AGF rəsmiləri Hərbi İnstitutda görüş keçiriblər
Azərbaycan Güləş Federasiyası (AGF) ölkədə güləşin kütləviləşməsi istiqamətində tədbirləri davam etdirir.
Sports.az xəbər verir ki, AGF 8 noyabr – Zəfər Günü ərəfəsində Heydər Əliyev adına Hərbi İnstitutun güləş zalını inventarla təmin edib.
Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri bu gün 1918-ci ildə əsası qoyulmuş Hərbi İnstitutda görüş keçirib. Tədbirdə Hərbi İnstitutun rektoru, polkovnik Ümidvar Quliyev, ali məktəbin Fiziki Hazırlıq və İdman Kafedrasının rəisi, polkovnik İrşad Seyidov, AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rövşən Bayramov və digər şəxslər iştirak edib.
Qeyd edilib ki, hazırda Hərbi İnstitutda 17 idman növü üzrə məşqlər keçirilir. Onların arasında güləş prioritet təşkil edir. Vurğulanıb ki, AGF-nin inventar dəstəyi bu ali məktəbin kursantları arasında güləşin daha da populyarlaşmasına və sevilməsinə təkan verir, eləcə də onların daha yüksək hazırlığa sahib olmasında müstəsna rol oynayır.
Qonaqlar daha sonra nümunəvi məşqi izləyib və güləş mütəxəssisləri kursantlara öz tövsiyələrini veriblər.