“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçular mübarizəyə qoşulur
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürür.
Sports.az xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində mübarizə aparacaq.
60 kq-da Əhməd Yusifov 1/16 finaldan, Rövşən Əliyev isə 1/8 finaldan yarışa qoşulacaq. Yusifovun rəqibi almaniyalı Moritz Plafki olacaq. Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) – Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə qarşılaşacaq.
66 kq çəki dərəcəsində Azərbaycanın hər iki cüdoçusu 1/16 finaldan mübarizəyə start verəcək. Kamran Süleymanov estoniyalı Vilcar Lipard, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqerlə üz-üzə gələcək.
Martın 5-dək davam edəcək turnirdə Azərbaycanı ümumilikdə altı cüdoçu təmsil edir. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.