“Qarabağ”ın Yunanıstanda qələbəsini bütün azərbaycanlılar arzulayır”

Yay fasiləsində “Şamaxı”dan “Qəbələ”yə keçən 32 yaşlı İlkin Qırtımov yenidən ikinci cavanlığını yaşayır. Bu mövsüm “qırmızı-qaralar”ın bütün oyunlarında müntəzəm iştirak edən futbolçu qısa müddətdə əyalət təmsilçisinin müdafiə xəttinin aparıcı simasına çevrilməyi bacarıb. 

Qırtımov Sports.az saytına müsahibəsində bu yüksəlişin səbəbini açıqlayıb. Azərbaycan millisinin sabiq üzvü eyni zamanda yığmanın hazırkı durumunu, “Qarabağ”ın Avropa Liqasındakı şanslarını da dəyərləndirib. 

- Premyer Liqanın 8-ci turunda “Səbail” üzərində qələbədə (2:1) həlledici rolu rəqibin azlıqda oynaması, yoxsa komandanızın mübarizliyi oynadı?
- Əlbəttə ki, qırmızı vərəqənin də köməyi oldu. Amma ona kimi də qol imkanlarımız vardı. Rəqibin azlıqda qalması isə bizə əlavə üstünlük qazandırdı. Ancaq çempionatda elə bir komanda yoxdur ki, oyunun gedişində onu məğlub edəcəyini hiss edəsən. Heç kim vuruşmadan xal vermir. 

- Birinci dövrənin sonuna bir tur qalmış 15 xalla 4-cü sırada qərarlaşmağınızı uğurlu nəticə saymaq olar?
- Daha yaxşı olmasını istəyərdik. Ardıcıl qələbələr qazanırdıq, sonradan məğlubiyyətlər gəldi. Həmin matçlardan da ən azı 1 xalla ayrılmaq istəyərdik. Amma buna da şükür. Qarşıda uzun marafon var, belə səhvlərə yol verməməyə çalışacağıq. 

- Ardıcıl üç turda “Sabah” (0:2), “Zirə” (1:2) və “Neftçi”yə (1:2) uduzdunuz. Hansı yenilgiyə daha çox üzüldünüz?
- Həm öz meydanımızda çıxış etdiyimiz, həm də hesabı açdığımız üçün “Neftçi”yə məğlubiyyəti deyərdim. “Zirə”yə qarşı da normal mübarizə apardıq, qol imkanlarımız var idi. Yenə öndə olduğumuz vaxtda heç nədən qollar buraxdıq. 

- Növbəti turda lider “Qarabağ”la qarşılaşacaqsınız. Rəqibin hələ də büdrəməməsi sizi qorxutmur?
- Çoxu düşünə bilər ki, “Qarabağ” Yunanıstandan yorğun gələcək, bu amil onlara problem yaradacaq. Amma bu komandanın birinci və ikinci heyəti yoxdur. Hamısı eyni səviyyədə futbolçulardır və özlərinə xas oyun üslubları var. Əl-qolumuzu yanımıza salaraq meydana çıxmayacağıq. Döyüşmək, xal və ya xallar qazanmağa çalışmaq lazımdır. 

- “Qarabağ” sizinlə matçdan əvvəl və sonra “Olimpiakos”la qarşılaşacaq. Bunu “Qəbələ” üçün şans saymırsınız?
- Öz aramızda deyirik ki, “Qarabağ” oradan yorğun gələ bilər. Ancaq onlar üçün fərqi yoxdur. Yorğun, istirahətdən və ya başqa yerdən gəlmələrinin heç bir əhəmiyyət kəsb etmir. “Qarabağ”ın ehtiyatındakı oyunçular da meydana çıxanda eyni sistem, temp davam edir. İstədikləri kimi rahat oynamaq imkanı verməməliyik. 

- Yeri gəlmişkən, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la bu gün keçirəcəyi səfər matçından nə gözləyirsiniz?
- İnşallah, “Qarabağ” qələbə qazanar. Öz komandamızdır, hər bir azərbaycanlı bunu arzulayır. Başqa düşüncə ola bilməz. “Olimpiakos” belə səviyyədə oyunlar çox görüb. Hər şeydən ehtiyat eləmək lazımdır. Rəqibin bu mövsüm hansı nəticəni göstərməsindən asılı olmayaraq, kifayət qədər təhlükəli oyunçuları var. Üstəlik, yeni baş məşqçi gəlib. Bu çox vaxt komandaya müsbət təsir göstərir. 

- “Simurq”dan sonra (2009-2015) ilk dəfədir ki, bölgə klubunda çıxış edirsiniz. Yenidən paytaxtdan kənara çıxmaq sizə çətinlik yaratmır?
- İnanın ki, bölgə komandasında oynamaq mənə daha rahatdır. Özümü rayonlarda daha rahat hiss edirəm. Üstəlik, Qəbələ doğulduğum Zaqatalaya daha yaxındır. Hərdən Qəbələdəki matçdan sonra Zaqatalaya gedə bilirəm. Burda rəhbərlik də, məşqçilər korpusu da, futbolçu heyəti də çox gözəldir. Buna görə heç bir problem olmur. 

- Mövsümün əvvəlində avrokubok matçında ölümdən döndünüz. Həmin hadisəni tam unuda bilmisiniz, yoxsa onun gətirdiyi psixoloji ağırlıq oyunlara çıxanda hələ də üzərinizdə qalır?
- Həmin hadisə artıq cavab oyununda unudulmuşdu. Qələbədən sonra, ümumiyyətlə, unutdum. Mərhələ keçə bilməsək də, qələbə həm ölkə reytinqinə xal gətirdi, həm də çempionata daha yüksək motivasiyada hazırlaşmağımıza kömək oldu. Oyunlara çıxanda heç bir qorxu olmur. Beynimdə həmin hadisə ilə əlaqədar heç bir travma qalmayıb. 

- Keçmiş klublarınızdan “Neftçi” yüksəlişdədirsə, “Zirə” qeyri-stabil görünür, “Şamaxı” isə autsayderdir. Bu komandaların çıxışına münasibətiniz necədir?
- “Şamaxı”da vəziyyət bizim vaxtımızdakından fərqlidir, indi daha çox gənclərə üstünlük verirlər. Cavid Hüseynov üçün də gənclərlə işləmək asan deyil. Əlbəttə, “Şamaxı”nın hazırkı durumu mənə pis təsir edir. Çünki bu klubda oynamışam, oranın çörəyini yemişəm. “Neftçi” son oyunlarda pis çıxış etmir. “Qarabağ”la qarşılaşmanın da birinci hissəsini yüksək səviyyədə keçirdilər. “Zirə” barədə isə heç nə danışmaq istəmirəm. 

- Niyə?
- Həmin vaxt komandadan ayrılandan sonra bildim ki, anlaşılmazlıq olub. Mənim barəmdə rəhbərliyə başqa şeylər demişdilər. Özümdən soruşsaydılar, düzünü deyərdim. Dərinə getmək istəmirəm, onlara uğurlar arzulayıram. Heç bir incikliyim yoxdur. Problem rəhbərliklə bağlı deyildi. Sadəcə, müqavilə ilə bağlı rəhbərliyə mənim haqqımda başqa sözlər çatdırmışdılar. 

- “Neftçi”də 2018-ci ildə cəmi 6 ay qalmağınız nə ilə əlaqədar idi?
- Ora məni öz oyun üslubuna görə Tərlan Əhmədov aparmışdı. Tərlan müəllim gedəndən sonra başqa kollektiv gəldi. Onlarla mənimki əvvəldən tutmadı. Ona görə də komandamı dəyişmək məsləhət olundu. 

- Dediniz ki, sizinki yeni məşqçi heyəti ilə tutmadı. Problem nədə idi?
- Ola bilsin ki, hansısa “oyunlar” getsin. Son vaxtlarda özümü rahat hiss eləmirdim, adamın ürəyi sıxılırdı. Ab-hava ağır idi, futboldan başqa hər şeydən danışılırdı. Azər Salahlı ilə, demək olar ki, hər gün danışıram. O deyir ki, indi hər şey əladır. Onlara da uğurlar arzulayıram. 

