“Daha güclü olacağıq” - “Sabah”ın bombardiri
Misli Premyer Liqasında mövsümə uğurlu start götürən “Sabah” geridə qalan 7 turda 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. Paytaxt klubunun çıxışında Coy-Lens Mikelsin rolu danılmazdır.
Almaniyalı vinger vurduğu 5 qolla komandasının ən məhsuldar oyunçusudur. 29 yaşlı Mikels Sports.az saytına müsahibəsində yeni mövsümü dəyərləndirib.
- Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”u çətinliklə üstələdiniz (3:1). Oyunu necə dəyərləndirərdiniz?
- “Turan Tovuz” çətin rəqibdir. Bunu bilirdik. Onların heyətində yaxşı futbolçular var. “Turan Tovuz”a oynamağa imkan vermək olmazdı. Şadam ki, bu görüşdən 3 xalla ayrılmağı bacardıq.
- Hesabda 2:0 öndə olduğunuz vaxt rəqib də azlıqda qaldı. Bunun fonunda belə çətin qələbə qazanmağınıza səbəb nə idi?
- Bəli, fasilədən sonra bir qədər çətinlik yaşadıq. Lakin bunun çox davam etdiyini düşünmürəm.
- Milli komandaların iştirakı ilə bağlı çempionatda bir həftəlik fasilə yarandı. Zədəlilərin sıraya dönməsi baxımından bu fasiləni sizin xeyrinizə saymaq olar?
- Zədəli futbolçularımız sıraya qayıdanda daha güclü olacağıq. Komanda yoldaşlarımı yenidən yaşıl meydanda görməkdən çox məmnun olaram. Fikrimcə, bu fasilə onların tam bərpa olunması üçün yaxşı fürsətdir.
- İlk 7 turda 16 xal topladınız. Sizcə, bunun davamını gətirə biləcəksiniz?
- Fikrimcə, çempionata yaxşı start verdik. İnanıram ki, birinci dövrənin son iki oyunundan da qələbə ilə ayrıla biləcəyik.
- “Qarabağ”a məğlubiyyət (3:4), yoxsa “Səbail”lə heç-heçə (0:0) sizi daha çox məyus etdi?
- İstənilən məğlubiyyət və ya xal itkisi üzücüdür. “Səbail”lə matçda çoxlu qol fürsətlərini qaçırdıq. “Qarabağ”la oyuna gəldikdə, son penaltidən öncə topun rəqib futbolçudan çıxdığı aşkar görünürdü. Lakin bu matçları artıq unudaraq, yalnız irəlidəki oyunlara köklənmişik.
- Bu mövsüm hücumda ciddi rəqabət olsa da, mövqeyinizi itirməmisiniz. Şəxsi performansınızı dəyərləndirsəniz, 5 qolu qənaətbəxş saymaq olar?
- Keçən mövsümün müvafiq dövrü ilə müqayisə etsək, qənaətbəxş saymaq olar. Ötən çempionatın startı mənim üçün çətin keçmişdi. Lakin bu mövsüm hər şey qaydasındadır.
- Hər bir hücumçu bombardir olmağı arzulayar. Komandanın uğuru ilə yanaşı, qarşınıza bu mövsüm konkret neçə qol vurmaqla bağlı hədəf qoymusunuzmu?
- Bombardir olmaq barədə düşünmürəm. Fikrimcə, əsas komandanın qələbəsidir. Əlbəttə, qol vurmaq həmişə xoşdur. Düzü, bəzən insanlar mənim “9 nömrə” yox, yarımmüdafiəçi olduğumu unudurlar. Sadəcə onu deyə bilərəm ki, vurduğum qollardan və verdiyim assistlərdən zövq alıram.
- Əsas rəqiblərinizin hamısı ilə oynamısınız. Medallar uğrunda mübarizədə şansınızı necə görürsünüz?
- İndi yalnız hər növbəti oyunumuza köklənməliyik. Bu il komanda daha yaxşı təsir bağışlayır. Mövsümün sonunda hansı nəticəni əldə edəcəyimizi mən də sizin kimi maraqla gözləyirəm.