Azərbaycanın iki güləşçisi DÇ-nin finalında!
Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürüb.
Sports.az xəbər verir ki, yarışın ilk günündə 5 çəkidə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Səid Xəlilov (48 kq) amerikalı Kristian Kastilyo (4:2) və misirli Amr Elşaerə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Xəlilov finalın bir addımlığında hindistanlı Ronit Şarmayla bacarmayıb - 0:7. Səid bürünc medal uğrunda güləşəcək.
Fəraim Mustafayev (55 kq) 1/8 finalda misirli Hüseyn Hasaneynə (8:0), 1/4 finalda gürcüstanlı Saba Surmanidzeyə (tuşe), yarımfinalda isə türkiyəli Halil Çinara (11:0) vaxtından əvvəl qalib gələrək dünya çempionatının finalına yüksəlib. Mustafayev həlledici görüşdə hindistanlı Surac Suracla qarşılaşacaq.
Əli Əlizadə (65 kq) ilk mərhələdə macar Levente Levaya (2:0), 1/8 finalda finlandiyalı Oskari Talalaya (3:0), 1/4 finalda isə misirli Məhəmməd Elsayedə (5:1) gücünü göstərərək yarımfinala adlayıb. Ancaq bu mərhələdə iranlı Məhəmməd Pianiyə sonuncu xal prinsipinə əsasən məğlub olub - 1:1. Əlizadə bürünc medal üçün güləşəcək.
İsmayıl Rzayev (80 kq) polşalı Voyçieş İvanovski (5:0), macar Oliver Kovaç (4:1) və serbiyalı Branko Dukiç (7:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Rzayev iranlı Azərşabı vaxtından əvvəl (9:0) üstələyərək finala vəsiqə qazanıb. İsmayıl həlledici görüşdə türkiyəli Alperen Berberlə qarşılaşacaq.
Məzaim Mərdanov (110 kq) 1/8 finalda özbəkistanlı Rustam Sadikovu (10:1), 1/4 finalda isə avstriyalı Leonard Yungeri (5:2) məyus edib. Ancaq yarımfinalda türkiyəli Cemal Bakır keçilməz olub - 0:9. Mərdanov bürünc medal uğrunda mübarizə aparacaq.