“Komanda olaraq potensialımız böyükdür”

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sabah ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan millisi Polşa ilə qarşılaşacaq.

Sports.az xəbər verir ki, hazırlığını Bakı İdman Sarayında davam etdirən komandamız dünən tam heyətlə məşq edib.

Məşqdən sonra Tyaqo Bolinya federasiyanın rəsmi saytına müsahibə verib.

- Oyuna qədər cəmi bir məşq qaldı. Komandada vəziyyət necədir?
- Əvvəla yenidən burada olmaqdan, Azərbaycan millisinin formasını geyinməkdən məmnunam. Atmosfer çox yaxşıdır. Bütün heyət üzvləri məsuliyyətlə və ciddi hazırlaşır. İşləmək üçün vaxtımız azdır, amma rəqibi doğma meydanda qəbul edəcəyik. Ona görə də yaxşı oynamalı, zala təşrif buyuracaq, eləcə də televiziya qarşısında bizi izləyəcək azarkeşlərimizi sevindirməliyik.

- Baş məşqçini bir neçə futzalçının zədəli olması, bir qisminin isə məşqləri yeni bərpa etməsi narahat edir...
- Eduardo Borges və Ramiz Çovdarov komandamız üçün hər zaman vacib oyunçulardır. Amma səbəblər hər zaman olur. Bəli, özüm istirahətdə idim, cəmi iki həftədir məşqlərə başlamışam. Qalo və Fineo da həmçinin. Ancaq komanda olaraq potensialımız böyükdür, oyunçu yoldaşlarıma inanıram.

- Polşa yığmasının oyununu izləmisənmi?
- Braziliya ilə yoldaşlıq oyununu izləmişəm. Çox yaxşı oynadılar. Sloveniya və Portuqaliya ilə də görüşüblər. Güclüdürlər, fiziki cəhətdən hazırldırlar, meydanda çox hərəkət edirlər. Son iki Avropa çempionatında iştirak etmələri də inkişafda olduqlarını göstərir. Amma bizim komanda da təcrübəli futzalçılardan qurulub. Üstəlik, doğma meydanda oynayırıq. Ancaq qələbə haqda düşünürük.

- Federasiya prezidenti komanda ilə görüşdə nə dedi?
- Dedi ki, komandaya həmişəki kimi inanıram, çıxın mübarizə aparın və qarşıdakı 2 oyunda 6 xal qazanın.

- Klubda işlərin necə gedir?
- “Sportinq Paris” Fransa çempionudur və bu ay Çempionlar Liqasında iştirak edəcək. Komanda yoldaşlarımı yaxşı tanıyıram. Orada olmaqdan məmnunam. Qarşıya ciddi məqsədlər qoyulub. Xüsusilə də ÇL-da uğurlu çıxış etmək istəyirik. Maraqlıdır ki, qrupumuzda yer alan digər klubların heyətində milli komandadakı yoldaşlarım da var. Eduardo Borges və Rafael Vilela ilə bu dəfə rəqib kimi üz-üzə gələcəyik. Çox çətin olacaq. Ancaq heyətimiz güclənib, yaxşı qapıçı dəvət olunub, Fineo və daha bir braziliyalı oyunçu ilə anlaşıblar.

Qeyd edək ki, Azərbaycan - Polşa oyunu oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Giriş sərbəstdir. 
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar