Niyə Qurban Qurbanov yox, De Byazi? 

Rus şair Fyodor Tyutçev 1866-cı ildə yazdığı bir şeirlə ölkəsində əbədi iz qoymağı bacarıb. Şeirin mahiyyəti ondan ibarətdir ki, Rusiyanı ağılla anlamaq olmaz və bu ölkəyə yalnız inanmaq lazımdı. İndiyədək insanlar Rusiyanın qüsurlarını görəndə fikirlərini ironik formada bu şeirlə ifadə edirlər. 

156 il öncədən 20 gün öncəyə qayıdaq... Çünki həmin gün futbol üzrə milli komandamız tarixində ilk dəfə səfərdə ortabab rəqibə gəlib.

Slovakiya qitə futbolunun aparıcı ölkələrindən sayılmır. Düzdü, FİFA reytinqində bizdən xeyli öndədilər və ilk yüzlüyə düşə bilməyən millimiz onlara durbinlə baxır. Amma bütün reytinqlər, statistikalar şərti məsələlərdi.

Millimizin 20 gün öncə Slovakiyanı səfərdə udmasının da 3 səbəbi vardı: 

1) Həmin gün bizim oyun başlamamış Qazaxıstan Belarusdan 3 xal alıb, qrupda 1-ci yeri təmin edəndən sonra slovaklar tam həvəsdən düşmüşdü, bizimlə oyunun heç bir turnir motivasiyası qalmamışdı. 

2) Rəqib nə qədər motivasiyasız oynasa da, bəxtimiz də babat gətirdi. Şahruddinin qurtarışları, qapı tirinə və dirəyinə dəyən toplar dadımıza çatdı. 

3) Oyunun əsas vaxtına əlavə edilmiş son dəqiqədə iranlı legionerimizin vurduğu təsadüfi qolu da həmin gün qələbəmizi çox istəyən Allah yetirdi.

İranlı legioner demiş, ölkə büdcəsindən ayrılan milyonları 15 il öncə uzaqgörənliklə uşaq futbolumuzun inkişafına xərcləmiş AFFA-nın sayəsində slovaklarla oyunda start heyətində çıxan 11 futbolçumuzdan 9-u Azərbaycan futbolunun yetirməsi deyildi. Şahruddinlə Bədavi Dağıstanın, Höccət, dediyim kimi, İranın, Eddi İspaniyanın, Almeyda Braziliyanın, Renat Almaniyanın, Ozan Can Niderlandın, Ramillə Emin Rusiya futbolunun yetirmələridi. Sonradan oyuna daxil olan Aleksey İsayev də həmçinin. Ehtiyatda oturan Filip Ozobiçi Xorvatiya, Anton Krivotsyuk və Anatoli Nuriyevi isə Ukrayna futbolu yetişdirib. 
Almeydanın 33, Ozobiçlə Bədavinin 31, Eddi ilə Eminin 30 yaşı var. Höccət də fevralda 30 yaşını tamamlayacaq.

Bu, təkcə millidə bizim futbolun yetirməsi olmayan “ağsaqqallar”dı.
Yəni, bu futbolçuların karyerasını bitirəcəyi gün uzaqda deyil.
O zaman bizim üçün heç bir əhəmiyyət daşımayan oyunda gənclərə şans vermək olmazdımı? Millinin perspektivi üçün sözsüz ki, bu ən doğru addım idi.

Amma milli sanki kiminsə şəxsi biznes obyektidi, ağlı nə kəsir, edir, kimi istəyir, çağırır, kimi istəyir, oynadır. Arada da belə mənasız oyunlarda lazımsız qələbələr qazanıb, hər futbolçuya onminlərlə manat mükafat verirlər, böyük savab qazanırlar. Çünki bu futbolçular heç vaxt o qədər mükafat verəcək səviyyədə klubda çıxış edəcək potensialda deyillər. Mükafatın da hamısının oyunçulara getdiyini düşünmək sadəlövhlük olar. Bu haqda milli komandamızın keçmiş üzvü, daha bir dağıstanlı legioner Ruslan Qurbanov yaxınlarda mediaya ətraflı danışmışdı. O, İsraillə heç-heçəyə görə hər futbolçuya 60 min mükafat verildiyini, bu məbləğin bir hissəsini AFFA-da çalışanların və o zaman çıxış etdiyi "Sumqayıt"ın prezidenti Kamran Quliyevin (hazırda "Neftçi"nin prezidentidi) geri istədiklərini bildirmişdi. Kamran Quliyev Sports.az saytına klubunun futbolçusundan bu pulu ərk edərək istədiyini açıqlamışdı.

AFFA rəhbərliyi əvvəllər uduzulan oyunlara görə də futbolçulara mükafat verməklə dünyada bir ilkə imza atmışdı.

Odur ki, Slovakiya və Qazaxıstanla əhəmiyyətsiz oyunlarda ən azı qələbə qazanmağımıza sevinməliyik. Hər necə olsa, futbolçular da mükafatları udduqları üçün alıblar.

Amma görün bizim milli komanda dünya və Avropa çempionatlarının final mərhələsinə yüksəlsə, futbolçularımıza nə qədər mükafat verərlər?! Dünyanın ən böyük bayrağı bizdə olduğu kimi, ən böyük mükafatı ilə də tarixə düşərik.

Qazaxıstan demiş, bu ölkə Millətlər Liqasında Azərbaycanın da olduğu qrupda 1-ci yeri tutdu. Bizimlə sonuncu turdakı oyunun qazaxlar üçün heç bir əhəmiyyəti qalmamışdı. Buna görə də rəqibimiz ehtiyat qüvəssini sınadı. Milyonlar verib gətirdikləri italiyalı baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi komanda var gücünü, AFFA futbolçularımızı motivasiya üçün maksimum pul mükafatı qoydu ki, bu mənasız oyunlarda qazanılan qələbələrlə gözdən pərdə asıb, De Byazi ilə müqaviləni uzadıb, inkişaf nağılı ilə azarkeşləri bir seçmə mərhələlik də yuxuya versinlər. Halbuki, vaxtilə eyni nəticə göstərmiş Qurban Qurbanovu pambıqla baş kəsərək millidən yola saldılar. 

O Qurban Qurbanov ki, Avropada 10 ildi Azərbaycan futbolunun başını uca edir. İndi də heç vaxt ağlımıza gəlməyən uğurlar qazanır, Fransanın, İsveçrənin, Macarıstanın, Yunanıstanın başqa sanballı futbol ölkələrinin çempionlarına, köklü klublarına qan ağladır. 

Məntiqlə Azərbaycan milli komandasına başqa baş məşqçi axtarmağa da ehtiyac yox idi. Bu gün nə Qurbanov səviyyəsində Azərbaycanda baş məşqçi var, nə də xaricdən beləsini tapıb gətirəsidilər. Qurbanovu göndərib Yurçeviçi gətirən AFFA, De Byazi ilə müqaviləni uzatmaqla da təxminən eyni "şedevrə imza atdı".

AFFA-nın şeflərinin məntiqini başa düşmək çətindi. Fyodor Tyutçev dediyi kimi, ağılla anlamaq mümkünsüzdü.

Yalnız milli komanda kimi ölkənin şərəf rəmzlərindən olan bir dəyərin belə kimlərinsə şəxsi maraqlarına qurban verildiyini təxmin etmək olar. Təəssüf ki, bu maraq da milli komandamızın Avropa və dünya çempionatlarının final mərhələsinə yüksəlməsi, futbolumuzun inkişafı deyil...

AFFA-nın addımlarını, gördüyü işi ağılla anlamaq nə qədər çətindirsə, futbol federasiyasının Azərbaycan reallığına nə qədər qarışdığını görmək bir o qədər asandı. 

Nə deyək? Bazar olsun!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar