“Neftçi”də işləmərəm...” - Mübariz Xudiyev
“Neftçi”nin “qızıl” dönəmində rəhbərlikdə əməyi keçənlərdən biri də Mübariz Xudiyev idi.
2008-2016-cı illər aralığında klubda icraçı direktor vəzifəsini tutan Xudiyev diqqət mərkəzində olmağı sevməz, mətbuat nümayəndələri ilə ünsiyyətdən uzaq durardı.
Elə bu dəfə də onunla əlaqə saxladıqda israrla danışmaq istəmədiyini deyir, bunu xeyli vaxtdır futboldan kənar sahədə çalışması ilə əlaqələndirirdi.
Xeyli isrardan sonra onu danışmağa razı salmaq mümkün oldu. Söhbətimiz əsasən “Neftçi”nin ötən illərini əhatə etsə də, bu günə toxunmaya bilməzdik.
- 2016-cı ildə - Elnur Məmmədovun rəhbərliyi dövründə “Neftçi”dən ayrıldız.
- Elədir.
- Nə əcəb futbolda qalmadız?
- Başqa iş var idi deyə, diqqətimi ora yönəltdim.
- Azərbaycan futbolunu izləyirsiz, nəticələrlə maraqlanırsız?
- Desəm ki, futbolun içindəyəm, yalan olar. İmkan olanda televizorda baxıram. Amma ümumi mənzərə ilə tanışam, nəticələrlə maraqlanıram.
- Sirr deyilsə, hazırkı işiniz nə ilə bağlıdır?
- Şəxsi işlə məşğulam.
- Şəxsi biznes?
- Bəli-bəli.
- “Neftçi”dəki ötən illər üçün darıxırsız?
- Unudulmaz illər idi. Yaxşı və pis vaxtlar olub. Əsas odur xatirimdən çıxmayıb, hərdən söz düşəndə yada salır, danışırıq.
- Yaxşı nələri xatırlayırsız?
- Mehriban kollektivimiz var idi. Bir ailə kimiydik. Ən vacib də bu idi. Çətin günlərdən keçərək uğurlu nəticələrə imza atmışdıq. “Neftçi” o vaxt layiq olduğu yerdəydi. O illərdən kimlərsə klubdan uzaq düşüb, bəzi dostlarımızı da itirdik. Allah İlqar Quluzadə ilə Böyükağa Hacıyevə rəhmət eləsin.
- Çox adam dünyasını dəyişdi.
- Səmədağa Şıxlarov... Allah Səmədağa müəllimə də qəni-qəni rəhmət eləsin. O cür veteran futbolçumuzu son mənzilə layiqli şəkildə yola salmadılar... Heyf.
- Çempionluqlar, kuboklar, Avroliqanın qrup mərhələsi – nə idi qısa müddətdə gələn ardıcıl uğurların sirri?
- Klubda hər kəsdə dəhşət istək var idi. Gecə-gündüz bazada qalırdıq, bəzən evə getməyə vaxt tapmırdıq. Kollektivçilik var idi, hamı yumruğu bir yerə vururdu. Futbolçularımız da səviyyəli idi. Elə bir rəqabət var idi ki, orda uğurun olmaması mümkün deyildi.
- Hər şey pulla ölçülmür demək istəyirsiz.
- “Neftçi”də pul həmişə olub. O dönəmdə bizdən də imkanlı klublar var idi. Ad sadalamaq istəmirəm, özünüz yaxşı bilirsiz. Hamı pulu düşünsəydi, bəlkə uğurları əldə edə bilməyəcəkdik. 10-12 il əvvəl “Neftçi”də normal infrastruktur belə yox idi. Bazanın ərazisində kiçik ölçülü kələ-kötür meydançamız var idi, komanda orda məşq edirdi. Oyundan-oyuna İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna gedirdik. Avroliqanın qrupuna kələ-kötür, yararsız meydançada məşq edib düşmüşdük. Bildiyimə görə, indiki şərait yaxşıdır.
- O vaxt birlikdə çalışdığınız rəsmilərlə, məşqçi və futbolçularla əlaqəniz var?
- Məclisdə, xeyir-şərdə rastlaşırıq, danışırıq. Deyim ki, kimlərləsə mütəmadi görüşürəm, yox.
- Futbolda olduğunuz 8 ilə görə peşman deyilsiz?
- Xeyr, qətiyyən. Düzdür, çox stress keçirdik, ağır günlərimiz oldu. Sanki hər həftə imtahan verirsən. O dərəcədə çətin idi. Amma çox şey öyrəndim, istər futbolda, istərsə də həyat təcrübəsi olaraq.
- Hazırkı “Neftçi”ni izləyirsiz yəqin.
- Təbii ki.
- Ürəyiniz ağrıyır? Əsəb keçirirsiz?
- Komanda uduzanda adam əsəbləşir, bu, normaldır.
- “Neftçi” niyə bu vəziyyətdədir?
- Komandanın içində olmadığım üçün səbəbləri bilmirəm. İndi durub “günah filankəsdədir” deyə bilmərəm. Bəlkə də içəridə obyektiv və subyektiv elə şeylər var ki, heç kim bilmir. “Neftçi”də işləmək ağırdır, çox ağır.
- İdarəetmə sistemində olmusuz. Komanda nəticə vermirsə, günahkar kimdir, məsuliyyəti kim daşıyır?
- Uğursuzluğa görə məsuliyyəti hamı daşıyır. Rəhbərlik pisdir, futbolçular yaxşı və ya əksinə deyə bilmərik. Rəhbərlik ümumi vəziyyətə cavabdehlik daşıyır, məşqçi və futbolçular oynanılan futbola. Ona görə də daxildəki vəziyyətlə tanış olmadan kimisə ittiham etmək doğru deyil.
- İndiki “Neftçi”dən danışmalı olsaq?
- Dediyim kimi, işin içində deyiləm deyə, konkret ad çəkə bilməyəcəm. Məşqləri izləmirəm, daxildəki proseslərdən xəbərim yoxdur, oyunlara mütəmadi baxa bilmirəm. Ona görə də suala dəqiq cavab verə bilməyəcəm. İstənilən halda uğursuzluq varsa, hamı məsuliyyət daşıyır.
- Sizin dövrünüzdə az qala hər il məşqçi dəyişilmirdi, hər transfer dönəmində 8-10 futbolçu göndərib 8-10-u cəlb olunmurdu.
- Hər il məşqçi dəyişmək, heyəti yeniləmək normal bir şey deyil. Dəyişiklik olar, konkret hansı mövqedə problem varsa, orda. Nə deyim, vallah.
- “Neftçi”dən təklif olsa, qayıdıb işləyərsiz?
- (gülür) Yox-yox, “Neftçi” çox ağır yerdir.
- Sırf işin çətinliyinə görə?
- Əlbəttə.
- Yaxşı maaşdan da imtina edərsiz?
- Sağlamlığım hər şeydən vacibdir.