Ruzanna dünya çempionu oldu, Elvina bürünc medal qazandı
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.
Elvina Kərimzadə (43 kq) ilk mərhələdə amerikalı Erika Pastorizaya məğlub olub. Ancaq rəqib finaladək irəlilədiyi üçün Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Elvina polşalı Dominika Konkelə 4:1 hesabıyla qalib gəlib. Güləşçimiz qazaxıstanlı Arina Abdullinanı isə "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.
Ruzanna Məmmədova (49 kq) əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib. Avropa çempionumuz 1/8 finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. Məmmədova növbəti mərhələdə türkiyəli Şevval Çayırı minimal fərqlə (3:2) üstələyib. Ruzanna yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gəlib. Finaladək bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Takeuçi həlledici görüşün ilk hissəsini 3:0 öndə başa vurub. Ancaq 2-ci hissədə əzmkarlıq nümayiş etdirən Ruzanna 5:3 hesablı qələbəylə dünya çempionu olub!
Günay Qurbanova (57 kq) təsnifat mərhələsində macarıstanlı Gerda Terekə 2:5 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanova təsəlliverici görüşdə hindistanlı Liza Tomarla qarşılaşıb və bu güləşçiyə də məğlub olub - 3:10.
Fatimə İsayeva (65 kq) debütdə türkiyəli Duyğu genə uduzub – 1:3.