- Bu mövsüm “Qəbələ”nin bütün oyunlarında start heyətində yer almısınız və yalnız bir dəfə əvəzlənmisiniz. Düşünmürsünüz ki, bununla sizə güvənməyənlərə, siyahıdan silənlərə cavab vermiş olursunuz?
- Yenə də söhbətin əvvəlinə qayıtmalı oluram. Elə kollektivimiz, məşqçilərimiz var ki, meydana çıxanda beynimdə futboldan başqa heç bir fikir olmur, özümü yaxşı hiss edirəm. Kənar problemlər olmadığı üçün çox rahat oluram, ancaq futbola konsentrasiya oluram. “Qəbələ”də bu tip şeylər insanı daha böyük həvəslə oynamağa vadar edir. 

- Üçüncü pillədəki “Neftçi”dən cəmi 3 xal geri qalırsınız. Komandaları müqayisə etsək, “Qəbələ”nin turnir cədvəlində “Neftçi”ni qabaqlaması nə dərəcədə realdır?
- Mövsüm yeni başlayanda bəzi komandalar öz oyununu tapa bilmirdi, ehtiyat edirdi. Ancaq ikinci dövrədən etibarən daha çətin olacaq. Heç bir komanda hansısa oyunda rahat xal götürməyəcək. Biz də onların içində olacağıq. Döyüşməkdən başqa yolumuz yoxdur. 

- Ötən mövsüm olduğu kimi, yenə ilk “dördlük”də qalmaq potensialınız nə qədərdir?
- Düşünürəm ki, mövsümü ən azı ilk “dördlük”də bitirməliyik. Qismət olarsa, ondan da yuxarılarda qərarlaşmaq istəyərdik. 

- Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə imzalanan yeni müqaviləyə münasibətiniz necədir?
- Mən bu məşqçinin uğurlu bir işini görməmişəm. Heç bir “fontan” yaratmayıb, kimin qabında nə varsa, onu göstərir. Hansısa sistem də görünmür. Uşaqların qabında nə varsa, onun sayəsində nəsə edə bilirlər. Baş məşqçi futbolçuları “baltalamaqdansa”, onlara təşəkkür etsin. Son üç oyunda futbolçuların əzmkarlıqları sayəsində qazanılan qələbələr onun aktivinə yazıldı. Bizim özümüzdə də de byazilərdən var. 

- Növbəti seçmə mərhələ üçün hansısa perspektiv görünürmü?
- Futbolçular yaxşıdırlar, amma bu baş məşqçi ilə heç bir perspektiv görmürəm. Bilirsiniz, hamı keçmiş baş məşqçi Berti Foqtsu pisləyir. Klublarımız Türkiyədə təlim-məşq toplanışında olanda Foqts gəlib orada hamısının məşqlərini izləyirdi. De Byazinin harada olduğunu bilən yoxdur. Hansısa oyuna gəlir, birinci hissədən sonra çıxıb gedir. Arada klubların məşqlərinə get, bəlkə orada millidəki kimi məşq eləmirlər. De Byazi çox rahatdır. Onun yerinə kimi qoysan, bu şəkildə işləyə bilər. Ondansa elə yerli məşqçilərdən birini gətirsinlər də. Belə rahatlığı özümüzünkünə versinlər. Baxmaq lazımdır ki, milli üzvləri klublarının məşqlərində özlərini necə aparırlar, hansı səviyyədə hazırlaşırlar. 

- Canni de Byazinin son matçlara “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi çağırmamasını siz necə qarşıladınız?
- Qara sırf oyun baxımından kənarda qalmadı. Burada başqa söhbət var. Qara indiyə qədər “Qarabağ”da da, millidə də çıxış edib. Yəqin ki, şəxsi məsələdir. Səbəbini dəqiq bilmirəm. Amma futbolçu Azərbaycan millisinin üzvüdürsə və ölkəni təmsil edirsə, şəxsi münasibəti ora qatmamalısan. Azərbaycan millisinin Qaraya ehtiyacı var, çağırmalı və oynatmalısan. Şəxsi problemlərinizi başqa yerdə həll edə bilərsiniz.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar