DÇ-nin son günündə 2 bürünc medal şansı
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona yaxınlaşır.
Sports.az xəbər verir ki, yarışın 6-cı günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabıyla məğlub olub.
Sədrəddin Həsənov (51 kq) türkiyəli Kahraman Eskiyə 4:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub - 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov sabah təsəlliverici görüşdə amerikalı Kristian Kasiltyo ilə qarşılaşacaq.
Camal Abbasov (60 kq) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal sabah bürünc medal uğrunda güləşəcək.
İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4 hesabıyla məğlub olub.
Səid Paşayev (92 kq) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib - 3:14.