Azərbaycan yığmaları dünya çempionatına hazırlaşır

Azərbaycanın güləş üzrə yığma komandaları sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlaşır.

Sports.az xəbər verir ki, sərbəst güləş üzrə milli avqustun 21-dən təlim-məşq toplanışına start verib.

Əsasən taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesində Çin, Estoniya, Gürcüstan, İsveçrə, İtaliya və Albaniya yığma komandaları da iştirak edir. Qarşıdakı günlərdə isə Fransa millisi bu toplanışa qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində keçirilən məşqlər sentyabrın 11-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə milli bu gündən təlim-məşq toplanışına start verib. Çinin müvafiq komandasıyla birgə baş tutan hazırlıq prosesi sentyabrın 7-də yekunlaşacaq. Bu yığma baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında DÇ-yə Olimpiya Güləş Mərkəzində hazırlaşır.

Qadınlardan ibarət milli bu gün paytaxtda son məşqini keçib. Belə ki, yığma komanda mundiala daha yaxşı hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. İstanbulun Sarıyer bölgəsində yerli komandayla birgə təşkil olunacaq təlim-məşq toplanışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edəcək. 29 avqustda start götürəcək toplanış sentyabrın 10-dək davam edəcək. Komanda Belqrada İstanbuldan yollanacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar