Azərbaycan güləşçilərindən Olimpiadaya daha 5 lisenziya!
Bu gün Azərbaycanın 5 sərbəst güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sports.az xəbər verir ki, ilk olaraq Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində Simone Piroddu (İtaliya) üzərində inamlı qələbə qazanıb - 11:0. Daha sonra Süleyman Atlıya (Türkiyə) qalib gələn (6:0) Rzazadə yarımfinalda Vladimir Eqorovu (Şimali Makedoniya) 4:3 hesabı ilə üstələyib.
Üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Xamzat Arsamerzuevə (Fransa) qalib gəlib - 5:2. O, daha sonra Nyurqun Skryabinı (AİN) 4:2 hesabı ilə üstələyib. Onun yarımfinaldakı rəqibi İslam Dudayev (Albaniya) olub. H.Əliyev albaniyalı rəqibini əzmkar qələbə ilə (6:3) məğlub edərək Paris-2024-ə lisenziya əldə edib.
74 kq-da Turan Bayramov 1/8 finalda Tobias Portmanı (İsveçrə) məğlub edib - 10:0. O, daha sonra Zurab Kaprayevi (Rumıniya) məğlub edib - 5:1. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan Frank Çamiso (İtaliya) ilə qarşılaşıb. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub. Beləliklə, Turan Bayramov da Paris-2024-ə lisenziya qazanıb.
86 kq-da Osman Nurməhəmmədov təsnifat mərhələsində Domantas Pauliçenkoya (Litva) 11:0 hesabı ilə qalib gəlib, sonra Samuel Şerrerə (İsveçrə) 5:0 və Maqomed Ramazanovu (Bolqarıstan) 6:2 hesabı ilə məğlub edib. Onun yarımfinaldakı rəqibi Vasili Mixaylov (Ukrayna) olub. O, 4:1 hesablı qələbə ilə Olimpiadaya lisenziya qazanıb.
125 kq-da Giorgi Meşvildişvili 1/4 finalda Abraham Konedoya (İtaliya) qalib gəlib - 10:0. O, yarımfinalda Alen Xubulova (Bolqarıstan) 7:0 hesabı ilə qalib gələrək Paris-2024-ə lisenziya qazanıb.
Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 yunan-Roma və 5 qadın güləşçisi mübarizəni dayandırıb.
Əlavə edək ki, Azərbaycan idmançıları Paris-2024-ə ümumilikdə 16 lisenziya qazanıblar.