“Sürix” bizim prinsipial rəqibimizdir” – Renat Dadaşov

Millimizin və “Qrashopper” klubunun hücumçusu Renat Dadaşov bu gün “Qarabağ”ın qaldığı otelə gələrək komanda üzbləri ilə görüşüb. 23 yaşlı futbolçu Msport.az-a müsahibəsində qarşıdakı oyundan və İsveçrədəki karyerasından danışıb.

Sports.az sizi həmin müsahibə ilə tanış edir:

- “Qarabağ”ın “Sürix”lə ilk oyununa baxa bildinmi? Necə təsir bağışladı oyun səndə?
- Bəli, matçı izlədim. “Qarabağ” 3:2 hesabı ilə qalib gəldi. Lakin indi səfər qarşılaşması olacaq. Çox istəyirəm ki, “Qarabağ” qalib gəlsin və növbəti mərhələyə vəsiqə qazansın. Mən “Qrashopper”də oynayıram və “Sürix” bizim prinsipial rəqibimizdir. Hər iki komanda Sürix şəhərini təmsil edir. Sabah stadiona gedib “Qarabağ”ı dəstəkləyəcəm, həm də millimizin futbolçularının necə oynadığına baxacam. Ümid edirəm ki, qalib gələrik.

- İsveçrədə qarşıdakı oyun barədə nə danışırlar, şansları necə qiymətləndirirlər?
- Düzü, mən özüm də bura təzə gəlmişəm deyə çox şey eşitməmişəm. Hələ başım mənzil axtarmağa, burda məskunlaşmağa qarışıb. Lakin hesab edirəm ki, “Qarabağ”ın növbəti mərhələyə yüksəlməsi üçün yaxşı şansı var.

- Buna qədər heç “Sürix”in oyunlarını izləməyə imkanın olub? Onların güclü və zəif tərəfləri barədə nə deyə bilərsən?
- Fiziki cəhətdən çox hazırlıqlı komandadır. Avropanın əksər klubları kimi topla necə oynamaq lazımdır, bunu yaxşı bilirlər. “Qarabağ” da topla oynamağı sevən klubdur. Azərbaycan çempionu ilk oyunda 3:2 hesabı ilə təsadüfən qələbə qazanmayıb. Baxaq, görək, sabah necə olur.

- “Qrashopper”ə bu yaxınlarda transfer olundun, bu komandada artıq bir oyunda da meydana çıxmısan. Özünü burada necə hiss edirsən?
- Artıq iki həftədir ki, burdayam. Yaxşı məşqlərimiz oldu. Komandadakı futbolçuların da səviyyəsi yüksəkdir. Bura çox xoşuma gəlir və düşünürəm ki, futbolçu kimi səviyyəmi artıra bilərəm. Karyeramı daha da inkişaf etdirmək üçün “Qrashopper” yaxşı imkandır.

- Yeni komandanda əsas heyət oyunçusu olmaq şansların nə dərəcədədir? Rəqabət nə dərəcədə güclüdür?
- Əlbəttə, burda da rəqabət var. Lakin yaxşı oynayacam, qollar vuracam və əsas heyətdə yer alacam. Hər şey özümdən asılıdır. Özümü yaxşı tərəfdən göstərə bilsəm, “Qrashopper”in əsas hücumçusu olacam. “Luqano” ilə oyunda ikinci hissə başlayan kimi meydana daxil oldum. Bu məşqçinin mənə inandığını göstərir. İnanıram ki, hər şey daha yaxşı olacaq və qollarımı vuracam.

- Bu mövsüm “Qrashopper”in qarşısına hansı məqsədlər qoyulub?
- Bu il Top-4-də yer almaq istəyirik. Avrokuboklara vəsiqə qazanmaq barədə düşünürük. “Qrashopper” böyük tarixi olan, yaxşı struktura malik klubdur. Bunun üçün yaxşı oynamaq və qələbələr qazanmaq lazımdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar