DÇ: Sərbəst güləşçilərdən 3 medal
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında sərbəst güləş üzrə yarış başa çatıb.
Sports.az xəbər verir ki, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında 7 güləşçiylə mundialda iştirak edən millinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) dünya çempionu olub. Zirəddin Bayramov (65 kq) isə gümüş medal qazanıb.
Komanda hesabında 100 xal toplayan yığmamız yalnız İran (159), ABŞ (132) və Hindistandan (112) geri qalıb. Ancaq medalların əyarına görə komandamız İran və ABŞ-dan sonra 3-cü yeri tutub.
Bu yarışda sərbəst güləş üzrə millimiz həm 4 illik qızıl medal həsrətinə son qoyub, həm də son 7 ildə ilk dəfə U-20 yaş qrupunda güləşin bu növündə iki dünya çempionumuz olub.