DÇ: Azərbaycanın 2 güləşçisi finalda!
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 2 üzvü mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. Məmmədli 1/8 finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb - 9:0. Nihat 1/4 finalda ukraynalı Vladislav Kuzkoya gücünü göstərərək (4:1) adını yarımfinala yazdırıb. Milli üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabıyla qalib gələrək finala adlayıb. Məmmədli həlledici görüşdə türkiyəli Kerem Kamalla qarşılaşacaq.
Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabıyla üstələyib. Qurbanov 1/8 finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. Qurban 1/4 finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevə 7:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gələcək.
Bu çəkilərdə medal qarşılaşmaları 19 oktyabrda Bakı vaxtı ilə 20:00-da başlayacaq.