“Bu çəkidə debütüm olduğu üçün çətinliklə üzləşdim”
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanmış Elmir Əliyev bu uğuruna münasibət bildirib.
Sports.az xəbər verir ki, 60 kq-da yarışan güləşçimiz federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Yarışa tam hazır idim. Yaxşı təlim-məşq toplanışı keçmişdik. İlk rəqibim daha öncə bir dəfə qalib gəldiyim Türkiyə güləşçisiydi. Çox güclü rəqib idi. 6:5 hesabıyla qalib gəldim. Yarımfinalda Gürcüstan idmançısını 7:1 hesabıyla məğlub etdim. Finalda İsrail güləşçisiylə qarşılaşdım. Birgə təlim-məşq toplanışlarında çox olmuşuq. Ona görə də mənim güləş üslubumu yaxşı bilirdi. Buna baxmayaraq, ona da 5:3 hesabıyla qalib gələrək çempion oldum.
İlk dəfə Azərbaycan çempionatında 60 kq-da çıxış etdim. Beynəlxalq arenada da bu çəkidə debütüm oldu. Ona görə də çətinliklə üzləşdim. Çünki əvvəllər 55 kq-da güləşirdim. Şükürlər olsun, çətin olsa da, qələbə qazandım".