Qazi jurnalist: "Mənə BDU-nun Jurnalistika fakültəsində  iş təklif olunub" - MÜSAHİBƏ

Bu gün Azərbaycan mətbuatının 148 yaşı tamam olur. 1875-ci ilin 22 iyulunda milli mətbuatımızın banisi Həsən bəy Zərdabi tərəfindən təsis olunan "Əkinçi" qəzeti ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Ölkəmiz müstəqilliyinə qovuşduğu ildən bu yana Azərbaycanda mətbuat günü-gündən inkişaf etdi, dirçəldi. Bu gün əminliklə demək olar ki, Azərbaycan mətbuatı ictimai fikrə təsir edən əsas qüvvədir. 

Milli mətbuatımız hər zaman öndə getməyi bacarıb və bu gün də bacarmaqdadır. Azərbaycanın ən çətin dönəmlərində, xüsusən 1-ci Qarabağ müharibəsi dövründə neçə-neçə telejurnalist, operator, yazılı mətbuat nümayəndəsi döyüş bölgələrinə ezam olundu, ən qaynar nöqtələrdə canları bahasına olsa belə, xalqa informasiya çatdırmağa çalışdılar. Aralarında Azərbaycanın Milli Qəhrəmanı adına qədər ucalanları da oldu. Çingiz Mustafayev, Alı Mustafayev, Salatın Əsgərova kimi dövrün tanınmış simaları öz fəaliyyətlərini yerinə yetirərkən şəhidlik məqamına yüksəldilər. 

İllər ötdü, işğalla barışmayan müstəqil Azərbaycan düşmən tapdağında olan torpaqlarını 44 gün ərzində yağılardan təmizlədi, bayrağımız Qarabağın digər bölgələri ilə yanaşı, əzəmətli Şuşa Qalasına sancıldı. İkinci Qarabağ müharibəsində qələmini silaha dəyişərək döyüş bölgəsinə yollanan həmkarlarımız da oldu. Tarixi zəfərimizin qazanılmasında pay sahibi olanlardan biri də idman jurnalisti Daşqın Əzizdir. Gənc həmkarımız 44 günlük müharibənin ilk günlərindən cəbhəyə çağrılıb. Noyabr ayının 8-i, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması barədə müjdəni xalqa çatdırdığı gün Şuşa-Xankəndi yolunda gedən qızğın döyüşlərdə yaralanıb. 

Milli mətbuatımızın özəl günündə idman jurnalistikamızın qəhrəmanlarından olan Daşqın Əzizlə söhbətləşdik. 

- İdman mediasında tanınırsınız. İstəyirəm oxucular üçün də özünüz haqda məlumat verəsiniz.
- 1995-ci ildə Şəki rayonunda anadan olmuşam. 5-ci sinfə qədər Oraban kənd tam orta məktəbində təhsil almışam. 2005-ci ildə ailəmlə birgə Xırdalan şəhərinə köçmüşəm. Orta təhsilimi də elə Xırdalan şəhər 2 saylı tam orta məktəbdə başa vurmuşam. 2012-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş, Jurnalistika fakültəsində əyani təhsil almışam. Elə ilk kursdan idman mətbuatında işləməyə başlamışam. Müxtəlif idman saytlarında çalışmışam. Bakalavr təhsilini yekunlaşdırdıqdan sonra hərbi xidmətə yollanmışam. Geri döndükdən sonra da həmin sahədə fəaliyyətimi davam etdirirəm. 

- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi hər il mətbuata yeni, gənc istedadlar bəxş edir. Hazırda bu təhsil ocağı ilə əlaqələriniz qalır? Keçmiş müəllimlərinizlə danışırsınız?
- Bəli. Jurnalistika fakültəsi bizlərə xeyli dəyərli insan qazandırıb ki, onların arasında bizə bu sahənin sirlərini öyrədən müəllimləri xüsusi qeyd etmək lazımdır. Tez-tez Bakı Dövlət Universitetində keçirilən tədbirlərə dəvət alıram. Bu gün də diqqətlərini əsirgəmirlər. Hətta yaxınlarda müəllimlərim tərəfindən mənə doğma fakültəmizdə çalışmaq təklifi də olunub. Bu, mənim üçün çox xoş olardı. 

- Jurnalistikaya marağınız necə yarandı? Necə oldu ki, bu sahəyə gəlməyə qərar verdiniz?
- Uşaqlıqdan mətbuata, əsasən də idman mediasına marağım vardı. Mərhum Elnur Əşrəfoğlu, ən sevilən şərhçilərdən Altay Əliyevin şərhlərini izləyərkən məndə bu sahəyə maraq yaranmışdı. Bu səbəbdən qarşıma məqsəd qoydum və jurnalistika sahəsində təhsil almaq üçün gecə-gündüz çalışdım. Yekunda istəyimə çatdım. Düzdür, hazırda özümə peşəkar jurnalist deyə bilmərəm, amma ən azından bu sahənin sirlərinə yiyələndiyim üçün şadam. Sevdiyin sahədəsənsə, hər gün artırmalısan. Bu sahənin peşəkarı olmaq üçün hələ illərlə çalışmaq lazımdır. 

- Həm də media nümayəndəsi kimi 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısı oldunuz, yaralandınız...
- Bəli. Bu, hər bir müharibə iştirakçısı üçün qürur mənbəyidir. 30 ildir həsrətini çəkdiyimiz torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etmək mənə də nəsib oldu. Buna görə çox şadam. Qələbənin qazanılmasında az da olsa pay sahibisənsə, özünü xoşbəxt saya bilərsən. 

- Döyüş yolunuz haqda danışardınız...
- Müharibənin başlamasından iki gün sonra Prezident İlham Əliyevin qismən səfərbərlik haqda sərəncamı ilə Azərbaycan ordusununa cəlb olundum. İlk olaraq hərbi təlimlərə qatıldıq. Oktyabr ayının 27-də isə döyüş bölgəsinə yollandıq. Əvvəlcə Füzuli rayonunun işğaldan azad edilən kəndlərində patrul xidmətinin təşkil olunmasında iştirak etdik. Noyabrın 6-da isə oradan Şuşa istiqamətinə yollandıq. Şuşaya çatanda artıq şəhər düşmən işğalından azad edilmişdi. Bizim tapşırığımız isə şəhərətrafı ərazilərdə düşmən hücumlarının dəf edilməsi idi. Çünki ermənilər Xankəndidən canlı qüvvə və xeyli texnika ilə yenidən Şuşaya həmlə etməyə cəhd göstərirdi. Noyabrın ayının 8-i, günorta saatlarında Şuşa-Xankəndi yolunda açıq döyüşə girdik. Düşmənlə, bəlkə də, 30 metrə qədər yaxın məsafədən vuruşurduq. Çox ağır döyüş oldu. Ətraf bir anda qan gölünə döndü. Xeyli şəhid və yaralı verdik. Özüm də yaralılardan birinə yardım edərkən odlu silahla vuruldum. Daha sonra təxliyyə olunaraq Şuşa Qalasına, oradan isə indiki "Xarıbülbül" otelinə yerləşdirildim. Günyarım sonra isə müharibə bitdi və müalicə üçün Bakıya göndərildim. Soyuq başla düşünəndə insan fərəhlənir. Döyüş vaxtı Xankəndi şəhəri sanki ayağımın altında idi. Şəhər elə bil adamın üstünə gəlirdi. Xankəndinin cəmi bir kilometrliyində mövqe tutmuşduq. 1-ci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəmanımız Albert Aqarunovun 1992-ci ildə vurduğu erməni tankının maket kimi qoyulduğu abidənin yanından keçib, Xankəndi istiqamətində irəliləyirdik. Başqa hisslər idi... 

- Futbolla müharibəni müqayisə etsək, hansı oxşarlıqları misal çəkə bilərsiniz?
- Hər ikisində hücum və müdafiə var (gülür). Azərbaycan ordusu hücuma keçən tərəf idi deyə, bizim üçün çox çətin oldu. Amma əzmkarlıq, dəyanət nümayiş etdirərək istəyimizə çatdıq. 44 günü hissələrə bənzətsək, elə ilk yarıdaca məsələni həll etdik. 

- Bu gün səhhətinizdə hər hansı problem yoxdur? Özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi diqqətdən razısınızmı?
- Məndə güllə yarası idi, o da ciddi xəsarət yetirməmişdi deyə, tez sağaldım. Partlayışlar sonrası yaranan travma ilə bağlı isə ildə bir neçə dəfə müalicə alıram. ƏƏSMN tək mənimlə yox, müharibədə iştirak edən digər jurnalistlərlə bir il öncə qurumun inzibati binasında görüş keçirmişdi. Nazir Sahil Babayev bizə təşəkkürnamə təqdim etmişdi. Ara-sıra nazirliyin şəhər və rayonlar üzrə nümayəndələri zəng edərək, sağlamlıq durumumla maraqlanırlar. 

- Media nümayəndəsi olduğun üçün Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi tərəfindən də dəfələrlə tədbirlərə dəvət olunmusunuz...
- Bəli. Müharibənin bitməsindən dörd gün keçmişdi. Bakıdakı məşhur "Papanin" hərbi hospitalında müalicə alırdım. Həmin vaxt Mətbuat Şurasının sabiq sədri Əflatun Amaşov şəxsən ora gələrək mənimlə görüşdü və müəyyən məbləğdə pul verdi. Bu jesti müharibədə olan digər həmkarlar üçün də etmişdi. Daha sonra MŞ-də müharibədə iştirak edən jurnalistlərlə görüş keçirilmiş və bizə "Qələmdən süngüyə" mükafatı verilmişdi. Bütün bunlara görə Əflatun müəllimə təşəkkür edirəm. Mətbuat Şurasının yeni sədri Rəşad Məcidin dəvəti ilə də 2-ci Qarabağ müharibəsində iştirak edən media nümayəndələri ilə görüşlər keçirilib, onların tələb və təklifləri dinlənilib. Medianın İnkişafı Agentliyi tərəfindən də quruma dəvət olunmuşam. Bizimlə müharibə xatirələrinə aid videomüsahibələr hazırlanmışdı. Ümumiyyətlə, mətbuat camiəsində müharibədə iştirak edən jurnalistlərə göstərilən diqqəti xüsusi vurğulamaq lazımdır. Bunu deməsək, günah olar. Mən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyini də qeyd etmək istərdim. Hər iki qurumda çalışan dəyərli həmkarlarımız idman mətbuatından müharibədə iştirak edən jurnalistləri daim diqqətdə saxlayırlar.

Röya Kərimli

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar