Azərbaycanın iki cüdoçusu İtaliyada gümüş medal qazandı

İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turnirinə start verilib.

Sports.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxsa da, onlardan yalnız ikisinin çıxışı uğurlu alınıb.

60 kiloqram çəki dərəcəsində yarışan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Onun həlledici dueldəki rəqibi Salih Yıldız (Türkiyə) olub. Finalda uduzan idmançımız gümüş medalla kifayətlənib.

66 kiloqram çəki dərəcəsində yer alan Avropa çempionu Orxan Səfərov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. 31 yaşlı idmançı baş mükafat uğrunda Reda Sedduki (Fransa) ilə üz-üzə gəlib və məğlub olaraq gümüş medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü iki gümüş medalla başa vurublar.

Azərbaycan yığması bu turnirə 13 kişi cüdoçu ilə qatılıb. Turnirdə 35 ölkədən ümumilikdə 376 (228 kişi, 148 qadın) idmançı qüvvəsini sınayır. Yarışa sentyabrın 11-də yekun vurulacaq. Sonuncu gündə daha 8 cüdoçumuz mübarizə aparacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar