə mutlu bizə. Dünən bizim 71 şəhidimiz vardı. Bu xəbərlərin içində əlbəttə, heç nə acımızı unutdura bilməz və buna baxanda bizim gördüyümüz çox da böyük bir iş deyil. İgidlərimiz Azərbaycan üçün canlarını verir.

- "Qarabağ"la bağlı ən böyük xəyalınız nədir? 
- Beynəlxalq miqyasda "Qarabağ"ın kubok qazanması. Bunun asan olmadığını bilərək və dərk edərək deyirəm. Amma görülən və görülməkdə olan işlər o hədəfə doğru getdiyimizi, irəlilədiyimizi göstərir. İnşallah, bir gün "Qarabağ" UEFA bayrağı altında keçirilən hansısa turnirdə qalib gələr. Bu, reallaşacaq, ya yox bilmirəm. Amma mən "Qarabağ"da işə başlayanda bugünkü günlər də sadəcə, xəyal, imkansız bir şey idi. Biz uzun illər İntertoto kubokunda mərhələ keçməyimizlə öyünürdük. İndi hansısa bir turnirdə ilk mərhələni keçməsək, böyük şanssızlıq olar. Allaha çox şükür ki, "Qarabağ"da böyük səmimiyyət var. Burda çalışdığım ilk 10 ildə komandamız elə böyük bir uğur qazanmamışdı. Tahir bəy tez-tez deyirdi ki, çempionatda 1 dəfə qalib gələcək komanda yarada bilərəm, amma həmişə çempion olacaq klub qurmaq istəyirəm. Bu gün üçün Azərbaycanda futbol təsərrüfatında pul qazanmaq, gəlirinin olması qeyri-mümkündür. "Azərsun Holdinq"in böyük fədakarlığını mütləq qeyd etməliyəm. Biz hər zaman onların arxamızda olduqlarını hiss edirik.

ANAR ŞABANOĞLU

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar