Eldəniz Əzizli və Ülvü Qənizadə dünya çempionatının finalında!

Bu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb.

Sports.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizə aparıb.

Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouriyə heç bir şans tanımayıb. Rəqibini 9:0 hesabıyla xalçadan məyus yola salan Əzizli 4 illik fasilədən sonra finala yüksəlib. Titullu güləşçimiz həlledici görüşdə son Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşacaq. 

İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabıyla qalib gələn güləşçimiz adını finala yazdırıb. Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gələcək.

Sənan Süleymanov (77 kq) ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.

Bu çəkilərdə medal görüşləri sentyabrın 11-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar