Nəbiyev AÇ-də medal qazanan cüdoçularla görüşdü

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev gənclərdən ibarət millinin üzvləri, məşqçi və tibbi-dəstək heyətini qəbul edib.

Sports.az xəbər verir ki, ACF rəhbəri 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında əldə olunan nailiyyətə görə onları təbrik edib.

Nəbiyev komandanın fərdi yarışlarda qazandığı 3 qızıl, 1 gümüş və 1 bürünc medalı və kişilərdən ibarət yığmanın medal sıralamasında birinci yeri tutmasını yüksək nəticə kimi dəyərləndirib.

Federasiya prezidenti bildirib ki, Azərbaycan cüdo tarixində ilk dəfə gənclərin Avropa çempionatında qarışıq komanda yarışında bürünc medal əldə olunub. O, ilin əvvəlindən Azərbaycan millilərinin qatıldıqları bütün komanda yarışlarında medal qazanmalarının ölkədə cüdonun inkişaf səviyyəsinin önəmli göstəricisi olduğunu diqqətə çatdırıb.

Rəşad Nəbiyev bütün bu nəticələrin ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edildiyini söyləyib. ACF rəhbəri gənc cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar